Məhkəmə qərarları › İş №2-1(106)-273/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-273/2024

29.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-273/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdehin nümayəndəsi Məmmədzadə Ramil Yaşar oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-256/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 15 dekabr 2023-cü il tarixli, 2- 1(120)-256/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az olduğuna görə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun 11 il 3 ay dövlət qulluğu stajı vardır. Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən 24 oktyabr 2008-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi ona əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə müraciət edərək pensiya yaşı çatdığı üçün əlilliyə görə aldığı pensiyanın qulluq stajı ilə əvəz edilməsini xahiş etmişdir. Mərkəzi filialdan əmək pensiyaları haqqında qanuna edilmiş dəyişikliklərə uyğun olaraq dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı tələb olunduğu üçün ona yaşa görə pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin cavabdeh onun artıq pensiyada olduğunu nəzərə almamışdır. Onun pensiyası “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun deyildir, yəni pensiya çıxdığı dövrdə qüvvədə olan qanunla hesablanmalıdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Məmmədzadə Ramil Yaşar oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, iddiaçıya 24 oktyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanununa əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az (9 il 7 ay 1 gün) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasından görünür ki, Nuriyev Əliş Abuzər oğlu xx.xx.1972-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müxtəlif sahələrdə, o cümlədən xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlərdə dövlət qulluqçusu kimi əmək fəaliyyəti ilə olmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, Fondun Sabirabad rayon şöbəsi tərəfindən 24 oktyabr 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az (9 il 7 ay 1 gün) təşkil edir. Bu səbəbdən də dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun dövlət qulluğu stajının 09 il 07 ay 01 günü təşkil etməsi səbəbindən ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 aprel 2022-ci i! tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.4-cü bəndinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1 -ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: -5.1-ci maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1-ci maddəsinə əsasən Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005-ci il tarixdən sonra dəyişiklik) -5.1-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: -"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; -1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; -1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. Birinci instaniya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, “İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: - 65 yaşının tamam olması və 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək azı 15 il dövlət qulluğu stajının mövcdu olması.” “iddiaçının xx.xx.2005-ci il tarixədək 5 il dövlət qulluğu stajı olsa da, o həmin dövrdə əlilliyə görə işdən çıxmamışdır. Belə ki, iş materiallarında olan pensiya işindən olan qeydlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2008-ci il tarixdə təyin edilmişdir. Həmin dövrdə vətəndaşın yaşa görə əmək pensiyası hüququ 60 yaşı (xx.xx.2000-ci il tarixdən sonra 62 yaş) tamam olduqda yaranırdı. Lakin, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun həmin dövrdə 50 yaşı tamam olmuşdur. Belə olan halda xx.xx.2005-ci il tarixədək qüvvədə olan “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. Həmçinin xx.xx.2005-ci il tarixdən sonra belə qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçı tərəfindən ödənilmədiyindən, həmin dövrdə olan normaların ona münasibətdə tətbiq edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əlil olsa da və 5 il dövlət qulluğu stajına malik olsa da, o, xx.xx.2006-cı il tarixdə əlilliyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda əmək fəaliyyətində olmuşdur. Həmçinin, iddiaçının həmin dövrdə yaşa görə əmək pensiya hüququ yaranmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(120)-256/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar