Məhkəmə qərarları › İş №2-1(106)-277/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-277/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-277/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “üçüncü dərəcəli kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)- 3154/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinəqarşı “iddiaçıya üçüncü dərəcəli kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Arxitektura şöbəsində mühəndis vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Masallı rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsinə “Dövlət Qulluğu haqqında” AR Qanununa uyğun olaraq işə götürülsə də, ona ixtisas dərəcəsi verilməmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Arxitektura şöbəsində mühəndis vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləməsini təsdiq edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının № M-02-940 saylı, xx.xx.2022-ci il tarixli arayışı, həmçinin əmək kitabçası iddia ərizəsinə əlavə edilir. Ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi və hər ay ixtisas dərəcəyə uyğun olaraq vəzifə maaşına əlavələrin düzgün hesablanaraq ödənilməsi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət ünvanlamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçının Aparatının xx.xx.2023-cü il tarixli № 5-66/2-751/2023 saylı məktubu ilə ona imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-3154/2023 saylı qərarı (Amilya Hüseynova) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-3154/2023 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi Azərbaycan Respublikasının Fərmamilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının 4-cü maddəsində də göstərilir ki,dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına inzibati vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Qərarda göstərilir ki,“Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2005-ci ildə qüvvədə olan redaksiyasına əsasən yerli icra hakimiyyəti orqanlarının aparatları 7-ci kateqoriya dövlət orqanları hesab edilməklə yerli icra hakimiyyəti orqanlarının bölmə rəhbərlərinin vəzifəlri inzibati vəzifələrin 7-ci təsnifatına aid edilmişdir və bu təsnifata daxil olan vəzifələri tutan şəxslərə 1 il staj, 2 il sınaq müddəti tətbiq edilirdi. Qərarda göstərildiyi kimi,xx.xx.1992-cl İİ tarixdən xx.xx.1994-cü il tarixədək Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Arxitektura şöbəsində mühəndis vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı İİ tarixədək Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləmişəm. İşlədiyim müddət cəmi 3 il 8 ay olmasına baxmayaraq mənim iddiam əsassız və qanunsuz olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.Eləcə də mənim icra hakimiyyəti orqanlarının nəzdində,yanında olan orqanlarda rəhbər işləməyimi məhkəmə nəzərə almamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-3154/2023 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-3154/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddiaçı “üçüncü dərəcəli kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında 1992- 1994-cü illərdə mühəndis və 2005-2006-cı illərdə şöbə müdiri vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq staj hesablanarkən nəzərə alınmışdır. Lakin, Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 179 nömrəli əmrinin məzmunundan müəyyən edilir ki, İddiaçı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsi nəzdindəkiTəsərrüfat hesablı layihə-smeta qrupunun rəhbəri vəzifəsindən azad edilib, Dövlət qulluğu haqqında Qanuna uyğun olaraq sınaq müddətinə Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Masallı rayon İcra Hakimiyyətində işlədiyi müddətdə “Dövlət qulluğu haqqında" Qanuna əsasən sınaq müddəti tamamlanmadığı üçün cavabdeh orqan tərəfindən haqlı olaraq 3-cü dərəcəli kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon İcra Hakimiyyətinə qarşı “üçüncü dərəcəli kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianın xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, "iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 5-66/2-751/2023 nömrəli məktubunda göstərilmişdir ki, kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi və hər ay ixtisas dərəcəsinə uyğun olaraq vəzifə maaşına əlavələrin düzgün hesablanaraq ödənilməsi barədə Masallı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə baxılmışdır. 01 sentyabr 2001-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında“ Qanununun 28-ci maddəsinə əsasən 1il staj müddəti və 2 il sınaq müddəti tamam olduqdan sonra kiçik dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilirdi. Masallı rayon İcra Hakimiyyətində işlədiyi müddətdə “Dövlət qulluğu haqqında" Qanuna əsasən sınaq müddəti tamamlanmadığı üçün kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməmişdir. Məlumat üçün bildirilmişdir ki, 31 may 2016-cı il tarixli 267-VQD nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməlivə vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. 6 ay staj və 3 ay sınaq müddəti tamam olduqdan sonra kiçik dərəcəli dövlət qulluğu ixtisas dərəcəsi verilir. Qeyd edilən dəyişiklik işlədiyi dövrə aid olmadığı üçün şamil edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin sorğusu əsasında Rayon icra Şirvan Hakimiyyətində işlədiyi dövrə aid sənədlərin surətləri 05 dekabr 2022-ci il tarixli M-06-2389 nömrəli məktubla İnzibati Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 33-48-33RA/2-Ə-xx-xx/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Masallı rayon İcra hakimiyyəti başçısının aşağıdakısərəncamları ilə; xx.xx.2005ci il tarixli 160 sərəncamla, 2005-ci ilin İ rübü yarımilliyin nəticəsinə görə işlərində fəallıq göstərdiyinə görə, bir aylıq əsas vəzifə maaşı həcmində mükafatlandırılmışdır.xx.xx.2006cı il tarixli 73 sərəncamla, 2006-cı ilin İ rübü ərzində rayonun sosial-iqtisadi nəticələrinin əldə olunmasında fəallığına görə, bir aylıq əsas vəzifə maaşı həcmində mükafatlandırılmışdır. xx.xx.2006-cı il tarixli 127 sərəncamla, “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə və dövlət qulluğunda fərqləndiyinə görə, bir aylıq əsas vəzifə maaşı həcmində mükafatlandırılmışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5-66/2-2557/2023 nömrəli məktubunda göstərilmişdir ki, iş üzrə İddiaçı Masallı Rayon İcra Hakimiyyətinə işə qəbul olunması və işdən azad olunması barədə əmrlərin müvafiq qaydada təsdiqolunmuş surətləri göndərilir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 179 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsi nəzdindəki Təsərrüfat hesablı layihə-smeta qrupunun rəhbəri vəzifəsindən azad edilib Dövlət qulluğu haqqında Qanuna uyğun olaraq sınaq müddətinə Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 238 nömrəli əmrində göstərilmişdir ki, Əmənov X1 Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.2 maddəsinə əsasən (ərizəsi nəzərə alınmaqla) 08 noyabr 2006-cı ıl tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, işdə iştirak edən şəxsin verdiyi izahatdan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı Əmənov X1 rayon İcra Hakimiyyətində 1992-ci il tarixdən 2006-cı ilədək müxtəlif dövlət qulluğu vəzifələrində çalışmış, xx.xx.2006-cı il tarixdə Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 238 nömrəli əmri ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsindən «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.2 maddəsinə əsasən (ərizəsi nəzərə alınmaqla) 08 noyabr 2006-cı il tarixdən azad edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək 1992-1994-cü və 2005-2006-cı illərdə işlədiyi dövrlər üçün ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi və hər ay ixtisas dərəcəsinə uyğun olaraq vəzifə maaşına əlavələrin düzgün hesablanaraq ödnilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan İddiaçı Masallı rayon İcra Hakimiyyətində işlədiyi müddətdə “Dövlət qulluğu haqqında" Qanuna əsasən sınaq müddətini tamamlamadığı üçün kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin predmetini iddiaçının 1992-1994-cü və 2005-2006-cı illərdə işlədiyi dövrlər üçün ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsinin verilməməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı 1992-1994-cü və 2005-2006-cı illərdə işlədiyi dövrlərlə bağlı cavabdehin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(120)-3154/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar