Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-266/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-2988/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 07 dekabr 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək Qazaxıstan Respublikasında qaynaqçı işlədiyi dövrün əmək stajı kimi nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2988/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus l/İT-l ******* nömrəli əmək kitabçasının sol tərəfindəki “tarix” qrafasında Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi tarix xx.xx.1993-cü il, həmin əmək kitabçasının sağ tərəfindəki “əmrlər” qrafasında isə bu barədə 43 nömrəli əmrin tarixi xx.xx.1997-ci il göstərilmişdir. Bu uyğunsuzluqdan başqa, həmin əmək kitabçasından göründüyü kimi, İddiaçı xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə Astara rayonu, Sancaradi subtropik sovxozuna işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir. Hətta texniki səhv hesab edilməklə iddiaçının Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi tarix xx.xx.1997-ci il qəbul edilmiş olsa belə, bu onun Sancaradi subtropik sovxozundan işdən azad edildiyi xx.xx.1998-ci il tarixlə uyğunsuzluq təşkil edir ki, bu da həmin dövrdə onun Qazaxıstan Respublikasında işləməsini mübahisələndirməyə əsas verir. Bundan başqa, İddiaçı 2002-2004-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçı özü də 1993-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkətini təsdiq edən hər hansı məlumatı məhkəməyə təqdim etməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ümumilikdə 17 il 7 ay 26 gün əmək stajı qeyd edilmişdir. Lakin xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Qazaxıstan Respublikasında olan iş stajı əmək kitabçasında qeyd edilsə də, sığorta stajına qeyd edilməmişdir. O, təqaüd almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna iş stajı barədə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilən illəri onun əmək stajına daxil etməkdən imtina etmişdir. Eyni zamanda hazırda işlədiyi müəssisələr ləğv olunduğundan və həmin müəssisənin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iş materiallarında iddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının; - təhsil haqqında attestatının və hərbi biletinin surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sosial sığorta stajı 17 il 07 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Qazaxıstan Respublikasında işlədiyi qeyd edilmişdir. Lakin xx.xx.2008-ci il tarixdə təyin edilmiş əlillik işində olan əmək kitabçasında həmin dövr qeyd edilməmiş, həmçinin həmin dövrlərdə Azərbaycan Respublikasında iş fəaliyyətinin olması ilə bağlı qeydlər olmuşdur. Göstərilənlərdən aydın olur ki, həmin qeyd sonradan əlavə edilmiş, bu səbəbdən həmin dövrlərlə bağlı əsaslı şübhələr yaranmışdır. Nəticədə, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1994 xx.xx.1998-ci il tarixlərdə, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə işlədiyi dövr tərəflərindən mübahisələndirilir. Eyni zamanda, iddiaçının adına xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, İddiaçı barəsində yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən biri ödənmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddiaya qarşı etirazda qeyd olunan məzmunda izahat vermiş, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildirmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında 1993-2004-cü illərdə həqiqətən Qazaxıstan Respublikasında işlədiyini və əmək haqqı aldığını, həmin dövrdə Azərbaycanda işləmədiyini bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş l/İT-l ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər müddətdə Lənkəran şəhər 34 nömrəli DPTM-də təhsil alması (3623 nömrəli, xx.xx.1976-cı il tarixli, attestat), xx.xx.1976cı il tarixli, 97 nömrəli əmrlə PMK-36 3 saylı “Azelstroy” trestinə 3-cü dərəcəli qaynaqçı qəbul olunması, xx.xx.1976-cı il tarixli, 133 nömrəli əmrlə 4-cü dərəcəli qaynaqçı dərəcəsi verilməsi, Sovet Ordusu sıralarına çağırışla əlaqədar xx.xx.1977-ci il tarixli, 46 nömrəli əmrlə işdən azad edilməsi, 1977-1979-cu il tarixlərində Sovet Ordusu sıralarında xidmət etməsi, xx.xx.1979-cu ildən xx.xx.1993-cü il tarixədək müxtəlif vəzifələrdə işləməsi, xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə Sancaradi subtropik sovxozuna işə qəbul edilməsi, xx.xx.1998-ci il tarixli, 1 nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1997-ci il tarixli, 43 nömrəli əmrlə Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı işinə qəbul edilməsi, xx.xx.2004-cü il tarixli, 05 nömrəli əmrlə işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasının 18-10-cu səhifələrində sol tərəfdəki “tarix” qrafasında Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsinə qəbul edildiyi tarix kimi xx.xx.1993-cü il, sağ tərəfindəki “əmrlər” qrafasında isə bu barədə 43 nömrəli əmrin tarixi xx.xx.1997-ci il göstərilmişdir. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1994-cü il tarixli, 1 nömrəli əmrlə Astara rayonu, Sancaradi subtropik sovxozuna işə qəbul edilməsi, xx.xx.1998-ci il tarixdə işdən azad edilməsi qeyd edilmişdir ki, eyni zamanda iddiaçının həmin dövr ərzində Qazaxıstan Respublikasında 5-ci dərəcəli qaz elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə qeyd vardır. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-3126/2024 saylı məktubunda bildirilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatların 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, İddiaçı 1993-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün deyildir. Bununla yanaşı, İddiaçı 2002-2004-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş “Svetlana” adlı şəxsin (hüquqi və ya fiziki şəxs olması dəqiq deyil) möhürü ilə təsdiq edilmiş əmək haqqı barədə xx.xx.2023cü il tarixli, 67 nömrəli məlumatlardan görünür ki, iddiaçının 2002-2003-2004-cü illərdə aylar üzrə əmək haqqı alması qeyd edilmişdir. Ona görə də, əmək kitabçasında uyğunsuzluqların olması, həmçinin iddiaçının sərhədkeçmə hesabatında Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına keçməsi barədə məlumatın natamam olması hələ onun həmin ölkədə işləməməsini güman etmək üçün kifayət etmir. Cavabdeh orqan iddiaçının eyni dövrdə həm Azərbaycanda həm də Qazaxıstan Respublikasında işləməsinin mümkün olmaması, bu baxımdan əmək kitabçasında olan müvafiq qeydlərin mötəbər olmaması əsası pensiya təyinatından imtina etsə də, iddiaçı tərəfindən təqdim edilmiş Qazaxıstan Respublikasında əmək haqqı alması ilə bağlı sənədləri təftiş etmədən imtina aktı vermişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 1996-cı il sentyabr ayının 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin: -8-ci maddəsinə əsasən Tərəflərin pensiya təminatını həyata keçirən orqanlar birbiri ilə onların mərkəzi orqanları arasında müəyyən olunan sazişə əsasən əməkdaşlıq edirlər. -10-cu maddəsinə əsasən Tərəflər onların dövlətlərində qüvvədə olan pensiya qanunvericiliyi və onda edilən sonrakı dəyişikliklər haqqında bir-birilərinə məlumat vermək öhdəliyini, həmçinin pensiya hüququnun və onun miqdarının müəyyən olunması üçün mühüm əhəmiyyəti olan tədbirlər görməyi öz üzərlərinə götürürlər. -11-ci maddəsinə əsasən pensiya təminatı üçün zəruri olan, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının ərazisində müəyyən olunmuş qaydada verilmiş sənədlər Tərəflərin ərazisində leqallaşdırılmadan qəbul edilir. Göründüyü kimi, inzibati orqan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-2988/2024 nömrəli qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-266/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-266/2025
24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver