Məhkəmə qərarları › İş №2-1(106)-278/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-278/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-278/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X5, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-87/2023 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ona ayrılmış 0,1 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) xx.xx.2023-cü il tarixli, 2- 1(120)-87/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Ələt- Hacıqabul magistral avtomobil yolunun şimalından ona ayrılmış 0,1 hektar (1000 m2) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ona kiçik sahibkarlıqla məşğul olması üçün Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 metr aralı olmaqla 1000 m2 torpaq sahəsinin ayrılması qərara alınmışdır. O, qeyd edilən 0,1 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etsə də, cavabdeh orqan ona məxsus torpaq sahəsinin yolun mühafizə zolağında yerləşdiyini göstərərək mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki torpaq ayrılması barədə sərəncamda torpaq sahəsinin yol oxundan 40 metr aralıda yerləşdiyi qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsini nəzərə almayaraq qərar qəbul etmişdir. Belə ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə 0,1 hektar torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmaqla ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Prosessual məsələlər Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, o, İddiaçı əridir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsində tikinti sahəsi 150 m2 olan mağazaya dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olmuşdur. Həmin mağazanın yerləşdiyi torpaq sahəsinə münasibətdə isə həmin torpaq sahəsinə dair hansı əmlak hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğunu hüquqi bilgiləri olmadığından dəqiq müəyyən edə bilməmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İşdə olan Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli, 20 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini İddiaçı ərizəsini nəzərə alaraq kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 metr aralı olmaqla 1000 m2 torpaq sahəsi ayrılması, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsi rəhbərliyinə İddiaçı torpaqdan istifadəyə hüquq verən sənədlərin verilməsinə köməklik edilməsi tapşırılmışdır. İşdə olan Hacıqabul Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 04/MT nömrəli “Tikintinin aparılmasına icazə” vəsiqəsindən görünür ki, Pirsaat qəsəbə sakini İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsində tikinti sahəsi 150 m2 olan mağaza tikintisinə təsdiq edilmiş layihə əsasında tikinti-quraşdırma işlərinin görülməsinə icazə verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair verilmiş sərəncam hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. İşin faktiki hallarından görünür ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini İddiaçı ərizəsini nəzərə alaraq kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 metr aralı olmaqla 1000 m2 torpaq sahəsi ayrılmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 04/MT nömrəli “Tikintinin aparılmasına icazə” vəsiqəsi ilə İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsində tikinti sahəsi 150 m2 olan mağaza tikintisinə təsdiq edilmiş layihə əsasında tikinti-quraşdırma işlərinin görülməsinə icazə verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ona ayrılmış 0,1 hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə İddiaçı istifadəsinə kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə Ələt-Hacıqabul magistral avtomobil yolunun şimalından, yol oxundan 40 metr aralı olmaqla 1000 m2 torpaq sahəsi ayrılmışdır. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə 0,1 hektar torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmaqla ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının sərəncamında torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi nəzərdə tutulmasına baxmayaraq öz qərarı ilə iddiaçının mülkiyyət hüququnu qeydə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 11 fevral 2005-ci il tarixli, 20 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsində tikinti sahəsi 150 m2 olan mağazaya dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olmuşdur. Həmin mağazanın yerləşdiyi torpaq sahəsinə münasibətdə isə həmin torpaq sahəsinə dair hansı əmlak hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğunu hüquqi bilgiləri olmadığından dəqiq müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını müəyyən etməli, iddia tələbi dəqiqləşdirilməli, iddiaçının mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mağazaya hansı əmlak hüquqlarının qeydə alınması barədə hüquqi marağı dəqiq müəyyən edilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirdikdən sonra məhkəmə iddianın mümkünlüyünə də qiymət verməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2- 1(120)-87/2023 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2-1(120)-87/2023 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar