Məhkəmə qərarları › İş №2-1(106)-282/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-282/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-282/2024 25.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2-1(120)-989/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X3 Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Şirvan şəhəri, Xəqani küçəsi, ev 36 (Yeni qaydalarla: ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 19 yanvar 2024-cü il tarixli, 2- 1(120)-989/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X2 Şirvan şəhəri, Xəqani küçəsi, ev 36 (Yeni qaydalarla: Şirvan şəhəri, Xəqani Şirvani küçəsi,ev 273) ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 36 (Yeni qaydalarla: Şirvan şəhəri, Xəqani Şirvani küçəsi, ev 273, ev 36) tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Üçüncü şəxsin həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus evdə onun və övladının istifadə hüququnun olmasına baxmayaraq birinci instansiya məhkəməsi buna qiymət verməmiş, məhkəmə iclasının vaxtı barədə ona məlumat verməmiş, ona sms bildiriş göndərilməmiş və nəticədə onun qeydiyyatdan çıxarılması barədə tələsik qərar qəbul edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi, ev 36(Yeni qaydalarla: Şirvan şəhəri, Xəqani Şirvani küçəsi,ev 273) tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-111/2-Z-12511/11/23 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. -Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-8-1/2- 568/2023 nömrəli məktubunda bildirilir ki, X1 şəhəri, Xəqani küçəsi, ev 36 (Yeni qaydalarla: Şirvan şəhəri, Xəqani Şirvani küçəsi,ev 273) ünvanda yaşamır. -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-187/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan görünür ki, X6 ilə X4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahın pozulması qərara alınmışdır. -AZ-İ №466993 nömrəli nigahın pozulması haqqında olan şəhadətnamənin surətindən görünür ki, X6 və X2 nikahına Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli gətnaməsi əsasında 19 may 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin yanvar ayının 18-də 16 nömrə ilə qeyd edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas kimi təkcə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya kirayə müqaviləsini deyil, həm də vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini nəzərdə tutur. Hazırkı işin halları üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X10 “yaşayış sahəsi verən şəxs” olmasa da, onun yaşayış sahəsindən çıxarılması barədə qərarın olmaması və mübahisəli evə istifadə hüququnun olduğu müəyyən edilməsi, elə yaşayış sahəsi verən şəxsin ərizəsi ilə eyni mahiyyətlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Üçüncü şəxs apellyasiya şikayətində sözügedən ünvandan istifadə hüququnun olmasını bildirsə də, məhkəmə kollegiyasına bunu təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X2 Şirvan şəhəri, Xəqani küçəsi, ev 36 (Yeni qaydalarla: Şirvan şəhəri, Xəqani Şirvani küçəsi,ev 273) ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(120)-989/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar