Məhkəmə qərarları › İş №2-1(106)-265/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-265/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-265/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyeva Nərmin Ramiz qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(120)-3904/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin etibarsız hesab olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona təyin edilmiş ikinci dərəcəli etibarsız hesab olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 06 dekabr 2023-cü il tarixli, 2- 1(120)-3904/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normarı şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbulu səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etsə də, əlilliyin qiymətləndirilməsi üzrə ayrıca qayda müəyyənləşdirərək bu icraatın gedişini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir. Hazırki iş üzrə qeyd edilən qaydalara iddiaçı tərəfindən əməl edilməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü ildə anadan olmuş, Cəbrayıl rayonunda yaşasa da, 1994-cü ildən Bakı şəhərinin Nərimanov rayonunda, 2014cü ildən isə Abşeron rayonunda məskunlaşmışdır. Köçkünlüklə bağlı uzun müddət aldığı travmalardan uzun müddət müalicə və müayinələrdə olmuşdur. Sonda xx.xx.2010-cu il tarixli 842 saylı müayinə aktı əsasında ona ümumi xəstəlikdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən SER TSE-01 seriyalı 111013 saylı arayış verilmişdir. Bundan sonra hər il ona müayinələrdən keçirməklə, xx.xx.2021-ci il tarixədək olan müddətdə ikinci dərəcəli əlilliyə görə pensiya verilmişdir. Bu pensiya hesabına azda olsa, ağrılarının və müalicənin bir qismini ödəyə bilirdi. Buna baxmayaraq, 2021-ci ilin sentyabr ayından əliliyi ləğv edilmiş, ona sonuncu dəfə 01 mart 2023-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərlər cavabdeh inzibati orqana müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyinin etibarsız hesab olunduğu vaxtdan bərpa edilməsi barədə ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. 35 gün müddəti gözləyib məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin hərəkətsizliyi, eləcə də onunla bağlı sistemdə apardığı qeydlər əsassız və subutsuz olmaqla onun hüquqlarını məhdudlaşdırır Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2010-cu il arixli, 842 nömrəli arayışından və digər sənədlərdən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək ümumi xəstəlikdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonrakı dövrlərdə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ikinci dərəcəli əlillik, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ikinci dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixində 5 il müddətinə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlüyük şərtlərinə iddiaçı tərəfindən əlillik təyinatının araşdırılmasına əsas verən müvafiq tibbi göndərişin əldə edilməsinə cəhd edilməməsi baxımından qiymət vermişdir. Hazırkı iş üzrə iddia tələbi əlillik dərəcəsinin bərpası ilə bağlıdır. Əlilliyin bərpası ilə bağlı tələb imkanı onun vaxtından əvvəl ləğv və yaxud etibarsız edildiyi təqdirdə yaranmış olur. İş üzrə iddiaçıya təyin edilmiş əlillik təyinatının son müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir və vaxtından əvvəl ləğv edilməmişdir. Bu halda şəxsin yalnız əlillik dərəcəsinin təyini ilə bağlı tələb hüququ yaranmış olur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əlillik dərəcəsinin təyini istiqamətinədə araşdırma aparmış və bu qəbildən olan hüquq münasibətlərinə tətbiq edilməli hüquq normalarına istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddianın dəyişdirilməsi istiqamətində yardım edilmiş olsaydı belə, habelə əlillik təyinatının bərpası istiqamətində araşdırma aparması nəticəsində də iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının əlillik müddətinin sonu xx.xx.2021-ci il tarixdə bitdiyindən onun bu münasibətlər üzrə hüquqlarının pozulması halı baş vermədiyindən əliliyin bərpası üzrə tələb hüququ da istisna olunur. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(120)-3904/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar