Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-288/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(120)-129/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Sabirabad rayon Minbaşı bələdiyyəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Sabirabad rayon Minbaşı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 13 saylı iclasda qəbul olunmuş qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 12 dekabr 2024-cü il tarixli, 2- 1(120)-129/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, iddiaçı iş üzrə hazırlıq icraatı çərçivəsində məhkəmənin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak etməmiş, bu barədə məlumat verməmişdir. İddiaçı məhkəmə icraatından 30 gündən çox müddət ərzində ardıcıl olaraq yayındığından onun icraatın davam etdirilməsinə marağının olmaması müəyyən edilmişdir. Buna görə də iddia geri götürülmüş sayılmalı və hazırki işin icraatına xitam verilməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslanadırılmışdır ki, birinci instansiya məhkəməsinin əvvəlki iclaslarında nümayəndəsi iştirak etmiş, xx.xx.2024-cü il tarixli iclasda işin çoxluğu səbəbindən, xx.xx.2024-cü il tarix isə Ümummilli Liderin anım gününə təsadüf etdiyindən nümayəndə məhkəməyə gələ bilməmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan 25 may 2022-ci il, 03 noyabr 2022-ci il, 12 dekabr 2022-ci il, 06 mart 2023-cü il, 27 iyul 2024-cü il tarixli məhkəmə iclaslarının protokollarından görünür ki, iddiaçının nümayəndəsi həmin tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmətikinti texniki ekspertizası təyin edilsə də, ekspert rəyi verilmədən icraata xitam verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə məlumat verilmiş, həmin məktubda iddiaçıya nümayəndəsinin məhkəmə iclasında bir daha iştirakını təmin etmədiyi halda iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən geri götürülmüş hesab ediləcəyi barədə xəbərdarlıq edilsə də, bunun səbəbləri və əsasları izah edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarınında qeyd edilmişdir ki, qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: -məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); -tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; -tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); -tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin dəfələrlə məhkəmə iclaslarında iştirak etməsinə rəğmən, növbəti məhkəmə iclasında iştirakının zəruriliyini əsaslandırmadan və bu barədə iddiaçıya məlumat vermədən iddianı geri götürülmüş hesab edərək, icraata xitam verməklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında təsbit etdiyi mövqeyə zidd qərar qəbul etmişdir. Odur ki, qeyd olunan hallar baxımından birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılması məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(120)-129/2024 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2-1(120)-129/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-288/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-288/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver