Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-269/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(120)-2971/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 04 dekabr 2023-cü il tarixli, 2-1(120)-2971/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci ilə kimi fasilələrlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixindən, xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, 063247 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 29 gün təşkil edir. Bu müddət onun pensiya yaşına çatdığı xx.xx.2021 -ci il tarixə qanunvericiliklə tələb olunan 25 ildən azdır. Həmçinin iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi Dizaynerlər İttifaqının hüquqi ünvanının məlum olmaması, sənədlərinin arxivə təhvil verilməməsi həmin dövrlərin ona pensiya təyinatı zamanı nəzərə alınmaması üçün əsas verir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etdi, həmçinin məhkəmə iclasında bildirdi ki, Dizaynerlər İttifaqının hüquqi ünvanının məlum olmamasına və sənədlərinin arxivə təhvil verilməməsinə görə onun həmin müəssisədə işlədiyi dövrlərin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı həmçinin bildirdi ki, Dizaynerlər İttifaqının Rayonlararası Xüsusi Quraşdırma Tresti Bakı şəhəri, 8 Noyabr (keçmiş Nobel) prospektində yerləşmiş, Trestin 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi isə Fizuli rayonunda yerlşmişdir, 1991-2005-ci illərdə həmin idarədə işləmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlaması, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi və xx.xx.2005-ci il tarixdə işdən azad olunması barədə qeydlər vardır. -iddiaçıya məxsus hərbi biletdə olan görünür ki, xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə hərbi xidmətdə olmuşdur. -Füzuli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA- 3F/2-47/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-48-DA-3F/2-57/2023 nömrəli məktubunda bildirilir ki, Dizaynerlər İttifaqının Rayonlararası Xüsusi Quraşdırma Trestinin Füzuli rayon 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə aid sənədlər Dövlət Arxivinin Füzuli filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. -Uçot Vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* nömrəli şəhadətnamədən görünür ki, 4 saylı Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsi Füzuli rayonu, Mobil pr, 25 ünvanında yerləşir, Azərbaycan Dizaynerlər İttifaqının tabeçiliyindədir, əsas fəaliyyəti ümumi bina tikintisidir. Təşkilatı-hüquqi forması kodu 21, indentifikasiya kodu 1907794, əsas fəaliyyətinin kodu 45211, tabeçilik kodu 4110, yerləşdiyi ərazinin kodu 60600001, mülkiyyət növünün kodu 1 olmaqla, xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyində 15/446 qeyddiyat nömrəsi ilə qeydiyyatdan keçmiş, Dövlət Statistika Komitəsi tərəfindən Uçot Vahidlərinin Dövlət Reyestrinə daxil edilmişdir. -hüquqi şəxsin qeydə alınması haqqında 15466 nömrəli şəhadətnamədən görünür ki, 4 №-li Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsi xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçmiş, əsas fəaliyyət növü təmir-tikinti, santexniki, quraşdırma işləri, elektrik işlərinin aparılması, bina və qurğuların təmiridir. -xx.xx.2023-cü il tarixli, **********304500 nömrəli çıxarışdan görünür ki, 4 №-li Rayonlararası Xüsusi təmir quraşdırma idarəsi xx.xx.1994- cü il tarixdən 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyatdadır, əvvəlki qeydiyyat nömrəsi 15466, dövlət qeydiyyatı (VÖEN) **********, hüquqi ünvanı, Füzuli rayonu, Horadiz şəhəri, qanuni təmsilçisi İddiaçıdur. -xx.xx.1991-ci il tarixli əsasnamədən görünür ki, Azərbaycan Dizaynerlər İttifaqı "Dizayn” Yaradıcılıq İstehsalat Birliyinin Rayonlararası Xüsusi təmir quraşdırma trestinə tabe olan 4 №-li Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsinin əsasnaməsi xx.xx.1994-cü il tarixdə 15466 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır. -Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı yaşa görə pensiya hüququnun yarandığı tarix xx.xx.2021-ci il qeyd edilmiş, eyni zamanda tələb olunan iş stajı və sığorta kapitalı olmadığı üçün (xx.xx.1991-xx.xx.2005-ci illəri əhatə edən iş stajını yoxlamaq mümkün olmadığından) müraciət təmin edilməmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 247452/2023 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı 14 il 29 gün təşkil etdiyi, həmçinin 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. Əlavə olaraq, xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2006-cı il tarixdən sonrakı dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 193559/2023 nöməli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixindən, xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, 063247 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 29 gün təşkil edir. Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün bütövlükdə mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 14 il 29 gün ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixinə aşağıdakı qaydada hesablanır: (14 il tam iş stajı x 306 manat) + (306 manat:12 ay:30 gün x 29 gün)=4 284,85 manat. Yaşa görə əmək pensiyasının təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2021-ci il tarixdən 28800 manat (200 manat x144 ay=28800 manat), xx.xx.2023-cü il tarixdən 40320 manatdır (280 manat x144 ay=40320 manat). Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən formalaşan pensiya kapitalı 10671,01 manat olmaqla qanunvericiliklə tələb olunan məbləğdən azdır. Həmçinin iddiaçının pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixə sığorta stajı cəmi 14 il 29 gün olmaqla qanunvericiliklə tələb olunan 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. -Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli, 3- 34/2-3153/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Rayonlararası Xüsusi Təmir-Quraşdırma Trestinin Füzuli rayon 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə dair məlumat mövcud deyildir. Təqdim olunan ******* statistik kodu ilə 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi (əvvəlki adı 4-saylı rayonlararası ixtisaslaşdırılmış təmir quraşdırma idarəsi) 19 aprel 2002-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Füzuli rayonu üzrə qeydiyyatdadır. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərinin siyahısına uyğun olaraq saxlanma müddəti başa çatdığından, 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə dair müvafiq sənədlər məhv edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinin dövlət qeydiyyatına alınması üçün əsas olmuş sənədlər toplusunda olan ““Dizayn” Rayonlararası Xüsusi Təmir Quraşdırma Tresti”nin xx.xx.1991-ci il tarixli əmrinin məzmundan görünür ki, tikilməkdə olan obyektlərdə tikinti, təmir quraşdırma, santexnika, elektrik quraşdırma, metalkonstruksiyaları quraşdırma və nizamlama işlərinin yerinə yetirilməsi üçün həmin əmrlə Fizuli rayonunda 4 nömrəli Rayonlararası İxtisaslaşdırılmış Təmir Quraşdırma İdarəsi yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Beləliklə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə araşdırılmış və hüquqi qiymət verilmiş sübutlarla iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin (4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi) mövcudluğu, fəaliyyət göstərdiyi hüquqi və faktiki ünvan müəyyən edilmiş və fəaliyyətinin olması tam sübuta yetirilir. Həmçinin iddiaçının özünə məxsus əmək kitabçasında işə daxil olması və işdən xaric edilməsi barədə qeydlər mövcuddur. Lakin müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Lakin həmin müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmadığını güman etmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(120)-2971/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-269/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-269/2024
29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver