Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-266/2023 27.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(120)-726/2023 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli şəhəri, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ona satılmış 900 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 12 aprel 2023-cü il tarixli 2- 1(120)-726/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı İmişli rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə satılmış 900 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə ona İmişli şəhəri, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 900 m2 torpaq sahəsi satılmışdır. Həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib olunmuş və digər torpaqayırma sənədləri hazırlanmışdır. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən bildirilmişdir ki, təqdim olunmuş sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da Ərazi İdarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi olduğu müəyyəndilmişdir və bu səbəbdən də İmişli şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli şəhəri, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus torpaq səhəsinin ilkin torpaq ayırma sənədlərində sahibkarlıq torpağı kimi ayrılmasını, elektron məlumat bazasında isə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi ərazisində yerləşməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs İmişli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxs İmişli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli iclas protokolunun çıxarışında qeyd edilmişdir ki, İmişli şəhəri, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə İddiaçı 900 kv.m. torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan kassa mədaxil orderinin qəbzində qeyd edilmişdir ki, İddiaçı tərəfindən torpağın alqı-satqısı ilə əlaqədar İmişli bələdiyyəsinə 360 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə İmişli bələdiyyəsinin ərazisindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 900 m2 torpaq sahəsinin İddiaçı satılması və bununla bağlı İddiaçı tərəfindən 360 manat ödəniş edilməsinə dair akt tərtib edilərək təsdiq edilmiş və İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində xx.xx.2008-ci il tarixdə 442 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan torpaq sahəsinin yerquruluşu planından görünür ki, İmişli şəhər sakini İddiaçı İmişli bələdiyyəsinin mülkiyyətindən sahibkarlıqla məşğul olmaq üçün ayrılmış 900 m2 torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan İmişli bələdiyyəsinin sədri F.M.Vəliyevin, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri V.Y.Məmmədovun və İmişli şəhər sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli aktda qeyd edilmişdir ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli iclas protokolunun qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyənin torpağından verilmiş 900 m2 torpaq sahəsi yerində göstərilib təhvil verilmişdir. İşdə olan İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin İmişli şəhər sakini İddiaçı verdiyi 39 nömrəli arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus boş torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün tikinti altına alqı-satqı yolu ilə satılması nəzərdə tutulmuş torpaq sahəsidir və 2-ci qiymət zonasına aiddir. Həmin torpaq sahəsi o vaxta kimi həbs və girov qoyulmamış və ilk dəfə satılmışdır. İşdə olan DTXK-si İmişli rayon şöbəsinin İmişli şəhər sakini, M.Rəsulzadə küçəsi 11 ünvanında yaşayan İddiaçı İmişli Bələdiyyəsinin mülkiyyətindən alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 900 kv.m. torpaq sahəsinin ayrılması barədə təqdim edilmiş sənədlər barəsində olan rəydə qeyd olunmuşdur ki, İddiaçı satılması nəzərdə tutulmuş 900 kv.m. torpaq sahəsi İmişli Bələdiyyəsinin mülkiyyətinə aiddir, alqısatqı predmetidir və satılması nəzərdə tutulan torpaq sahəsi 2-ci qiymət zonasına aid olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İşdə olan 25 sentyabr 2007-ci il tarixli, İmişli rayonunun baş memarı Nazim Rəsulovun, İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Vüqar Məmmədovun, X5 və Aqrar məsələlər üzrə komissiyasının sədri Mehman İsmayılovun, İmişli rayon X9 böyük inspektoru Amil Nəbiyevin, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zakir Abbasovun, 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Vahid Lələkişiyevin, X10 Şəbəkəsinin rəisi Adil İsgəndərovun, X15 idarəsinin rəisi Mehman Osmanovun, X11 Rabitə idarəsinin rəisi Hüseyn Cəfərovun, Su kanalizasiya idarəsinin rəisi Nazim Fərzalıyevin və mülkiyyətçi İddiaçı birgə tərtib etdiyi və təsdiqlədiyi aktda qeyd olunmuşdur ki, komissiya həmin ərazidə İddiaçı sahibkarlıq ilə məşğul olmaq üçün və bina tikintisi üçün 900 kv.m. torpaq sahəsi ayrılmasını məqsədə müvafiq hesab etmişdir. Ayrılmış sahə ölçülərinə və yerləşməsinə görə qüvvədə olan ekoloji, sanitar və yanğından mühafizə norma və qaydalarına tam uyğun hesab edilir. İşdə olan İmişli rayonu icra başçısının 27 avqust 2013-cü il tarixli, 151 nömrəli sərəncamının surətindən görünür ki, İmişli şəhər sakini İddiaçı müraciətinin nəzərə alınması və ona Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfindəki bələdiyyə mülkiyyətindən ayrılmış 900 kv.m. torpaq sahəsində tikintinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra qeyri yaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanladığı 13 may 2022-ci il tarixli, **********19 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus ərazidən ayrılmış 900 kv.m. torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində torpaq sahəsi sahibkarlıq torpağı kimi qeyd olunsa da Ərazi İdarəsinin elektron məlumat bazasında həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi olduğu müəyyəndilmişdir və bu səbəbdən də İmişli şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 28 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrası mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 10/20 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İmişli rayon Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 09 nömrəli qərarı əsasında İddiaçı Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus ərazidən ayrılmış 900 kv.m. torpaq sahəsinin naturada və sənəd üzrə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi X6 İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid yararsız torpaq sahəsidir və kateqoriyası, növü, təyinatı, statusu qonşu torpaq sahələrinin kateqoriyası, növü, təyinatı, statusu ilə uyğunluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur, ərazi hüdudları daxilində yerləşir və qeyd olunan torpaq sahəsinin koordinat göstəriciləri mülkiyyətdə olan başqa torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. İşdə olan İmişli Bələdiyyəsinin 24 oktyabr 2023-cü il tarixli, 632 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı olan sənədlərə əsasən İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarı ilə ona verilmiş 900 kv.m. torpaq sahəsi şəhərin Qaradonlu- Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında yerləşir. Qeyd olunan torpaq sahəsi onun istifadəsindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına heç bir etirazları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 30 noyabr 2007-ci il tarixdə qanuni qüvvəyə minmiş 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin maddənin əvvəlki redaksiyasında isə qeyd edilmişdir ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (maddə 8.0.1) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1-ci və 12.2-ci maddələrinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli qərarına əsasən İmişli şəhəri, Qaradonlu-Kürdəmir dolama magistral avtomobil yolunun sağ tərəfində, MQYMD-nin yaxınlığında İmişli bələdiyyəsinə məxsus torpaq sahəsindən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 900 m2 torpaq sahəsinin satılması qərara alınmış və bununla bağlı tərəflər arasında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən təsdiq edilmiş və müvafiq akt əsasında həmin torpaq sahəsi yerində göstərilərək İddiaçı təhvil verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı almışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı həmin inzibati orqana qarşı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticələri iddiaçıya alqı-satqı yolu ilə ayrılmış 900 m2 torpaq sahəsinin yüklü olmadığını təsdiqləyir. Digər tərəfdən də, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və həmin tarixli torpaqların alqı-satqısına dair akt ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. Həmçinin mübahisə predmeti olan torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün zəruri sənədlər əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan mübahisəli torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu bildirsə də, bununla əlaqədar mötəbər sübut təqdim edə bilmir. Həmçinin məhkəmə araşdırması nəticəsində mübahisəli torpaq sahəsinin örüş torpaq sahəsi olması müəyyən olunmur. Ekspertiza zamanı mübahisəli torpaq sahəsinin yararsız kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilir. Bələdiyyənin qərarında, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müvafiq rəyində və arayışında, torpaqların alqısatqısına dair aktda möhürün olmaması ilə əlaqədar apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bələdiyyə qərarının və digər sənədlərin əsillərini məhkəməyə təqdim etdi, həmin sənədlərə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə baxış keçirildi, həmin sənədlərdə möhürlərin olması müəyyən edildi və həmin sənədlər iş materiallarına əlavə edildi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, iddiaçıya satılmış sözügedən 900 m2 torpaq sahəsinə dair İmişli bələdiyyəsi tərəfindən tərtib olunmuş ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələrinin aşkar olunmaması, həmçinin sözügedən torpaq sahəsinin İmişli Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsindən müvafiq rəy alınmadan satılması inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından iddiaçının təqsiri deyildir. Belə ki, vətəndaşın müraciətinə əsasən inzibati aktı qəbul edən müvafiq inzibati orqan həmin inzibati aktın qəbul edilməsi ilə bağlı prosedur qaydalarına riayət etməyə borcludur. İnzibati aktın qəbul edilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyə uyğun aparılmamasına görə məsuliyyəti də məhz müvafiq inzibati orqan daşıyır. Müvafiq rəyin alınmaması, eləcə də inzibati aktın icrasının müəyyən olunmuş formada aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 900 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul etsədə, nəticədə torpaq sahəsi üzərində hansı hüququn qeydə alınması məsələsinə qiymət verməmişdir. İddiaçı bələdiyyə qərarı və torpaqların alqı-satqısına dair akt əsasında mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Birinci instansiya məhkəməsi qərarını mülkiyyət hüququnun qeydə alınması istiqamətində əsaslandırsada, qərarın nəticə hissəsində bunu əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi qərarını mülkiyyət hüququnun qeydə alınması istiqamətində əsaslandırsada, qərarın nəticə hissəsində bunu əks etdirməməsi gələcəkdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasında maneələrin yaranmasına səbəb ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2- 1(120)-726/2023 nömrəli qərarı dəyişdirilməli, iddiaçının 900 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(120)-726/2023 nömrəli qərarı dəyişdirilsin. İddiaçının 900 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-266/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-266/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver