Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-282/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(120)-622/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı istifadəsində olan torpaq sahəsinin yerində tanıtdırılıb ona təhvil verilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 30 ildən çox istifadəsində olan torpaq sahəsinin yerində tanıtdırılıb ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 12 aprel 2023-cü il tarixli, 2-1(120)-622/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə qanunla müəyyən edilmiş qaydada torpaq sənədləri verilmişdir, lakin cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq onun torpaq sahəsi kənar şəxslərə verilmişdir. Halbuki 30 ildən çoxdur ki, o, torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi ilkin sənədlərlə və digər sənədlərlə tam mülkiyyət hüququ əsasında ona verilmiş, lakin cavabdeh inzibati orqan onun sənədlərinin olmasına baxmayaraq onun torpaq sahəsini başqa şəxslərə vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxs X1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 10.1-ci bəndində qeyd edilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin yerində tanıtdırılıb ona təhvil verilməsi tələbi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət ərizəsini və (və ya) imtina məktubunu təqdim edə bilmədi. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən istifadəsində olan torpaq sahəsinin yerində tanıtdırılıb ona təhvil verilməsi tələbi üzrə müraciətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə daxil olmadığını bildirmişdir. İş üzrə məhkəmə icraatı çərçivəsində iddiaçıya cavabdehə müraciət məktubunun və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda bu faktla bağlı məhkəmə araşdırması zamanı hər hansı hal aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş “Turanə” kəndli fermer təsərrüfatının xx.xx.1995-ci il tarixli nizamnaməsindən görünür ki, həmin kəndli təsərrüfatının başçısı İddiaçıdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Torpaq Komissiyasının aktına əsasən mübahisə edilən torpaq sahəsinin “Turanə” kəndli fermer təsərrüfatına ayrıldığını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia ərizəsi Turanə” kəndli fermer təsərrüfatının adından qaldırılmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbi ilə əlaqədar Şirvan İnzibati Məhkəməsi tərəfindən ona xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə hüquqi yardım xarakterli məktublar göndərilərək ona cavabdeh inzibati orqana ilkin müraciət edilməsi və iddianın Turanə” kəndli fermer təsərrüfatının adından qaldırılmalı olduğu barədə iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verir, lakin cavabdeh inzibati orqana iddia tələbi ilə əlaqədar ilkin müraciət etməsi ilə bağlı sübut təqdim edə bilmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2-1(120)-622/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-282/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-282/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver