Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-267/2024 26.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Qarayeva Günel Etibar qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2-1(120)-2276/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı xx.xx.2022-ci il tarixli, 51387 saylı qərarının qismən (tutulmanın aparılması hissəsində) ləğv edilməsi və 2022-ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, 51387 saylı qərarının qismən (tutulmanın aparılması hissəsində) ləğv edilməsi və 2022-ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 12 dekabr 2023-cü il tarixli, 2-1(120)-2276/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, 51387 nömrəli qərarının qismən (tutulmaların aparılması hissəsində) ləğv edilməsi, 2022ci ilin noyabr ayından iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pul vəsaitinin İddiaçı geri ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə "xxxx" ASC-də əmək faliyyəti ilə məşğul olduğu vaxtda istehsalat xəsarəti almışdır. Aldığı xəsarətlərə görə 1995-ci ilin mart ayından etibarən "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixədək müavinət almışdır. Bu tarixdən sonra "xxxx" ASC-nin özəlləşdirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən və idarətetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərinə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları»na müvafiq olaraq onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Soisal Müdafiəsi Nazirlyinin Laçın şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il il 14 oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş müqavilə formasına əsasən müqavilə bağlandı və xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona təyin edilmiş müavinət Azərbaycan Respublikası Əmək və Əhalinin Soisal Müdafiəsi Nazirlyinin Laçın şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ödənilmişdir. Daha sonra isə müavinət verilməsi dayandırıldıqda məlum olmuşdur ki, "xxxx" ASC xx.xx.2016-cı il tarixdən özəlləşdirlmişdir. Buna baxmayaraq ödənişlər davam etdirilmiş və ona 6236 manat məbləğində artıq ödəmə olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdən başlayaraq onun əlilliyə görə aldığı pensiyasından tutulmalar başlanıb. Dəfələrlə cavabdehə və "xxxx" ASC-yə müraciət edərək pesiyadan tutulmaların dayandırılmasını tələb etsə də müracəitlərinə məhəl qoyulmamış və tutulmalar davam etdirilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixdən özəlləşdirilməsinə baxmayaraq, iddiaçıya təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il taixədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı halda İddiaçı təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək sosial müvainət üzrə artıq ödəmə müəyyən edilmiş, müavinətin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Qarayeva Günel Etibar qızı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, istehsalat xəsarəti aldığına görə haqlı olaraq müavinət almışdır, müəssisə özəlləşdirilərkən səlahiyyətli orqan tərəfindən cavabdehə məlumat verilməli olduğu halda bunu etməmişdir. Bundan başqa, ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən ona müraciət edilməmiş, həmçinin bununla bağlı razılıq verməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-cü maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası mübahisələndirilən qərardan şikayət vermə müddəti ilə bağlı iddianın mümükünlük şərtinə qiymət verərək qeyd edir ki, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, qərarın iddiaçıya təqdim edilməsi barədə hər-hansı sübut mövcud deyil. İnzibati orqan tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılması barədə iddiaçıya ünvanlanmış iş materiallarında olan məktubların məzmununda da bu qərarın mövcudluğu barədə məlumat verilməmişdir. İddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə verilmiş, eyni zamanda mübahisələndirilən qərarın özündə şikayət vermə müddəti göstərilməmişdir. Bu hal “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinin anlamına görə qərardan şikayət vermə müddətinin ötürülmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -seriya AZE 03288364 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Laçın rayonunun Ağcakənd kəndində anadan olmuşdur. -seriya AA 142518 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi küçkündür, hal-hazırda Ağcabədi rayonunda məskunlaşmışdır. -Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Sosial müavinətin dayandırılması haqqında 17 oktyabr 2022-ci il tarixli, 51387 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı müavinət növü özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi olan müavinət təyin edilmişdir. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixdə tam özəlləşdirilsə də, müavinətin dayandırılması barədə qərar xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Nəticədə müəssisə tam özəlləşdirildikdən sonra aylıq ödənc əvəzinə aylıq müavinət ödənildiyi üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 66 (altmış altı) manat, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə 6236,6 manat artıqvermə məbləği müəyyən edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-9459/2023 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalarının 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixdən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri tərəfindən təyin edilir və ödənilir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə verilən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixindən özəlləşdirilməsinə baxmayaraq təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Ödənilən aylıq ödənc əvəzinə aylıq müavinətin dayandırılması haqqında məlumatın təqdim edilməsi barədə "xxxx" ASC tərəfindən sorğu daxil olmadığından həmin məlumatın sözügedən müəssisəyə göndərilməsi mümkün hesab olunmur. -İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Laçın şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Mərkəzlə zərərçəkən arasında 2003-cü ilin oktyabr ayının 1-dən "xxxx" ASC-nin özəlləşməsi başa çatanadək olan dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçıya edilmiş ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa (istehsalat xəsarətinə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasinin xx.xx.2006-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 6236.60 manat pulun geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2-1(120)-2276/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-267/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-267/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver