Məhkəmə qərarları › İş №2-1(106)-273/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-273/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-273/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-647/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 12 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-144/2024 saylı qərarının ona aid hissədə ləğv edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi və ona xx.xx.2023-cü il tarixdən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 19 dekabr 2024-cü il tarixli, 2- 1(120)-647/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2. bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin fevral ayında Kəlbəcər rayonunun İİ Aşağı Yanşaq kəndi uğrunda gedən döyüşlər zamanı “qrad” tipli raketdən atılan mina yaxınlığına düşdüyü üçün “qapalı kəllə-beyin travması” (kontuziya) almış və qolundan yaralanmışdır. Həmin raket zərbəsi nəticəsində aldığı xəsarətlə bağlı illərlə stasionar müalicələr almış və səhhətində ciddi psixi pozğunluq yaranmış və görmə qabiliyyəti zəifləmişdir. Nəhayət 2010-cu ildə əlilliyi təsdiqlənmiş və ona İİ qrup müddətli əlillik təyin olunmuşdur. 2015-ci ildə aparılmış yoxlanışdan sonra ona müddətsiz İİ qrup əllik təyin olunmuşdur. 2021-ci ilin dekabr ayına qədər əlilliklə bağlı təyin olunmuş pensiyanı problemsiz olaraq almış və 2022-ci ilin yanvar ayında pensiyası kəsilmişdir. Bundan sonra, pensiyasının bərpa olunması üçün hərbi həkim komissiyası və yoxlamalardan dəfələrlə keçmiş, aylarla stasionar müalicələr almış, Azərbavcan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma olması təsdiqlənmişdir. (xx.xx.2010cu il tarixli 1264 nömrəli X2 və arayışlar əlavə olunur). Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicə olmuş və müayinələr nəticəsində psixi pozğunluğunun olması təsdiqlənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək stasionar müalicə olmuş və müayinələr nəticəsində travma mənşəli şəxsiyyət pozğunluğunun olması təsdiqlənmiş və F07.0 diaqnozu təsdiqlənmişdir. Psixi qeydiyyatda olduğu üçün aylıq psixi dərmanlar alır. Hesab edir ki, müharibə dövründə aldğı xəsarətlə bağlı diaqnoz rəsmi sənədlərlə təsdiqləndiyindən əlilliyin təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar tamamilə əsassızdır. İİ qrup müddətsiz əlillik təyin olunmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0254003AAKED nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin H00050231JHM nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin D00113688NBR nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. X8 Məhkəməsinin 2-1(120)-2527/2023 nömrəli qərardadına əsasən 3-17-4/1-44881/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsi aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1264 nömrəli X2 verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasının dağınıq üzvi nişanələr, asteno-nevrotik vəziyyət və vegetativ damar davamsızlıgı ilə təzahür edən ensefalopativa ilə nəticələnmiş qalıq əlamətləri diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol gözün 1.0D miopiyası nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.7 olmaqla. Sağ gözün görmə itiliyi 0.9 olmaqla. Hər iki gözün xroniki blefariti remissiya mərhələsində. Boyunun ön səthininin toksiki zoba görə aparılmış cərrahiyyə əməliyyatdan (2007) sonrakı və anamnestik klinik məlumatlarda əllilik təyinatına əsas verən patoloji dəyişikliklər müəyyən edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, yuxusuzluqdan, əsəbilikdən, iştahsızlıqdan şikayətlənmiş, əlillik təyinatı olmadığına görə intihar cəhdindən danışmışdır. Baxış zamanı sağ dirsəkdə çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Medikamentoz preparatlardan Depakin, Klonozepam, Piracetam qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş epikrizlərdə Epilepsiva diaqnozu qeyd edilsə də bu barədə heç bir şikayət bildirməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müharibədə əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibədə iştirakından sonra psixiatrik şikayətlərinin başladığını, əsəbi olan zaman ailə üzvləri ilə münaqişələr yaratdığını, onlara şiddət göstərdiyini bildirmiş, iki dəfə intihara cəhd etdiyini (üzərinə benzin tökərək yandırmaq istədiyini, özünü asmağa cəhd etdiyini), hazırda medikamentoz preparatlardan “Fenazepam” qəbul etdiyini qeyd etmişdir. Müayinə qedişatında vətəndaş daima yüksək səslə danışmış, komissiya üzvlərinə hədə-qorxu gəlmiş “Haqqımı sizdən sökə-sökə alacam”. “Hər gün cənab prezidentə məktub vazacam ki, məni bu faşistlərin əlindən qurtarın” kimi ifadələr söyləmişdir. Vətəndaşın 2015-ci ildən qıcolma tutmaları diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı olmuş. 2021-ci ildən diaqnoz öz təsdiqini tapmadığından vətəndaşın müavinəti dayandırılmışdır. Vətəndaş 1994-cü ildə yaralanması olduğunu 16 il sonra Ali Məhkəməyə baş vuraraq şəhadətnamə aldığını bildirmişdir. Təqdim olunan köhnə tibbi müalicə sənədlərində qıcolma tutmaları qeyd olunsa da vətəndaş tutmalar haqqında heç bir məlumat verməmiş, şikayət bildirməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnoz hazırda öz təsdiqini tapmamış, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, özündən tez çıxma hallarından, yuxusuzluqdan, yaddaşsızlıqdan, aqressivlikdən şikayətlənmişdir. Psixiatrik xəstəxanalarda müalicə aldıqda bir müddət sakitləşdiyini, sonra vəziyyətinin yenidən pisləşdiyini ifadə etmişdir. X10 xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin bir qədər enməsi, diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, anamnezində travmava görə 1994-cü ildə kəllə beyin travmasını alıb) və paroksizimlərə sol hemisferində ənsə payların aksenti ilə meyilliyi qeyd olunur” kimi qeyd olunsa da, kobud üzvi dəyişiklikləri təsdiqləməmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 136 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş QKBTdan sonra (1994 fevral) dağınıq üzvi pozuntunun davamlı qalıq əlamətləri, ifadəli şəxsiyyət pozuntusu. Yaddaş və intellektin enməsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, travmatik epilepsiya anamnezində cənqolma tutmaları ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 86/2023 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlar, yaddaş və intellektin geriləməsi (7Q-63T Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə gedən ağır dərəcəli epizod intihara cəhd və intihar fikirləri” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə işi tam araşdırmamış, iddiaçya qoyulmuş diaqnozların əlillik təyinatına əsas verməməsinə baxmayaraq, yalnız ekspert rəyinə əsaslanaraq, qərar qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iddiaçı və nümayəndəsi ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər, həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə kollegiyası tərəfindən icaata qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkülük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçıya əlillik təyinatından sonuncu dəfə (məhkəmədə iddia qaldırdığı tarixədək) xx.xx.2022-ci il tarixli qərarla imtina edilmiş, iddiaçı əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İş materiallarında həmin qərarın iddiaçıya təqdim edilməsi və ya göndərilməsi barədə hər-hansı sübut mövcud deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddət ötürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş əlillik altsistemindən əldə edilmiş sənədlərdən (qərarlar) görünür ki, iddiaçıya 2015-ci ildə əlillik təyin edilmişdir. Altsistemdən çıxarışın birində əlilliyin 1 il müddətinə təyin edildiyi görünsə də, digərində müddət göstərilməmişdir. İddiaçı 2021-ci ildə əyani müayinəyə cəlb edilmiş və müayinənin nəticəsi olaraq, əlillik təyinatından imtina edilmişdir. Bundan sonra bir neçə dəfə tibbi göndərişlər rəsmiləşdirilmiş, lakin bütün hallarda təyinatdan imtina edilmişdir. Sonuncu tibbi göndəriş əsasında xx.xx.2022-ci il tarixli qərarla imtina verilmiş, bundan sonrakı imtinalar isə mübahisə məhkəmə müstəvisində araşdırılarkən verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 7758 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022-ci il tarixdə xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X3” X9 xx.xx.2024-cü il tarixli, 3941 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, İddiaçı ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - təqdim olunmuş tibbi sənədlərə əsasən 1994-cü ilin fevralında qapalı kəllə-beyin travması aldığı qeyd olunması, travmanın fəsadları ilə əlaqədar dəfələrlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müalicədə olması, psixi vəziyyətində dəyişikliklərin meydana çıxması ilə əlaqədar 2022-ci ilin yanvarında Salyan rayonlararası Psixiatriya Xəstəxanasının həkim məsləhət komissiyası tərəfindən müayinə olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Üzvi (travma mənşəli) şəxsiyyət posuntusu” diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, həmçinin hazırkı müayinə zamanı-aşkar olunan əlamətlər, təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd olunur. Tibbi sənədlərdə təyin edilmiş “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” diaqnozları İddiaçı hazırkı psixi vəziyyətinə və diaqnozuna uyğundur. Tibbi sənədlərdə öz əksini tapmış digər diaqnozlar nevroloji pozuntulara aid olduğundan məhkəmə psixiatrik ekspertizası tərəfindən müəyyən edilə bilməz. Qeyd olunmalıdır ki, İddiaçı psixiatrik diaqnoz müəyyən edilərkən əsasən klinik müsahibədən və şəxsin dinamik müşahidəsindən istifadə olunur. Aparılmış funksional diaqnostik müayinələr şəxsdə nevroloji pozuntuların müəyyən edilməsi məqsədi ilə aparılmışdır. İddiaçı müayinəsi onun psixiatrik diaqnozunun müəyyən edilməsi üçün kifayət etmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 16 noyabr 2024-cü il tarixli, 296 nömrəli arayışında qeyd edilmişdir ki, Əzimov X7 Rayonlararası Psixiatriya X6 komissiyasına əlilliyin bərpası ilə əlaqədar 15 noyabr 2024-cü il tarixdə yazılı surətdə ərizə ilə müraciət etmişdir. Eyni zamanda Məhkəmə X1 barəsində FQ7.0 Üzvi (travma mənşəli) şəxsiyyət və davranış pozuntusu diaqnozunu təsdiq edən xx.xx.2024-cü il tarixli, № 2152 saylı rəy təqdim etmişdir. Bu xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarının Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə 7.6.2.2 təsnifatı üzrə “65-80 faiz orqanizmin funksiyasının pozulması 2 il müddətə” öz əksini tapmışdır. Bundan əlavə iş materialları ilə müəyyn olunur ki, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqəsi hissəsində “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” qeyd edilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçıya əlillik təyinatından imtina edilməsi ilə bağlı mübahisələndirilən qərar qəbul edilərəkən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanınrəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İddiaçıya 2015-ci ildə əlillik təyin edilmiş, 2021-ci ildə əyani müayinəyə cəlb edilmiş və müayinənin nəticəsi olaraq, əlillik təyinatından imtina edilmişdir. Bundan sonra bir neçə dəfə tibbi göndərişlər rəsmiləşdirilmiş, lakin bütün hallarda təyinatdan imtina edilmişdir. Sonuncu tibbi göndəriş əsasında xx.xx.2022-ci il tarixli qərarla imtina verilmişdir. Bu qərarından sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. Ona görə də məhkəmə araşdırmasının predmeti də məhz həmin qərar olmalıdır. Bundan sonrakı imtinalar isə mübahisə məhkəmə müstəvisində araşdırılarkən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, postensefalit sindromu F07.1, postkontuzion sindrom F07.2, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 kodları ilə müəyyən edilmişdir və ağırlaşma dərəcələrindən asılı olaraq həmin kodlara uyğun diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi müəyyən edilməklə, əlillik təyinatı aparılır. İddiaçının orqanizmində olan patofunksional pozuntualar həm ixtisaslaşmış müalicə müəssisələri, həm də ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun məhz F07 koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Səhiyyə Nazirliyinin Məhkəmə X3 X9 müvafiq sahə üzrə ixtisaslaşması baxımından həmin müəssisə tərəfindən verilmiş rəy mötəbər hesab edilməlidir. Eyni zamanda məhkəmələrin bu qəbildən olan işlər üzrə işin faktiki halı nəzərə alınmaqla xüsusi bilik tələb olunan hallarda məhz ekspertiza rəylərinə istinadən yekun nəticəyə gəlmələri yeganə çıxış yolu olmaqla, qanunvericiliyin tələblərinə zidd deyil. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-647/2024 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbli əlaqə ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar