Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-274/2025 13.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-3098/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 19 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3098/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.2011-ci il tarixindən hazırki tarixədək rəngsaz vəzifəsində (cavabdeh tərəfindən qəbul edilməyən güzəştli iş stajı) işləmişdir. İddiaçının işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 9-cu bəndinə, həmçinin 35-ci (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) bəndinə uyğundur. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC) Material təchizatı şöbəsinə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmiş, işlədiyi müddət ərzində mexaniki yığma sexində elektrik montyoru, Alətlər sexində elektrik montyoru peşəsində işləmişdir. Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) xx.xx.1986-cı il tarixli 220 saylı əmrlə işdən azad edilmişdir. Yenidən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı sexində xx.xx.2010-cu il tarixli 49K saylı əmrlə sazlayıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən hal-hazıradək 1 saylı sexdə rəngsaz peşəsində işləyir. Güzəştli şərtlə pensiya təyinatı üçün cavabdeh orqana müraciət etsə də, imtina verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ümumi iş stajı 31 il 8 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 11 ay 5 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət), xx.xx.1982xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1994xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 9 ay) təşkil edir. Eyni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 43956,72 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı (9) bölməsində tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr (9.7) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 100/05-471 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən hazırki tarixədək sözügedən müəssisənin 1 saylı sexində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Sözügedən arayışda qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının rəngsaz peşəsində işlədiyi müddətdə pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri ilə deyil, döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi, taraların (yeşiklərin) daxili səthlərinin laklanması, tozlandırma üsulu ilə səthlərə boya vurulduqdan sonra rənglənməsi ilə məşğul olduğu qeyd olunub. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina aktının və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/05-471 nömrəli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (hal-hazırda Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır) Material təchizatı şöbəsinə 114K saylı xx.xx.1982-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində mexaniki yığma sexində elektrik montyoru (Əmr № 185 xx.xx.1983-xx.xx.1985), Alətlər sexində elektrik montyoru (Əmr No 185 xx.xx.1985-xx.xx.1986) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan SSR-nin ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) xx.xx.1986-cı il tarixli 220 saylı əmrlə işdən azad edilmişdir. Yenidən Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 saylı sexində xx.xx.2010-cu il tarixli 49K saylı əmrlə sazlayıcı peşəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində xx.xx.2011-ci il tarixli 04K saylı əmrlə hal-hazırki tarixədək 1 saylı sexdə rəngsaz peşəsində işləyir. İşlədiyi peşələr üzrə ümumi iş stajı 17 il 06 aydır. Güzəştli iş stajı 12 il 06 ay təşkil edir. İşlədiyi peşələrdən güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Partlayıcı, tezpartlayan maddələr barıt və döyüş sursatlarının istehsalı sahəsi”ndə sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı maddələrin hazırlanması və işlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 9-cu bölmə və ya 9.7-ci bəndi üzrə - tərkibində bu qərarın 2-ci və 3-cü bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və döyüş hissələrinin rənglənməsi ilə məşğul olan fəhlə (kateqoriyasına) aiddir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. -Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 100/02-609 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi peşələrdən güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “Partlayıcı, tezpartlayan maddələr barıt və döyüş sursatlarının istehsalı sahəsində sənaye partlayıcı maddələrini də daxil etməklə, partlayıcı maddələrin hazırlanması və işlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 9-cu bölmə və ya 9.7-ci bəndi üzrə - tərkibində bu qərarın 2-ci və 3-cü bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının döyüş hissələrinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların (yeşiklərin) rənglənməsi ilə məşğul olan fəhlə (kateqoriyasına) aiddir, işlədiyi “rəngsaz” peşəsinin xüsusiyyətləri barədə boya maddələrinin tətbiqi zamanı döyüş sursatlarının qablaşdırılması üçün hazırlanan taraların, (yeşiklərin) rənglənməsi, taraların (yeşiklərin) daxili səthlərinin laklanması, tozlandırma üsulu ilə səthlərə (Dukes sprey boya qırmızı Q/12P/12, Dukes sprey boya mat ağ Q/12P/12, Dukes sprey boya mat qara Q/12P/12) vurulduqdan sonra rənglənməsindən ibarətdir. Bundan əlavə olaraq bu işlərin görülməsində İddiaçı zərərli işə görə 8% miqdarında əlavə əmək haqqı ödənilmiş, Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən 6 təqvim günü müddətinə əlavə məzuniyyət günləri verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, “Azərsilah” X5” QSC "xxxx" X2 İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli, 1/3/05/132 nömrəli məktubunda bildirilir ki, "xxxx" X1 İdarəetmə şöbəsinin 1 saylı (xüsusi təyinatlı məmulatların yığılması və qablaşdırılması) sexində rəngsaz peşəsində işləyən İddiaçı Şölət oğlu peşəsinin xüsusiyyətlərinə uyğun olaraq, məmulatların qablaşdırılması üçün hazırlanmış Taraların (yeşiklərin) rənglənməsi və PVC torbaların yazılması əməliyyatlarını yerinə yetirir. Tələb olunan Taraların (yeşiklərin) rənglənməsində tətbiq olunan materialların siyahısı və təhlükəlilik sinifini göstərən Qostlardan çıxarışlar təqdim edilir: -Tələb olunan Taraların (yeşiklərin) rənglənməsində tətbiq olunan materialların siyahısı
1. Emal PF-115, ГОСТ 6465-76
2. Həlledici 646 (648) ГОСТ 12.1.007
3. Həlledici P-5 ГОСТ 7827-74
4. Plazmol-aerozol (SPRAY PAİNT) boyası Təqdim edilmiş həmin sənəddə göstərilən maddələrin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazların güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. Tərəflər arasında mübahisə iddiaçının çalışdığı rəgsaz peşənin güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, güzəştli iş barədə müvafiq arayış təqdim etmiş müəssisə bu məsələyə aydınlıq gətirmiş və bu əsasla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndində nəzərdə tutulduğundan onun bu əsasla güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-3098/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.