Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-287/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1343.85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1360 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 1343.85 manat ödənilməmiş borcu qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Şahəli Musayev işi tam araşdırmadan qərardad qəbul etmişdir. Belə ki, mən o vaxtı fərdi sahibkarlıqla məşqul olsam da, xəstə olduğum üçün faktiki heç bir fəaliyyət göstərməmişəm. Hazırda isə artıq 05 aydır ki, fəaliyyətimi tamamilə dayandırmışam. Buna baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə mənə məxsus dükana gələrək mənim orada olmamağımdan istifadə edərək 1360 manat məbləğində əmlak siyahıya alıblar. Baxmayaraq həmin siyahıya alınmış əmlakların heç biri mənə məxsus olmamışdır. Həmin əmlaklar “Ummaq” şirkətinə məxsus olmuşdur. Həmin vaxtdan bir müddət keçdikdən sonra “Unimaq” şirkəti gələrək həmin özünə məxsus əmlakları aparmışdır. Mən bu barədə sonradan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarına bildirsəm də, onlar mənim dediklərimə və müraciətimə heç bir əhəmiyyət verməmişlər. Mən həmin vaxtı dükanda olmasam da, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərtib etdikləri xx.xx.2022-ci il tarixli protokolu mənim əvəzimdə ya özləri, ya da kiməsə imza etdirib, protokolda qeyd ediblər ki, guya həmin protokola mən imza etmişəm və protokolun sürətidə mənə təqdim edilmişdir. Yuxarıda qeyd etdiyim kimi mən həmin vaxtı dükanda olmamışam, dükanda satıcı olmuşdur, sonradan satıcı mənə bu barədə bildirmişdir. Ona görə də hesab edirəm ki, onların tərtib etdikləri xx.xx.2022-ci il tarixli protokol qanunvericiliyin tələbinə uyğun olmadığına görə onun əsasında siyahıya alınmış əmlakların vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması qanunsuzdur. Buna görə də mən məhkəmənin gəldiyi bu nəticə ilə razı deyiləm və hazırki, apellyasiya şikayəti ilə müraciət edirəm. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilərr. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1343.85 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1360 manat məbləğində siyahıya alınmış əmlakının vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli, qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə ödənilməmiş 1343.85 manat borcuna görə 1360 manat məbləğində əmlakı, yəni 8 ədəd təsərrüfat arabası, 2 ədəd taxta kəsən, 4 ədəd Hard Dryer əl qurudan, 1 ədəd qaz piltəsi, 2 ədəd unitaz, 1 ədəd pilləkan siyahıya alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak –(8 ədəd təsərrüfat arabası, 2 ədəd taxta kəsən, 4 ədəd Hard Dryer əl qurudan, 1 ədəd qaz piltəsi, 2 ədəd unitaz, 1 ədəd pilləkan) siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq surətlərini almışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan “Fiziki şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin 15 avqust 2024-cü il tarixli məktubundan görünür ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmiş, protokol Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 avqust 2024-cü il tarixli məktubundan, məktuba əlavə edilmiş foto şəkillərdən görünür ki, siyahıya alınmış əmlaklara keçirilən baxış zamanı 1 (bir) ədəd əl qurudan və 1 (bir) ədəd pilləkən yerində aşkar edilmiş, 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz yerində aşkar olunmamışdır. İş materiallarında olan “Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində 01.08 2022-ci il tarixli protokol ilə rəsmiləşdirilmiş əmlaklara baxış keçirilmiş və baxış zamanı 1 (bir) ədəd Hard Dryer əl qurudan (Çin istehsalı) və 1 (bir) ədəd pilləkən yerində aşkar edilmiş, 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz yerində aşkar olunmamışdır. Həmin akt vergi orqanının əməkdaşları və cavabdeh tərəfindən imzalanmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı tam olaraq təmin etməklə, vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın (8 ədəd təsərrüfat arabası, 2 ədəd taxta kəsən, 4 ədəd Hard Dryer əl qurudan, 1 ədəd qaz piltəsi, 2 ədəd unitaz, 1 ədəd pilləkan) satılmasını qərara almışdır. Halbuki məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol ilə siyahıya alınmış əmlaklardan yalnız 1 (bir) ədəd əl qurudan və 1 (bir) ədəd pilləkən yerində aşkar edilmiş, 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz yerində aşkar olunmamışdır. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü əmlaklar, yəni 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz 14 avqust 2024-cü il tarixli akt tərtib edilərkən aşkar olunmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddanın 1 (bir) ədəd əl qurudan və 1 (bir) ədəd pilləkən hissəsində düzgün nəticəyə gəlsə də, iddianın qalan hissəsində, yəni 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz hissəsində yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası protokolun onun tərəfindən imzalanmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin 15 avqust 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş etibarnamədən görünür ki, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə əmlakın siyahıya alınması haqqında protokol və digər sənədlər Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni (8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarı 8 (səkkiz) ədəd təsərrüfat arabası, 2 (iki) ədəd taxta kəsən, 3 (üç) ədəd əl qurudan, 1 (bir) ədəd qaz piltəsi və 2 (iki) ədəd unitaz əmlak hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2-1(120)-4403/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-287/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-287/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver