Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-283/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-1585/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı əskinasın dəyişdirilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-1585/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, iş üzrə 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, cırılmış 100 manatlıq əskinasın dəyişdirilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnış nəticəyə gəlməklə ədalətsiz qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən qəbul edilmiş müvafiq “qaydalar”ın “pul nişanının eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100% saxlamalıdır” tələbi ilə razı deyil, buna baxmayaraq cavabdeh qaydalarda tələbin nəyə görə bu cür qoyulmasını ona izah etməmiş, bundan yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 01.03- 22021- 1251 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Banka ünvanladığı məktubuna müvafiq qaydada tərəflərindən baxılaraq bildirilir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən Mərkəzi Bank tərəfindən yalnız həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini, eləcə də eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış milli pul nişanının nominal dəyəri ödənilir. İddiaçının Mərkəzi Bankın nağd pul ofisinə təqdim etdiyi pul nişanının iki eyni hissədən ibarət olduğu və müəyyən hissəsi itirildiyindən pulun tamlığının pozulduğu (eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamalıdır) müəyyən olunmuşdur. Eyni zamanda, “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydalarına uyğun olaraq müvafiq pul nişanının hissələrinin səthini xüsusi cədvəllər vasitəsilə müəyyən edən zaman hissələrinin ayrı-ayrılıqda 60%-dən az olduğu da müəyyən edildiyindən müvafiq qanunvericiliyə əsasən pulun nominal dəyəri iddiaçıya ödənilməmişdir. -Azərbaycan Respublikası Mərkəzi Bankının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 6-1-03/2-1902/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Milli pul nişanlarının ekspertizası Mərkəzi Bank tərəfindən təsdiq olunmuş və hüquqi aktların dövlət reyestrinə daxil edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” əsasında aparılır. Zədələnmiş kağız pul nişanlarının saxlanılmış bütöv səthinin 60%-ı Qaydaların aşağıda qeyd olunmuş müvafiq bəndlərinə əsasən hesbalanır: 4.7-ci bənd: Səthi bütöv olmayan kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bu Qaydalara Əlavə 3- də göstərilmiş bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur. 4.8-ci bənd: Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir: 4.8.1-ci yarımbənd: pul nişanının saxlanılan böyük hissəsi damalı cədvəlin üzərinə qoyulur, perimetr boyu uyğunlaşdırılır və qələmlə pulun itihlmiş kənarı boyunca xətt çəkilir; 4.8.2-ci yarımbənd: çəkilmiş xəttin daxilində qalan tam damalar sayılır, xətlə kəsilmiş damaların hər biri yarım dama hesab olunur və tam damaların sayı ilə toplanılır; 4.8.3-cü yarımbənd: alınan damaların sayı 120-yə bərabər olduqda pul nişanı 60%-i saxlamış hesab olunur. Əlavə olaraq bildiririk ki, zədələnmiş pul nişanının dəyişdirilməsi Mərkəzi Bankın kassalarında əməliyyatların bir növü olaraq inzibati orqan kimi deyil emitent bank kimi həyata keçirilir. Zədələnmiş pul nişanının nominal dəyərinin ödənilməsi mümkün olmadıqda həmin pul təqdim edən şəxsə geri qaytarılır. Pul nişanı yalnız vətəndaşın razılığı ilə Mərkəzi Bankın ekspertizasına daxil olur və ekspertizanın nəticəsi müvafiq aktla rəsmiləşdirilərək bir nüsxəsi vətəndaşa təqdim olunur. Saatlı şəhər sakini vətəndaş İddiaçı Mərkəzi Bankın kassasına təqdim etdiyi pul nişanının qanunvericiliyin tələbinə əsasən nominal dəyərinin ödənilməsi mümkün olmadığından pul nişanı vətəndaşın istəyi ilə geri qaytarılmışdır. Bununla belə, vətəndaş 20 dekabr 2021-ci il tarixdə Mərkəzi Banka rəsmi müraciət ünvanlamış və 29 dekabr 2021-ci il tarixdə müraciətə Mərkəzi Bank tərəfindən rəsmi cavab məktubu göndərilmişdir (vətəndaşın müraciəti və müraciətə cavabın surətləri əlavə olunur). Xahiş edirik, nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 5/1061 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim edilmiş C seriyalı 54985915 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasının hissələri poliqrafik çap üsulu ilə hazırlanmışdır, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və Mərkəzi Bankın tədəvülə buraxdığı eyni nominal pul əskinası ilə eynilik təşkil edir. Ekspert qarşısında qoyulmuş “İddiaçı Bəybal oğlu tərəfindən təqdim edilmiş və iş materiallarında olan 100 manatlıq əskinasın hissələrinin ayrıayrılıqda 60%-dan az və yaxud çox hissəsini saxlanılmışdır?” sual “Pul nişanlarının və qiymətli kağızların tədqiqi” ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmadı. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən 100 manatlıq pul əsginasın 60%-dan az hissəsinin məhv olması sübuta yetirilmir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən: 40.1. Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. 40.2. Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.3. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.4. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. 40.5. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilmir və onun nominal dəyəri ödənilmir. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərilir. 40.6. Xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Xarici valyutada saxta pul nişanlarına bu Qanunun 40.5-ci maddəsi şamil edilir. “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 may 2020-ci il tarixli, 23/1 nömrəli qərarının: -4.1. Milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. -4.4. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir. -4.5. Milli pul nişanlarının saxta olması və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olması barədə ekspert rəyi Mərkəzi Bank tərəfindən verilir. İşin faktiki hallarından görünür ki, cavabdehin faktiki xarakterli hərəkətləri iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının hazırki mübahisə üzrə hüquqi marağı ilə bağlı qeyd edir ki, iddiaçı əslində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 may 2020-ci il tarixli, 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın müvafiq tələblərindən narazıdır və həmin tələblərin onu qane etmədiyi qənaətindədir. Buna baxmayaraq öhdəliyin icrası haqqında iddia növü ilə məhkəməyə müraciət edərək, pul əskinasının dəyişdirilməsi tələbi ilə çıxış etmişdir. Əslində inzibati məhkəmə icraatının prinsipləri və tələbləri baxımından birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan hüquqi marağını aşkara çıxarıb bu istiqamətdə hüquqi dəyərləndirmə aparmaqla həmin maraqlara uyğun daha perspektivli iddia növü ilə çıxış etmək baxımından iddiaçıya hüquqi yardım etmək vəzifəsi daşısa da, iddiaçının həmin maraqlara uyğun cavabdehə ilkin müraciətinin olmaması baxımından haqlı olaraq verilmiş tələb həddində işə baxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(120)-1585/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-283/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-283/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver