Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-285/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçını nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-3254/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 19 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3254/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmamsı qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2021-ci il tarixdən mübahisəli inzibati aktdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda iddia mümkün sayıla bilməz. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 38 nömrəli Sərəncam və 20 may 2021 -ci il tarixli, 17 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 №-li hərbi hissə) dislokasiya ərazisinə aid 0.015 ha torpaq sahəsi araşdırılma aparılmadan Regional Vəkil Qurumu üçün inzibati binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir. Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (o vaxtkı adı ilə N №-li hərbi hissə) 1966-cı il tarixli baş planına (qoşmaya əlavə olunur) əsasən, Lənkəran şəhəri, Ş.Axundov küçəsində yerləşən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış 0.015 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin balansındadır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxın gələcəkdə mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi maneələr yarada biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına münasibətdə yuxarıda adıçəkilən Sərəncam və onun hüquqi nəticələrinin ləğv edilməsi əks təqdirdə həmin Sərəncam, Müqavilə və digər hüquq müəyyənedici sənədlərin rəsmi qaydada Dövlət Sərhəd Xidmətinə təqdim olunması barədə 12 yanvar 2024-cü il tarixdə 3-38-16/2-260/24 №-li məktubla Lənkəran rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. 22 fevral 2024-cü il tarixdə AR Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada Lənkəran şəhər İcra Hakimiyyətinin 19 fevral 2024-cü il tarixli 5-2-1/2-177/2024 №-li imtina məktubu daxil olmuşdur. Qeyd olunan halların aradan qaldırılması məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmə vəzifəsinə riayyət etmədən iddianı mümkünsüz saymışdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etdiyini bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 nömrəli sərəncamının surətindən görünür ki, Lənkəran şəhərinin Ş.Axundov küçəsində dövlət mülkiyyətinə aid 0.015 ha torpaq sahəsi Regional Vəkil Qurumu üçün inzibati binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 49 il müddətinə icarəyə verilmişdir. -xx.xx.2021-ci il tarixli, 17 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 nömrəli sərəncamına əsasən 49 il müddətinə 150,0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə iddianı mümkünsüz saymaqla, hazırki münasibətləri tənzimləyən qanunvericilik normaları baxımından düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanına əsasən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Hazırkı mübahisə üzrə tərəfi kimi inzibati orqanlar çıxış edir. Bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf-mübahisə icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə icraatının predmeti deyil. “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(120)-3254/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-285/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-285/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver