Məhkəmə qərarları › İş №2-1(106)-264/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-264/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-264/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Əsədov İlham Qoşunəli oğlu oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-326/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 04 dekabr 2024-cü il tarixli, 2- 1(120)-326/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, mübahisəli dövr kimi hesab edilən 17 noyabr 1979-cu ildən 01 oktyabr 2005-ci il tarixlərlə bağlı İddiaçı iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid edilməsi nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu səbəbdən iddiaçının ödənişsiz məzuniyyətdə olması dövrünün (6 ay istisna olmaqla) onun ümumi sığorta stajına daxil edilməsi qanunvericilin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddiaçının 2002-ci il üzrə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 06 ayı ümumi iş stajına əlavə edilməlidir. Eləcə də, iddiaçı tərəfindən iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək və mart 1999-cu ildən 2005-ci ilədək işləməsini və əmək haqqı almasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və araşdırma nəticəsində müəyyən edilməmişdir. Buna qarşılıq məhkəmə sorğusu nəticəsində müəssisənin həmin dövrdə fəaliyyətdə olduğu, işləyən işçilərlə bağlı müvafiq məcburi dövlət sosial sığorta xərcləinin ödənildiyi və həmin işçilərin qeyd edilən dövrdə əmək haqqı aldıqları müəyyən edilir. İddiaçıya münasibətdə isə müəssisə tərəfindən təqdim edilən sənədlərə əsasən əmək haqqı almadığı və ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilir. Belə olan halda isə iddiaçının əmək haqqı aldığı dövrlər yəni 20 il 05 ay 23 gün mübahisələndirilməyən iş stajı, iyun 1995-ci ildən oktyabr 1997-ci ilədək məzuniyyət dövrü üzrə 06 ay və mart 1999cu ildən 2005-ci ilədək ödənişsiz məzuniyyət dövrü üzrə 06 ay topnadıqda ümumi iş stafının 25 ildən az olduğu müəyyən edilir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-1979-cu illərdə isə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqda sonra 1979-cu ilin sentyabr ayında əmək fəaliyyyətinə başlamaqla xx.xx.2009-cu ilədək işləmiş, 20 noyabr 2015-ci ildə ona pensiya təyin edilmişdir. Sonradan pensiyanın artırılması barədə cavabdehə müraciət edərək, əmək haqqı barədə müəyyən sənədlər təqdim etsə də, pensiyanıın yenidən hesablanacağı barədə ona əvvəlcə məktub ünvanlanmış, sonra isə əsassız olaraq 16788,02 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin ona dair xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışında ona 1979- 2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətə əmək haqqı ödənişinin olmadığı qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan 10 il 11 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun tələb olunan ümumi iş stajı 25 ildən az (20 il 5 ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16788,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin yeganə dəlili birinci instansiya məhkəməsinin iş üzrə geniş və hərtərəfli araşdırma aparmaması ilə bağlıdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərardan şikayət vermə müddəti üzrə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, hazırki iddia isə birinci instansiya məhkəməsinə təqdim edilməsi üçün poçt xidmətinə xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmçinin həmin qərarın iddiaçıya rəsmi qaydada təqdim edilməsi (göndərilməsi) barədə cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, sözügedən qərar məhkəmə araşdırması zamanı, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək, həmin qərarı mübahisələndirmişdir. Odur ki, qeyd olunan qərardan şikayət verilmə müddəti ilə bağlı mümüknlük şərtləri pozulmamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və proseduralara riayyət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu iddiaçının özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2016-ci ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (7 il) keçdikdən sonra yenidən təftiş edərək, ləğv etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddiaçıya 1979-2009-cu illər üzrə ümumilikdə 10 il 11 ay müddətində əmək haqqı ödənilməməsi barədə məlumatı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 36-02/g nömrəli arayışından əldə etməsini qeyd etsə də, iddiaçıya pensiya təyinatı aparılması barədə sənədlər toplusundan görünür ki, pensiya təyinatı məhz "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixli 115-q nömrəli arayışı əsasında aparılmış, həmçinin həmin arayışda qeyd olunan məlumatların doğruluğu cavabdehin əməkdaşları tərəfindən yerində araşdırılmış və xx.xx.2016-cı il tarixli müvafiq akt tərtib edilmişdir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-326/2024 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı ləğv edilsin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar