Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-278/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X26 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Fikrət Cilingir oğlu və X10 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “verilmiş sərəncama əsasən Dövlət Torpaq və Xəriçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il 924 saylı vəsatəti, akt və xəritə nəzərə alınmaqla sonradan reyestr tərəfindən verilmiş çıxarışda göstərilən plan-ölçülərin dəyişdirilərək əvvəlki yerinə qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq “verilmiş sərəncama əsasən Dövlət Torpaq və Xəriçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il 924 saylı vəsatəti, akt və xəritə nəzərə alınmaqla sonradan reyestr tərəfindən verilmiş çıxarışda göstərilən plan-ölçülərin dəyişdirilərək əvvəlki yerinə qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-3550/2024 nömrəli qərardadı ilə X12 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1953-cü ildən mənim ata-babalarım öz doğma yurdlarından Stalinin qərarı ilə çıxarılaraq Sabirabad rayonunun indiki Nizami kəndinə köçürülmüşdür. Hər il həmin kəndin camaatı öz ata-baba yurdlarını ziyarət etməyə gəlir qəbirəstanlığa gedərək öz ata və babalarının ruhlarına dua oxuyur, bir qədər də olsa sakitlik tapırlar. 2022-ci ildən bəri bu camaatın yuxusu necə deyərlər ərşə çəkilib. Belə ki, Moranlı kənd sakini X12 atası X13 xeyir duası ilə məlum olmayan səbəbdən Dövlət Reyestr Xidmətindən ona həmin təhkim olunmuş yerə Reyestr tərəfindən Çıxarış alan zaman plan ölçülərdə dəyişiklik etdirərək 5.0 ha örüş adıynan İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncamın əksi olaraq həmin yer sürüşdürülərək kəndin yurd yerinə salınmış, buna da qane olmayaraq Sərəncamda göstərilən örüş yerini verilən çıxarışda əkin yeri kimi yazdırmışdır. Bu barədə mən və həmin kəndin keçmiş sakinləri Cəlilabad rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastr və X28 şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişik. Onlar da rəsmi olaraq bu işin həlli üçün Məhkəməyə müraciət etməyimizi bildirmişlər. Ona görə İnzibati Prosessual Məcəlləsinin 2, 8, 32, 35 və 70-ci maddələrini rəhbər tutaraq İcra Hakimiyyətinin verdiyi sərəncama əsasən Torpaq Komitəsinin Rayon Şöbəsi tərəfindən Çəkilmiş xəritəyə əsasən plan ölçülərin əvvəlki variantının qüvvədə saxlanılmasınnı və X17 verilən 5.0 ha Çıxarışda göstərilən plan ölçülərin ləğv edilsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 saylı qərardadı (Şahəli Musayev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsini İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etməklə tərtib edərək məhkəməyə təqdim etmişəm. Belə ki, mən iddiamın əsaslı olması barədə bütün fakt və halları göstərmişəm. Bundan başqa, cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində mənim mülkiyyətçi kimi mülkiyyət hüquqlarım pozulmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən X12 adına verilmiş çıxarış, həmin verilmiş çıxarışın verilməsinə əsas olmuş sərəncama, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon Şöbəsinin 3 mart 2011-ci il tarixli 924 saylı vəsaətinə, akta və xəritəyə uyğun olmamışdır. Mən hazırki iddianı maraqlarına toxunulan şəxs qismində vermişəm və hesab edirəm ki, mənim iddianı qaldırmaq üçün subyektiv hüququm mövcuddur. Belə ki, cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarım pozulmuşdur. Ona görə də mənim iddiamın mümkün sayılmaması üçün əsas yoxdur və məhkəmənin həmin qərardadı ləğv edilməlidir. Məhkəmənin həmin qərardadı mənə münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququmun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ varki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)- 3550/2024 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı “verilmiş sərəncama əsasən Dövlət Torpaq və Xəriçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il 924 saylı vəsatəti, akt və xəritə nəzərə alınmaqla sonradan reyestr tərəfindən verilmiş çıxarışda göstərilən plan-ölçülərin dəyişdirilərək əvvəlki yerinə qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı qeyri mümkün hesab etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Cəlilabad rayon İcra Hakimiyyətinin verdiyi sərəncama əsasən Torpaq Komitəsinin Rayon Şöbəsi tərəfindən çəkilmiş xəritəyə əsasən plan ölçülərin əvvəlki variantı qüvvədə saxlanılmaqla X17 verilən 5,0 ha çıxarışda göstərilən plan ölçülərin ləğv edilməsini xahiş etmiş, lakin həmin X17 verilmiş torpaq sahəsinin İddiaçı məxsus olmasına, həmçinin Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 39 nömrəli sərəncamı ilə subyektiv hüququnun pozulmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 39 nömrəli Sərəncamından görünür ki, Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il tarixli 924 N-li vəsatəti nəzərə alınaraq Respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin, 1-ci bəndinin, 13-cü abzasına əsasən (vəfat etdiyi üçün) dövlət ehtiyat fond torpağından X14 verilmiş 10,0 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmiş, torpaq sahəsinin verilməsi barədə X6 müraciəti, respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il tarixli 924 Nç-li vəsatəti, akt və xəritə nəzərə alınaraq dövlət ehtiyat fondundakı torpaqdan 1-ci hissə 10,0 hektar əkin təyinatlı olmaqla şimaldan və qərbdən dövlət ehtiyat fond torpaqları ilə, cənubdan və şərqdən yol ilə, 2-ci hissə 5,0 hektar örüş təyinatlı olmaqla şimaldan, cənubdan, şərqdən və qərbdən dövlət ehtiyat fond torpaqları ilə sərhədlənən cəmi 15.0 ha torpaq sahəsi X6 icarəsinə verilmiş və Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə tapşırılmışdır ki, 15.0 hektar əkin təyinatlı torpaq sahəsini naturada ölçüb X8 təhkim etsin. İş materiallarında olan AR DTXK Cəlilabad rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 924 nömrəli məktubunda qeyd olunur ki, Cəlilabad rayonu Seyidbazar kənd sakini X11 RİH-ə müraciət edərək qaynanası X20 öldüyü üçün onun icarəsində olmuş 10.0 ha torpaq sahəsinin və əlavə olaraq örüş məqsədilə 5.0 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1ci bəndinin 13-cü abzasına əsasən Cəlilabad şəhər sakini X21 öldüyü üçün icarəsində olmuş 10.0 ha torpaq sahəsinə xitam verilməsi, xitam veriləcək 10.0 ha əkin və əlavə olaraq 5.0 ha örüş cəmi 15.0 torpaq sahəsinin Cəlilabad rayon Seyidbazar kənd sakini X6 icarəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Cəlilabad RİH-in başçısının imzası və möhürü ilə təsdiq olunmuş Cəlilabad rayon Seyidbazar kənd sakini X8 ETF-dan icarəyə veriləcək torpaq sahəsinin seçilməsi barədə aktda qeyd olunur ki, DTXK Cəlilabad rayon şöbəsinin müdiri F.A.Hüsey novun, şöbənin məsləhətçisi B.V.Qasımovun və Cəlilabad rayon Seyidbazar kənd sakini X6 iştirakı ilə tərtib edirik bu aktı ondan ötəri ki, ETF-dan olan torpaq sahəsindən ona icarəyə veriləcək 15,0 ha torpaq sahəsinin 10.0 hektarı əkin sahəsi və 5.0 hektarı örüş sahəsidir. Torpaq sahəsinə baxış keçirdik və aşağıdakı qonşuluqları olmaqla sahəni ayırdıq. İş materiallarında olan Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 146 nömrəli Sərəncamından görünür ki, X6 müraciəti nəzərə alınaraq ona Germi dövlət ehtiyat fondundan verilmiş 15,60 hektar torpaqdan istifadə hüqüqüna xitam verilmiş və rayonun dövlət ehtiyat fonduna qaytarılmışdır. Torpaq sahəsinin verilməsi barədə X4 müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 13 avqust 2014-cü il tarixli, 371 N-li vəsatəti, akt və xəritə nəzərə alınaraq Germi dövlət ehtiyat fondundakı torpaqdan 1-ci hissə 10,60 hektar olmaqla şimaldan və cənubdan Germi dövlət ehtiyat fond torpağı şərqdən və qərbdən yol ilə, 2-ci hissə 5,0 haktar olmaqla şimaldan, cənubdan, şərqdən və qərbdən Germi dövlət ehtiyat fond torpağı ilə sərhədlənən cəmi 15,60 hektar torpaq sahəsi X4 icarəsinə verilməsi və onunla icarə müqaviləsi bağlanılması və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə 15.60 hektar torpaq sahəsini naturada ölçüb X7 təhkim edilməsi tapşırılmışdır. İş materiallarında olan Cəlilabad RİH-in başçısının imzası və möhürü ilə təsdiq olunmuş Cəlilabad şəhər sakini X7 “Germi” ETF-dan icarəyə veriləcək torpaq sahəsinin seçilməsi barədə aktda qeyd olunur ki, DT və XK Cəlilabad rayon şöbəsinin müdiri X16, şöbənin baş məsləhətçisi X5 və Cəlilabad şöhbr sakini X4 iştirakı ilə tərtib edirik bu aktı ondan ötəri ki, ETF-dan olaıı torpaq sahəsindən ona icarəyə veriləcək İİ hissədən ibarət olan, həmin torpaq hissəsinin İ hissəsi 10.60 ha olmaqla kənd təsərrüfatına yararlı əkin üçün, İİ hissə olan 5.0 ha torpaq sahəsi isə örüş üçün nəzərdə tutulmuşdur. Cəmi 15,60 ha torpaq sahəsinə baxış keçirdik və aşağıdakı qonşuluqları olmaqla sahəni ayırdıq. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 685 nömrəli müqavilədən görünür ki, Cəlilabad RİH-in xx.xx.2014-cü il tarixli sərəncam əsasında Cəlilabad şəhər sakini X9 ilə Cəlilabad RİH arasında 10.60 ha əkin, 5.0 ha örüş torpaq sahəsi ilə bağlı icarə müqaviləsi imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixində ümumi ərazisi 5 ha olan ehtiyyat fondu torpaqları (əkin) 15 illik icarə əsasında **********19 reyestr nömrəsi ilə X4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, X9 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2029-cu il tarixədək icarəsində olan Cəlilabad rayonu ünvanında yerləşən 5.0 ha torpaq sahəsinin icarə hüququnu X2. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixində ümumi ərazisi 5 ha olan ehtiyyat fondu torpaqları 15 illik icarə əsasında **********19 reyestr nömrəsi ilə X15 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad şəhərində yerləşən, faktiki sahəsi 5 ha olan ehtiyyat fondu torpaq sahəsi **********19 reyestr nömrəsi ilə X15 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırki iddianı qaldırmaqda hüquqi marağı onların ata-baba yurdu olan və hazırda X12 istifadəsində olan 0,5 ha torpaq sahəsinin Əliyev Elnur tərəfindən əkin məqsədi ilə istifadə edilməsinin qarşısının alınması ilə bağlıdır. İzahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi örüş kimi ayrılmasına baxmayaraq X17 məxsus sənədlərdə əkin kimi yazılmış və buna görə X23 əkin kimi istifadə edir və bu hal onu narahat edir. Verilən suallara cavab olaraq izahatında həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmadığını bildirmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilmişdir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 39 nömrəli Sərəncamı əsasında Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il tarixli 924 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq dövlət ehtiyat fondundakı torpaqdan 1-ci hissə 10,0 hektar əkin təyinatlı, 2-ci hissə 5,0 hektar örüş təyinatlı olmaqla cəmi 15.0 ha torpaq sahəsi X6 icarəsinə verilmişdir. X1 müraciəti nəzərə alınaraq həmin 15,60 hektar torpaqdan istifadə hüqüqüna xitam verilmiş və Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 146 nömrəli Sərəncamı əsasında həmin torpaq sahəsi X4 müraciəti, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 13 avqust 2014-cü il tarixli, 371 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq dövlət ehtiyat fondundakı torpaqdan 1-ci hissə 10,60 hektar, 2-ci hissə 5,0 hektar olmaqla cəmi 15,60 hektar torpaq sahəsi X4 icarəsinə verilmişdir. Həmin torpaq sahəsi üzrəində X4 icarə hüquqları daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixində, **********19 reyestr nömrəsi ilə qeydə alınmış və adına Çıxarış verilmişdir. Daha sonra X9 03 may 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında onun icarəsində olan 5,0 hektar torpaq sahəsinin icarə hüququnu X3. X24 həmin 5 ha olan ehtiyyat fondu torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixində **********19 reyestr nömrəsi ilə adına rəsmiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (24 fevral 2023cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsininin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) 16-cı maddəsininin 4-cü bəndinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Həmin Məcəllənin 47-ci maddəsininin 2-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47-ci maddəsininin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Yəni, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərədə tutulan hər hansı hüquqmüəyyənedici sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları mövcud olmalı və yaxud həmin torpaq sahəsi bələdiyyənin ümumi istifadəsində olan və əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsi olmalıdır. Hazırkı işin mübahisələndirilməyən hallarına görə iddiaçının mübahisələndirdiyi (iddia etdiyi) torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ehtiyyat fond torpalarına (10,0 ha hissəsi əkin təyinatına, 5,0 hissəsi örüş təyinatına) aiddir və həmin torpaq sahəsi ilə bağlı iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərədə tutulan hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Şərh olunan hüquq normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb üzrə iddiaçının subyektiv hüququnun olması üçün üçüncü şəxsə ayrılmış sözügedən torpaq sahəsinin bələdiyyələrin ümumi istifadəsində olan, o cümlədən əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsi olmalıdır. Yəni, hətta şərti olaraq qəbul etsək ki, sözügedən torpaq sahəsi örüş təyinatı ilə verilmiş, lakin reyestrdə hüquq qeydə alınarkən səhv olaraq torpağın təyinatı əkin kimi yazılmış və həmin sənəddən çıxış edərək üçüncü şəxs həmin torpaq sahəsindən əkin kimi istifadə edir, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmadığı üçün reyestrdə aparılan düzəlişlərin edilməsi ilə bağlı yenə də iddiaçının subyektiv hüququ olmayacaqdır. Nəzərə alınmnalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin 13-cü cümləsinə əsasən torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Eyni zamanda iddiaçı hazırki iddia ilə Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 39 nömrəli Sərəncamı əsasında Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il tarixli 924 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq sonradan reyestr tərəfindən verilmiş çıxarışda göstərilən planölçülərin dəyişdirilərək əvvəlki yerinə qaytarılmasını tələb etsə də, nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi sonradan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 13 avqust 2014-cü il tarixli, 371 nömrəli vəsatəti, akt və xəritə nəzərə alınaraq Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 146 nömrəli Sərəncamı əsasında X4 icarəsinə verilmşdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 146 nömrəli Sərəncamı və həmin sərəncamın qəbul edilməsini şərtləndirən digər sənədlər ləğv edilməmiş, geri çağırılmamış və hüquqi qüvvəsini itirməmişdir. Yəni, əvvəlki xx.xx.2011-ci il tarixli, 39 nömrəli sərəncam, Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin 3 mart 2011-ci il tarixli 924 nömrəli vəsatət, akt və xəritə nəzərə alınmaqla reyestr tərəfindən verilmiş çıxarışda düzəlişlərin edilməsinin hüquqi əsasları qalmamışdır. Bununla belə məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, sözügedən 0,5 ha torpaq sahəsi üzərində X12 icarə hüquqları xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********19 nömrə ilə qeydə alınarkən onun adına verilmiş çıxarışda “əkin” kimi qeydlər aparılmamışdır. Yəni, həmin çıxarışda torpaq sahəsinin kateqoriyası “əkin” kimi deyil, “ehtiyyat fond torpaqları” kimi göstərilmişdir və həmin kateqoriya ilkin hüquqmüəyyənedici sənədə - Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 146 nömrəli 14 avqust 2014-cü il tarixli sərəncamında göstərilən qeydlərə uyğundur. İddiaçının tələbinin əsasını X12 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********19 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestri çıxarışında torpağın kateqoriyasının “əkin” kimi qeydlərin yazılmasının düzgün olmaması ilə bağlı olduğunu nəzərə alsaq, həmin qeydlərin X12 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********19 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestri çıxarışında olmaması hazırki tələb üzrə subyektiv hüququnun cavabdeh tərəfindən pozulmaması anlamına gəlir. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Başqa sözlə, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla hazırki iddianı qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(120)-3550/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-278/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-278/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver