Məhkəmə qərarları › İş №2-1(106)-274/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-274/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-274/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Xubyarlı Bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)-815/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh İmişli rayonu Xubyarlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2581.70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, vergi ödəyicisi olan İmişli rayonu Xubyarlı Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gun ərzində dövlət büdcəsinə dənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək usulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 2581.7 manat borcuna görə 4000 manat məbləğində əmlakı (İmişli rayonu Xubyarlı kəndində yerləşən 2 hektar torpaq sahəsi) siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********2 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2581.70 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)-815/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024cü il tarixli, 2-1(120)-815/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə,, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 2581.7 manat borcuna görə 4000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022- ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2581.7 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2581.7 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış (İmişli rayonu Xubyarlı kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə Qərar çıxarılması məqsədi ilə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddianın təmin edilməməsi barədə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)- 815/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)-815/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Maddə 86. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu: Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2581.70 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-45/2-7390/2023 nömrəli məktubuna qoşma edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsi hazırda X6 icarəsindədir. Belə ki, İmişli rayonu Xubyarlı kəndində yerləşən İmişli rayonu Xubyarlı bələdiyyəsinin mülkiyyətində olan 2.0 ha torpaq sahəsi İmişli regional “Asan xidmət”mərkəzinin notariat kontorunun xx.xx.2023-cü il tarixli 3M-69 nömrəli icarə müqaviləsi əsasında X6 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü daşınmaz əmlak hazırda başqa şəxsin icarəsinə verilmiş və icarə hüquqları müvafiq inzibati orqan tərəfindən dövlət qeydiyyatına almışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 86-cımaddəsinin 2-ci hissəsinə əsasən dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün icarədə olan, yəni başqa şəxsin xeyrinə yüklü edilmiş torpaq sahəsinin siyahıya alınaraq satılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçının dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli, **********2 saylı qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə ödənilməmiş 2581,7 manat borcuna görə 4000 manat məbləğində əmlakı, yəni İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsi siyahıya alınmışdır. İddiaçı Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, yuxarıda sadalanan normaların tələbinə görə vergi borcunun ödənilməsinin təmini üçün tərtib olunan protokolda əmlak siyahıya alınır, siyahıya alınmış əmlak vergi ödəyicisinə baxış üçün təqdim edilir, siyahıda əmlak tamtəsvir edilir (dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilir), əmlakın siyahısı və fotoşəkli protokola əlavə edilir. Daha sonra siyahıya alınmış mallar vergi ödəyicisində məsul saxlamaya qoyulur. Vergi orqanı tərəfindən əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisinə həmin əmlaka sərəncam vermək hüququnun olmaması, əmlaka sahiblik və istifadənin isə vergi orqanının nəzarəti ilə həyata keçirildiyi bildirilir, əmlakla bağlı müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə xəbərdarlıq edilir. Yalnız qeyd edilən prosessual qaydalar əsasında baş tutmuş siyahıya alınma qanunidir və icra oluna bilər. Qeyd edilməlidir ki, qanunvericilik əmlakın bu qaydadadan kənar siyahıya alınmanı nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi ilə bağlı 4000 manat dəyərində İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsinin satılmasını tələb etsə də, iş materialları ilə cavabdeh tərəfindən qeyd edilən borcun ödənilməsinin təmin edilməsi üçün həmin əmlakın siyahıya alındığı barədə cavabdehin məlumatlı olduğu sübut olunmur. Belə ki, əvvəla, daşınmaz əmlakın siyahıya almaya təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu işə əlavə edilmiş olsa da həmin xəbərdarlığın cavabdehə çatdırılmasıiş üzrə sübut olunmur. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş siyahıya alınma barədə protokol cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib olunmamışdır. Vergi orqanı elektron baza məlumatlarına əsasən mülkiyyətində daşınmaz əmlakın olmasını aşkar etmiş olsa daümumiyyətlə belə bir torpaq sahəsinin real mövcudluğunu, yüklü olubolmamasını, satıla bilən, xüsusi mülkiyyətə keçə bilən əmlak olub-olmamasına və s. araşdırmamış, nümayəndəsi vasitəsilə görmədiyi, fotoşəklini belə əldə etmədiyi, vergi ödəyicisinə məsul saxlanca təqdim etmədiyi torpaq sahəsini tərəfin iştirakı olmadan siyahıya almışdır. Halbuki əşyanın siyahıya alınmasının məqsədi vergi borcunun həmin əşya hesabına ödənilməsini təmin etmək olduğu halda siyahıya aldığı torpaq sahəsinin hansı vəziyyətdə olduğunun da müəyyən edilməsi, eləcə də həmin əmlakın dəyərinin hansı qaydada qiymətləndirilməsinin əsaslandırılması da zəruridir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən belə bir əsaslandırma məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-45/2-7390/2023 nömrəli məktubuna qoşma edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsi hazırda X6 icarəsindədir. Yəni, müəyyən edilmişdir ki, hazırda iddiaçının satılmasını tələb etdiyi İmişli rayonu Xubyarlı kəndində yerləşən İmişli rayonu Xubyarlı bələdiyyəsinin mülkiyyətində olan 2.0 ha torpaq sahəsi İmişli regional “Asan xidmət” mərkəzinin notariat kontorunun təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 3M-69 nömrəli icarə müqaviləsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hal-hazırda da X10 tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü daşınmaz əmlak hazırda başqa şəxsinicarəsinə verilmiş və icarə hüquqları müvafiq inzibati orqan tərəfindən dövlət qeydiyyatına almışdır. Həmin hüquqlar yuxarıda qeyd edilən hüquq normalarına görə dövlət tərəfindən tanınır və qorunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarının işin hallarına tətbiq edərək iddia tələbinin təmin oluna bilməyəcəyini qeyd edir. Belə ki, yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün icarədə olan, yəni başqa şəxsin xeyrinə yüklü edilmiş torpaq sahəsinin siyahıya alınaraq satılması yolverilməzdir. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçının satılması barədə tələb irəli sürdüyü İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsi ehtiyat fonduna aid bələdiyyə mülkiyyətində olan əkin sahəsidir və özəlləşdirilə bilməz. Belə ki, işdə olan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2- 4005/2024 nömrəli məktubundan görünür ki, İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsinin ərazisi mövcüd baza məlumatlarının əks olunduğu X4 X5 X9 kateqoriyasına aid olmaqla İmişli rayonu, Məzrəli Bələdiyyəsinin ehtiyat fonduna aid bələdiyyə mülkiyyətində olan əkin sahəsi kimi qeyd olunmuşdur. İşdə olan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2- 5699/2024 nömrəli məktubundan görünür ki, İmişli rayonu Xubyarlı kəndində yerləşən 2.0 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin oerspektiv inkişafı üçün nəzərdə tutulan, eyni zamanda az yararlı və yararsız torpaq sahəsi deyildir. Həmçinin qeyd olunan torpaq sahəsi özəlləşdirilə bilməz, yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Həmin Məcəllənin 86-cımaddəsinin 2-ci hissəsinə əsasən dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının siyahıya aldığı və satılması barədə tələb irəli sürdüyü əmlak (torpaq sahəsi) qanunvericliyinin tələbinə görə alqı-satqının obyekti ola bilmədiyindən hazırki məzmunda tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)-815/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar