Məhkəmə qərarları › İş №2-1(106)-28/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-28/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-28/2023 18.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı2 Hacalı qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(120)-837/2022 nömrəli qərardadından İddiaçı2 Hacalı qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Hacalı qızının cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Hacalı qızı cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 04 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-837/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı2 Hacalı qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin üzvləridirlər. İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı ilə X4 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilərək bələdiyyə sədrliyindən azad edilmişdir. Sonradan İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarı həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı ilə ləğv olunmuş və X4 bələdiyyə sədri seçilmişdir. İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının qəbul edildiyi bələdiyyə iclasında bələdiyyə üzvlərinin çox hissəsi iştirak etməmişdir. Digər tərəfdən, həmin qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsində qeydə alınmamışdır. İddiaçılar hesab edirlər ki, qanunvericiliyin tələblərinə müvafiq iclas keçirilmədiyindən və müvafiq orqanlarda qeydə alınmadığından sözügedən bələdiyyə qərarı qanunsuz və əsassızdır. X1 İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı iddia qaldırmış, lakin Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-367/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının əsası kimi İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarı ilə artıq ləğv olunduğunu, bununla da, iddiaya mahiyyəti üzrə baxılmasına zərurətin qalmadığını göstərmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 Hacalı qızı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində İddiaçı2 Hacalı qızı birinci instansiya məhkəməsinin qərardadı ilə razı olmadığını bildirmiş və həmin qərardadın ləğv edilərək iddia müddətinin bərpa edilib işin məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı2 Hacalı qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, X3 İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı qaldırdığı iddia tələbinə dair inzibati işə xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində baxılarkən iddiaçılar məhkəmə iclasında üçüncü şəxs qismində iştirak etmiş və İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından məlumatlı olmuşdurlar. Lakin həmin bələdiyyə qərarından şikayət vermək hüquqlarını bilmədiklərindən və bu barədə hüquqları da onlara izah edilmədiyindən onlar bələdiyyə qərarını vaxtında mübahisələndirməmişdirlər. Beləliklə də, həmin bələdiyyə qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdürlər. Müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı mötəbər sübutları yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia müddətinin bərpa edilib işin məhkəmə baxışına qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər İddiaçı1 və cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən digər İddiaçı1 və cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 01 nömrəli iclas protokolunun surətindən görünür ki, X2 rayon Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, X4 bələdiyyə üzvü kimi səlahiyyətləri itirilmiş hesab edilərək bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. İşdə olan İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən görünür ki, İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclas protokolu ləğv edilmiş və X2 rayon Qaragüvəndikli bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-367/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X3 cavabdeh İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarın ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərar alınmışdır. İddiaçı1 və İddiaçı2 Hacalı qızı da həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak etmişdirlər. İşdə olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 11-113/22 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)- 367/2021 nömrəli qərardadı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, X3 İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə İmişli rayon Qaragüvəndikli bələdiyyəsinə qarşı qaldırdığı iddia tələbinə dair inzibati işə xx.xx.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsində baxılarkən iddiaçılar məhkəmə iclasında üçüncü şəxs qismində iştirak etmiş və İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarından məlumatlı olmuşdurlar. Lakin iddiaçılar İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının mübahiləndirilməsinə dair Şirvan inzibati Məhkəməsinə ünvanladıqları iddia ərizəsini xx.xx.2021-ci il tarixdə rabitə orqanına təqdim etmişdirlər. Göründüyü kimi, iddiaçılar İmişli rayon Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli qərarının mübahiləndirilməsinə dair qanunvericiliklə müəyyən olunmuş müddətdə iddia qaldırmamış və iddia müddətini buraxmışdırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, İddiaçı2 Hacalı qızı sözügedən bələdiyyə qərarını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin üzrlü səbəbdən buraxıldığına dair əsaslı dəlillər gətirməmiş, iddia müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 Hacalı qızının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(120)-837/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar