Məhkəmə qərarları › İş №2-1(106)-286/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-286/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-286/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-1096/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və əmək fəaliyyətində olduğu xx.xx.1974-xx.xx.1982-ci illərin sosial siğorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dаir iddiаsı inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3-17-1/1- K-113284/2023 saylı qərarın ləğv edilməsi və əmək fəaliyyətində olduğu xx.xx.1974xx.xx.1982-ci illərin sosial siğorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 18 dekabr 2024-cü il tarixli, 2- 1(120)-1096/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş pensiya işinin materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkilmişdir. Cavabdeh orqan tərəfindən isə 2014-cü il tarixdən əmək pensiyası təyin edilmiş və 9 il ərzində müvafiq hal mübahisələndirilməmişdir. İddiaçı İT-İ seriyalı, ******* saylı, xx.xx.1982-ci il tarixli əmək kitabçasına qaralamanın necə və hansı halda düşməsi barədə məlumatlı olmadığını bildirmişdir. Masallı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən məhkəməyə təqdim edilmiş 1974-1986-cı illərə dair müəyyən dövrlər üzrə sərəncam (əmr) və digər sənədlər üzrə, iddiaçıya məxsus uçot kartası üzrə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək Masallı Rayon Kooperativlər İttifaqında işləmişdir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 10 mart 2014-cü ildə ona pensiya təyin edilmişdir. Təhsil müddəti ümumi staja daxil edilmədiyi üçüq bununla bağlı cavabdeh quruma müraciət etdmiş, bundan sonra isə pensiyadan tutulmaların olmasını müşahidə etmişdir. Sonradan isə ona 13 iyun 2023-cü il tarixli məktub gəlmiş və həmin məktubda əmək kitabçasında olan xx.xx.1974-xx.xx.1982-ci illər ərzində işləməsinə dair məlumatların qeyd edildiyi qrafalarda xətt çəkildiyi üçün həmin dövrün ona staj kimi hesablanması və bu əsasla pensiyasının vaxtı ilə düzgün hesablanmaması qeyd edilmişdir. Əmək kitabçası da pensiya təyin edilən vaxtdan cavabdeh qurumda olmuş və onu cari ilin may ayında geri ala bilmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi dövrə dair əmək kitabçasında müvafiq qeydlər olduğundan həmin dövrlər sığorta stajına daxil edilməli idi. Ancaq cavabdeh qurum bunu nəzərə almamaqla qanunvericiliyin tələbini və onun hüquqlarını pozmuşdur. Bundan başqa qeyd olunan dövr ərzində işləməsi X7 Partiyası üzvünün uçot kartında olan məlumatlarda, 1974-1975-ci illərdə məzuniyyət verilməsi ilə bağlı sərəncamın surətində də əks olunmuşdur. Həmin sərəncamın əsli və əmək kitabçası şəxsi DSMF- nın Masallı rayon şöbəsində şəxsi işində olmuş, həmin sənədləri verərkən əmək kitabçasında hər hansı pozuntu olmamışdır. Yalnız cari ilin may ayında kitabçasını geri alarkən həmin kitabçada mübahisəli dövrlə bağlı işləməsinə dair məlumatların üzərində xətt olsa da, bunun nə ilə bağlı olması göstərilməmişdir. Halbuki həmin məlumatların qeyri-dəqiqliyinə görə bu olmuş olsa idi, bu barədə müvafiq qeyd aparılar və təsdiq edilərdi. Bundan əlavə mübahisəli dövrdə qeyd olunan müəssisədə işləməsinə dair əmrlər də vardır ki, cavabdeh qurum bunları da nəzərə almamışdır. Onun mübahisəli dövr ərzində işləməsini həmin vaxt onunla bir yerdə işləmiş şəxslər də təsdiq edə bilərlər. Qanunvericiliyə uyğun olaraq ona borc əsassız hesablanmaqla pensiyasından tutulduğundan, həmin borcun ləğv edilərək pensiyanın təhsil müddəti də nəzərə alınmaqla yenidən hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçıya xx.xx.2014-ci il tarixli qərarla xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək onun təhsil illərinin staja daxil edilməsini xahiş etmişdir. İddiaçıya pensiya təyin edilərkən onun stajı yanlış hesablanaraq 29 il 02 ay təşkil etmişdir. Halbuki mübahisələndirilməyən stajı 25 il 06 ay 13 gün təşkil etməli idi. Bunun əsasında iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə olduğu aşkar edilmişdir. İddiaçının pensiyası ilk dəfə təyin edilərkən əmək kitabçasının surətində xx.xx.1974-cü il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrün üzərindən xətt çəkildiyi halda həmin dövrlər də yanlışlıqla staja daxil edilmişdir. İddiaçı təhsil illərinin staja daxil edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etdikdə cavabdeh orqan xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixədək iddiaçının təhsil aldığı illəri nəzərə almaqla xx.xx.2006-cı il tarixədək 25 il 06 ay 13 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1769,76 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən (iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən) əmək pensiyası yenidən hesablanaraq təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 nömrəli qərarın ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1969-xx.xx.1997-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmiş, 1974-cü ildə Masallı Rayon Kooperativlər İttifaqına işə qəbulla bağlı qeydin üzərindən xətt çəkilmişdir. -Masallı Rayon İstehsal-İstehlak Kooperativinin 29 noyabr 2023-cü il tarixli iş 33 saylı məktubunda bildirilir ki, Masallı Rayon Kooperativlər İttifaqı və nəzdində olan idarələrin arxiv sənədləri Masallı RİİK-də saxlanılır. Masallı Rayon Kooperativlər İttifaqının inzibati binasında xx.xx.1982-ci il tarixdə yanğın baş vermiş və 1982-ci ilin 01 martına qədər olan sərəncam və əmək haqqı kitabları yanmışdır. Ona görə də İddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.1982-ci il üzrə qədər əmək haqqı alması və hansı sərəncamla işləməsini təsdiq edən kitablar olmadığı üçün əmək haqqı cədvəli və sərəncamı təsdiq edən sənədlərin nömrələrini yazmaq mümkün olmadı. Lakin Kərimov X8 Rayon Kooperativlər İttifaqında işlədiyi dövrdə X2 Heyyətinin qərarları əsasında Masallı Raykoopittifaqın nəzdində olan Masallı Şəhər Kooperativi Ticarəti İdarəsi və X5 1980 və 1982-ci illər işləmişdir. (həmin idarənin əmr kitabları Masallı RİİK-də saxlanılır və əmrlərin surətləri məktuba əlavə olunur.) -Masallı Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli iş 02 saylı məktubunda bildirilir ki, İddiaçı 26 fevral 1982-ci il tarixdən 1985-ci il tarixə kimi Masallı Raykoopittifaqında, 1985-ci ilin 02 fevralından 05 iyun 1989-cu il tarixə kimi Masallı şəhər X9, 05 iyun 1989-cu il tarixdən 01 iyul 1996-cı il tarixə kimi Masallı Rayon Kooperatif Tədarük Sənaye Ticarət Birliyində (sonradan Aqrokoop adlanıb) və 01 iyul, 1996-cı il tarixdən xx.xx.1997-ci il tarixə kimi Masallı Rayon X9 işləmişdir. Yuxarıda göstərilən idarələr hamısı vaxtında Masallı Raykoopittifaqın nəzdində fəaliyyət göstərmiş. Halhazırda Masallı Rayon X1 Raykopittifaqın bazasında yaradılmışdır. Hal-hazırda həmin bu idarənin sərəncam və əmr kitabları Masallı RİİK-də saxlanılır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı əmək kitabçasında 5-ci qeydin üzərindən xətt çəkildiyi halda xx.xx.1974-xx.xx.1982-ci illər siğorta stajına axil edilmişdir. Nəticədə ilkin təyinat zamanı siğorta stajının artıq (29 il 2 ay) hesablanması nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqvermə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq əmək pensiyası yenidən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və proseduralara riayyət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu iddiaçının özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2014-cü ildə aparılmış pensiya təyinatı barədə qərarını uzun müddət (9 il) keçdikdən sonra yenidən təftiş etmək qərarına gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının 1974-2082-cu illər üzrə əmək fəaliyyəti dövrünü mübahisələndirsə də, iddiaçıya pensiya təyinatı aparılması barədə sənədlər toplusundan görünür ki, onun əmək kitabçasında müvafiq dövrlə bağlı qeydlərin üzərindən xətt çəkilsə də, digər sənədlərlə onun həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, zərurət olmadığı halda iddiaçının müəyyən dövr üzrə sosial sığorta stajının mövcud olmasına da hüquqi qiymət vermişdir. Bir halda ki, hazırda mübahisələndirilən qərarın ləğvi “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır, bu hüquqi vəziyyət iddiaçıya əvvəlki qərarla təyin edilmiş pensiya ödənişinin də bərpasına əsas verəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-1096/2024 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-1096/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-K-113284/2023 saylı qərarı ləğv edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar