Məhkəmə qərarları › İş №2-1(106)-264/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-264/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-264/2022 29.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (direktor) X2, onun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X6, üçüncü şəxslr Sabirabad rayonu, Muğan Gəncəli bələdiyyəsinin sədri X5 və Sabirabad rayonu, Güdəcühür bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-1(120)-1096/2022 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə 1555 hektar torpaq sahəsi İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı kiçik müəssisəsinin adına JN seriyalı 0367 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Sabirabad rayon İHB-nin 08 nömrəli 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmiş islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinin Muğan Gəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılacaq «Muğan» adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 nömrəli müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə rayonun Muğan Gəncəli və Güdəcühur kənd icra nümayəndəliyinin Bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair İddiaçı kiçik müəssisəsinə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı kiçik müəssisəsinin adına JN: 0367, kod 90918018 nömrəli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçiliklə məşğul olunmuşdur. Lakin, Sabirabad rayon İHB-nin 08 nömrəli, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Sabirabad rayon İHB-nin 08 nömrəli, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur. Buna görə də həmin sərəncam ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı ilə (hakim Samir Həsənov) İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat Muğan Gəncəli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubu (ərizəsi) əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Həmin ərizə (məktub) verilərkən həmin ərizənin məzmununda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin məktubda və daha sonra mübahisəli sərəncamda göstərilən dəlillərlə bağlı iddiaçının nümayəndəsi çağrılaraq dinlənilməmiş, iddiaçıdan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmiş və həmin ərizə əsasında qəbul edilmiş inzibati akt vaxtında ona təqdim edilməmişdir. Məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli sərəncamda əks olunan dəlilləri təsdiq edən hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, mübahiəli sərəncam onunla əsaslandırılmışdır ki, iddiaçı ilə torpaq mülkiyyətçisi (bələdiyyə) arasında müqavilə bağlanılmamış və iddiaçı həmin torpaqdan istifadə etməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın bu dəlilləri ilə razılaşmayaq aşağıdakıları qeyd etnəyi zəruri hesab edir. Belə ki, Samir-3” kiçik müəssisəsinin daimi istifadəsinə 1555 hektar orüş sahəsinin verilməsi ilə bağlı Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının məzmunuda yalnız sözügedən torpaq sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi barədə qeydlər aparılmış və həmin sərəncamda iddiaçının gələcəkdə torpaq mülkiyyətçisi (bələdiyyə) ilə müqavilə bağlamaq kimi öhdəliyinin olması nəzərdə tutulmamışdır. Həmçinin, qüvvədə olan hansı hüquq normalarına görə iddiaçının belə bir vəzifəsinin olması da mübahisəli sərəncamda əsaslandırılmamışdır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən iddiaçının torpaqdan istifadə etməməsi ilə bağlı mübahisəli sərəncamda göstərdiyi dəlillərə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iş materialında olan sənədlərdən (xx.xx.1998-ci il tarixli 236 nömrəli və xx.xx.2000-ci il tarixli 84 nömrəli sərəncamlar, Salyan rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.1998ci il tarixli aktından, inventarizasiya və təhvil-təslim aktlarından) müəyyən olunur ki, iddiaçı torpaqdan təyinatı üzrə istifadə etmək üçün Kür çayından başlayaraq müəssisəyə (iddiaçıya) məxsus əraziyədək su kəməri çəkilmiş və nasos-stansiyası tikilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı fasiləsiz və davamlı olaraq Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir və bunun üçün kifayət qədər əsaslı işlər görmüşdür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyəsinin fondunda saxlanılacaq ərazidən İddiaçı KM-nin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı əsasında İddiaçı KM-nin istifadəsinə verilən 1555 ha torpaq sahəsi gələcəkdə yaradılması nəzərdə tutulan bələdiyyə mülkiyyətinə aid torpaqlar idi. Bələdiyyələr fəaliyyətə başlayandan sonra 1555 ha torpaq sahəsinin 623 ha hissəsi Sabirabad rayonu, Güdəcühür bələdiyyəsinə, 932 ha hissəsi ilə Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin mülkiyyətinə verilmiş və ehtiyat fonduna daxil örüş təyinatlı torpaqlardır. İddiaçı MMC tərəfindən hal-hazıra kimi Torpaq icarəsi haqqında Qanunun 15-ci maddəsinə əsasən, bələdiyyələrlə heç bir icarə müqaviləsi bağlanmamışdır. Torpaq icarəsi haqqında Qanunun 15-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüquqlarının başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsinə əsas ola bilməz. Bələdiyyə yaranandan sonra bələdiyyə ilə eyni şərtlərlə müqavilə bağlanması tələb olunurdu. Müqavilə bağlanmamış və 22 ildir ki, heç bir icarə haqqı ödənilməmişdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. İddiaçı MMCnin qeyd olunan bələdiyyələrin torpaqlarından istifadəsi qanunsuzdur. İcarə müqavilələri yoxdur, icarə haqqı ödənilməmişdir. Bələdiyyələr tərəfindən həmin torpaqlar müxtəlif icarəçilərə örüş məqsədi ilə icarəyə verilmiş, hərrac və müsabiqə yolu ilə icarə müqavilələri bağlanaraq dövlət qeydiyyatına alınmış və şahədətnamələr verilmişdir. Həmin torpaqlar hazırda da qanuni icarəçilərin istifadəsindədir. İddiaçı MMC-nin bu torpaqlardan xəbəri yoxdur ki, kimə icarəyə verilib, kim istifadə edir və.s. Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı formal xarakter daşıyırdı. Güdəcühür və Muğan Gəncəli bələdiyyəsinin müraciəti əsasında Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncam qəbul edilmiş və formal xarakter daşıyan xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədə olan Torpaq Məcəlləsi, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunda və digər qanunlarda bələdiyyə torpaqlarının istifadəyə verilməsi anlayışı yoxdur. Bələdiyyə torpaqları özgəninkiləşdirilə bilər və ya icarəyə verilə bilər. Göstərilənlərə əsasən, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2- 1(120)-1096/2022 nömrəli qərarının ləğv edilərıək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi (direktor) X4 və onun vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üşüncü şəxs Sabirabad rayonu, Güdəcühür bələdiyyəsinin sədri X3 və Sabirabad rayonu, Muğan Gəncəli bələdiyyəsinin sədri X8 Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin trəmin edilməsini və Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: «İnzibati iсraat haqqında» Azərbaycan Respublikasının Qanunu; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Maddə 25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Maddə 36. İnzibati icraatda iştirakçılar 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.2. Barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər; 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 51.2. Bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi; Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 3.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı kiçik müəssisəsi xx.xx.1991-ci il tarixdə ********** nömrə ilə Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materialında olan İddiaçı kiçik müəssisəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli ərizədən görünür ki, Samir-3” kiçik müəssisəsi əlavə 2.000 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materialında olan Sabirabad rayon Muğan Gəncəli kənd icra nümayəndəsinin Cavabdeh Başçısına ünvanladığı xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətdən görünür ki, İddiaçı kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinə müraciət edərək, bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materialında olan Sabirabad rayon torpaq şöbəsinin Cavabdehnə ünvanladığı xx.xx.1999-cu il tarixli, 475 nömrəli arayışından görünür ki, İddiaçı kiçik müəssisəsi Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan yerdən 1555 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İş materialında olan Sabirabad rayon Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli aktından görünür ki, Muğangəncəli kənd icra nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 21 nömrəli vəsatətinə əsasən İddiaçı kiçik müəssisəsinə torpaq sahəsi ayrılmış, ayrılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan örüş yerindən 1555 hektardır və hamışı örüşdür. İş materialında olan Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, İddiaçı kiçik müəssisəsinin Muğangəncəli və Güdəcühür kənd icra nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan “Muğan” adlanan ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 nömrəli müraciətinin nəzərə alınması və 1555 hektar orüş sahəsinin İddiaçı kiçik müəssisəsinin daimi istifadəsinə verilməsi qərara alınmış, həmçinin torpaq sahəsinin plan çizgisi tərtib olunmuşdur. İş materialında olan Cavabdeh Başçısının 10 mart 2000-ci il tarixli, 12 nömrəli sərəncamından görünür ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə Muğan Gəncəli və Güdəcühür kəndlərinin bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən daimi istifadəsinə verilmiş 1555 hektar örüş sahəsində su kəmərinin çəkilməsi və kollektor drenaj şəbəkəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materialında olan Muğan Gəncəli bələdiyyəsinin Sabirabad rayon İcra Hakimyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubunda qeyd olunur ki, Cavabdeh Başçısının 15 oktyabr 1999-cu il tarixli 112 nömrəli sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə islahat nəticəsində Muğan Gəncəli bələdiyyəsinin mülkiyyətində saxlanılan nümayəndəliyin «Muğan» adlanan ərazidən 932 hektar torpaq sahəsinin daimi istifadəsinə verilməsi barədə sərəncamı olmuşdur. Mövcud qanunveriliciyə uyğun olaraq bələdiyyə fəaliyyətə başladıqdan sonra İddiaçı müəssisəsi rəsmi olaraq keçmiş Salmanlı bələdiyyəsi ilə (birləşdikdən sonra Muğan Gəncəli bələdiyyəsi) müqavilə bağlamalı və təyinatı üzrə torpaqdan istifadə etməli idi. Lakin müəssisənin iddiası əsasında Şirvan İnzibati Məhkəməsi tərəfindən edilmiş sorğu ilə bağlı aparılmış araşdırmadan məlum olmuşdur ki, müəssisə ilə keçmiş Salmanlı bələdiyyəsi arasında bağlanılmış müqavilədə əksini tapmış tarix və qərarın nömrəsi protokol kitabında əksini tapmamışdır. Bağlanılmış müqavilə də «Torpaq Məcəlləsi»nə zidd olmuşdur. Hazırda İddiaçı kiçik müəssisəsi sözügedən torpaq sahəsinin istifadəsinə qaytarılması barədə bələdiyyəyə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış və ilkin məhkəmə prosesi keçirilmişdir. Məhkəmənin gedişində rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının ləğv edilməsi səslənmiş və zərurəti yaranmışdır. Bələdiyyəyə qarşı qaldırılmış iddianın əsassız sayılması məqsədilə, eləcədə yuxanda qeyd edilənləri nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 15 oktyabr 1999-cu il tarixli 112 nömrəli sərəncamın ləğv edilməsi üçün müvafiq tapşırıq verilməsini xahiş edirik. İş materialında olan Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamından görünür ki, Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı kiçik müəssisəsinin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mahiyyət etibarı ilə əsaslı deyil. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamı qanuna zidddir və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş materialları ilə mübahisələndirilən qərarın qəbulu zamanı «İnzibati iсraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunması müəyyən olunmur. Belə ki, Cavabdeh Başçısının 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamı ilə bağlı inzibati icraat aparması, icraatla bağlı iddiaçını məlumatlandırması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmasına dair məhkəməyə sübut təqdim etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin Cavabdeh Başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı əsasında İddiaçı KM-nin istifadəsinə verilən 1555 ha torpaq sahəsinin gələcəkdə yaradılması nəzərdə tutulan bələdiyyə mülkiyyətinə aid torpaqlar olmasına dair dəlilinin qanuni əsası olmadığından, həmin dəlildən irəli gələn bələdiyyələrlə icarə müqaviləsinin bağlanmaması, icarə haqqının ödənilməməsi, bələdiyyələr tərəfindən həmin torpaqların müxtəlif icarəçilərin istifadəsinə verilməsi barədə dəlilləri də əsassızdır. Bundan əlavə, cavabdeh inzibati orqan mübahisələndirilən sərəncamda qeyd etdiyi dəlillərə - iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin hazırda müvafiq bələdiyyələrin mülkiyyətində olması barədə, həmin torpaqların müxtəlif icarəçilərə örüş məqsədi ilə icarəyə verilməsi, hərrac və müsabiqə yolu ilə icarə müqavilələri bağlanaraq dövlət qeydiyyatına alınması, şahədətnamələr verilməsini qeyd etsə də iddiaçıya xx.xx.1999cu il tarixli, 112 nömrəli sərəncamla ayrılmış torpaq sahəsi ilə qeyd olunan müxtəlif icarəçilərə icarəyə verilmiş torpaq sahəsi ilə eyni torpaq sahəsi olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh inzibati orqan 24 yanvar 2022-ci il tarixli, 08 nömrəli sərəncamı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun müddəalarına əməl etmədiyindən, qəbul etdiyi inzibati aktı ləğv etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 87.6-cı, 90.1-ci, 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 nömrəli qərarı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar