Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-274/2022 21.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-216/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1998xx.xx.2003-cü illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-216/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan- Salyan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Orta təhsil aldıqdan sonra 1974-1975-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. xx.xx.1975-ci il tarixdə X13 Tikinti Trestinin 16 nömrəli Tikinti Quraşdırma İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlamış. xx.xx.2003-cü il tarixədək müxtəlif təşkilatlarda işləmişdir. Axırıncı iş yeri xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Əli Bayramlı (indiki Şirvan) 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi olmuşdur. 2021-ci ildə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin 1998-2003-cü illərdə işlədiyi Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X8 filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlama aparılmasının mümkün olmaması əsas gətirilərək ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası onun konstitusiyon hüquqlarını pozmuşdur. Belə ki, işlədiyi müddət əmək kitabçasındakı qeydlərdə öz təsdiqini tapmışdır. Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin həmin illərə dair sənədlərinin X8 filialına təhvil verilməməsi onun təqsiri deyil, idarənin bu işə cavabdeh olan şəxslərinin təqsiridir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumilikdə 26 il 8 ay 20 gün iş stajı vardır. Mübahisələndirilən xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (4 il 7 ay 26 gün) iddiaçının Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyini iddia etdiyi dövr əmək kitabçasında qeyd edilsə də, Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası X8 filialına mühafizə üçün təhvil verilməmiş, həmçinin həmin dövr üzrə əmrlər kitabı və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.2003-cü il tarixdə işdən azad olunma zamanı vurulan möhürdə Rus dilində sözlərdən istifadə edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 2003-cü il tarixdə istifadə olunan möhürdə Rus dilində sözlərdən istifadə oluna bilməz. İddiaçının əmək kitabçasına əsasən qəbul olunan sosial sığorta stajı 22 il 24 gün, mübahisələndirilən sosial sığorta stajı isə 4 il 7 ay 26 gün təşkil edir. İddiaçının mövcud olan sığorta stajına əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, əmək kitabçasında onun X11 Avtonəqliyyat Müəssisəsində xx.xx.1996-cı il tarixdə işdən azad edilib, xx.xx.1996-cı il tarixdə işə bərpa olunduğu yazılmışdır. Lakin o, həmin müəssisədə işdən azad edildikdən sonra Əli Bayramlı Şəhər İcra Hakimiyyətinə şikayət etmiş və 3 gün işsiz qaldıqdan sonra, yəni xx.xx.1996-cı il tarixdə həmin müəssisədə işə bərpa olunmuşdur. Bu barədə sübutu olmasa da, o, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X11 Avtonəqliyyat Müəssisəsində işləmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən və notarial tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək X13 Tikinti Trestinin 16 nömrəli Tikinti Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneft” birliyinin tamponaj kontorunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Dəmir Yolları Salyan siqnalizasiya və rabitə distansiyasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək “Azneft” birliyi X2 İdarəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək X11 Avtonəqliyyat Müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Ticarət Nazirliyinin 3 saylı İxtisaslaşdırılmış Avtobazasında, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Əli Bayramlı (Şirvan) 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövrü nəzərə alınmaqla əmək kitabçasına əsasən cəmi 26 il 8 ay 20 gün iş stajı vardır. Onun 1998-2003-cü illərdə işlədiyi 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin hal-hazırda fəaliyyətinin olmadığı və sənədlərinin X8 filialına təhvil verilmədiyi üçün qarşılıqlı yoxlamanın aparılması mümkün olmamışdır. Ümumilikdə 25 il sosial sığorta stajı olmadığı üçün İddiaçı yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövrü nəzərə alınmaqla əmək kitabçasına əsasən ümumilikdə 26 il 8 ay 20 gün iş stajı vardır. Mübahisələndirilən 1998- 2003-cü il tarixlərdə iddiaçının işlədiyi 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin X8 filialında İddiaçı sözügedən müəssisədə əmək fəaliyyətinə dair əmrlər kitabı və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən yığım kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubun surətində qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi X6 1996-2005-ci illərdə 56 nömrəli Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyətində olduğu müddət üzrə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyini əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-1620/2019 nömrəli qərarına, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(106)- 805/2019 nömrəli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-782/2020 nömrəli qərarına əsasən X6 1996- 2005-ci illərdə 56 nömrəli Tikinti Quraşdırma İdarəsindəki iş stajı sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə həvalə edilmişdir. İşdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)- 1620/2019 nömrəli qərarının surətindən görünür ki, X6 1996-2005-ci illərdə 56 nömrəli Tikinti Quraşdırma İdarəsindəki iş stajı sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(106)-805/2019 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)- 1620/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-782/2020 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(106)-805/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(086)-1620/2019 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(086)-1620/2019 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 1996-2005-ci illərdə Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində işləmişdir. İddiaçı da xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində sürücü vəzifəsində işləmişdir və “Qaz-24” markalı avtomobili sürmüşdür. Onun özü (yəni X9) Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin rəisi olmuş, İddiaçı isə onun sürücüsü olmuşdur. Şirvan 56 nömrəli Tikinti Quraşdırma İdarəsi X7 tabe olmuş, bütün işçilər hər ay əmək haqlarını X4 almışdır. Şirvan 56 nömrəli Tikinti Quraşdırma İdarəsi 2005-ci ilin sonunadək fəaliyyət göstərmişdir. Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi aidiyyəti orqanlara, o cümlədən Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə müvafiq hesabatlar vermişdir. 2005-ci ildə 56 nömrəli Tikinti Quraşdırma İdarəsinin 210 nəfər işçisi olmuşdur. Şirvan 56 nömrəli Tikinti Quraşdırma İdarəsinin möhürü qanunvericiliyə dəyişiklikdən əvvəlki möhür olmuşdur, dəyişdirilməmişdir və bu səbəbdən də möhürdə həm Azərbaycan dilində, həm də Rus dilində müvafiq qeydlər olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan iddiaçı qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Belə ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (7 ay 18 gün) hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (9 il 2 ay 14 gün) X13 Tikinti Trestinin 16 nömrəli Tikinti Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (3 ay 23 gün) “Azneft” birliyinin tamponaj kontorunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1986cı il tarixədək (9 ay 4 gün) Azərbaycan Dəmir Yolları Salyan siqnalizasiya və rabitə distansiyasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 29 gün) “Azneft” birliyi X2 İdarəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (8 il 24 gün), xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 17 gün) X11 Avtonəqliyyat Müəssisəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (6 gün) Azərbaycan Ticarət Nazirliyinin 3 saylı İxtisaslaşdırılmış Avtobazasında, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (4 il 7 ay 28 gün) Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. Məhkəmə kollegiyası iddiaçının X11 Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək də X11 Avtonəqliyyat Müəssisəsində işlədiyini qeyd etsə də, məhkəməyə həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilmir. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (4 il 7 ay 28 gün) Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən tarixlərdə işlədiyi Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin hal-hazırda fəaliyyəti olmadığından və sənədləri X8 filialına təhvil verilmədiyindən qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığı üçün həmin müddət sosial sığorta stajı kimi nəzərə alına bilməz. Belə olan halda da, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.2003-cü il tarixdə işdən azad olunma zamanı vurulan möhürdə Rus dilində sözlərdən istifadə edilmişdir. Halbuki müvafiq normativ aktlara əsasən 2003-cü ildə istifadə olunan möhürdə Rus dilində sözlərdən istifadə oluna bilməzdi. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin 2005-ci ilin sonunadək mövcud olduğu, həmçinin iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən şahid ifadəsilə öz təsdiqini tapır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının işlədiyi Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin mövcudluğu və fəaliyyəti hazırkı iş üzrə şahid qismində dindirilmiş X6 əmək pensiyasının yenidən hesablanmasına dair başqa inzibati mübahisə ilə əlaqədar məhkəmə qaydasında araşdırılmış və X6 həmin müəssisədəki əmək fəaliyyəti sığorta stajı kimi qəbul edilərək onun əmək pensiyası yenidən hesablanmışdır. Müəssisənin hal-hazırda mövcud olmamasına, müvafiq sənədlərinin qorunub saxlanmamasına, həmin sənədlərin dövlət arxiv idarələrinə təhvil verilməməsinə, həmçinin müəssisənin möhüründə Rus dilində sözlərdən istifadə edilmiş olmasına görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hal iddiaçının əmək pensiyası hüququndan məhrum edilməsinə əsas verə bilməz. Həmçinin iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Şirvan 56 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(120)-216/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-274/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-274/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver