Məhkəmə qərarları › İş №2-1(106)-29/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-29/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-29/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə (Açar sözlər: 2-ci qrup müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1426/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxx 1973-cü ildə anadan olmuş, ona ilkin əlillik xx.xx.2008-ci ildə təyin edilmiş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də xx.xx.2014-cü il tarixdə təkrar müayinədən keçmiş, əlillik “müddətsiz” müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixədək müvafiq sosial ödənişlər almışdır. almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində əlilliyin müddəti xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1973-cü il tarixində Azərbaycan Respublikası Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2008-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. xx.xx.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanırıda Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. 2019-cu ilin iyun ayında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun müddətsiz əlilliyi elektron sistemdə daxil edilməyib və həmin tarixdən etibarən pensiyası dayandırılmışdır. Belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki 2014-cü ildən müddətsiz əllildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi onun xx.xx.2014-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlil olmasını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, 2014-cü ildə qiymətləndirilmiş və 2-ci qrup müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyi bərpa edilməlidir, bu səbəbdən də hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsi, xx.xx.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 19 Saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və səbəb: ümumi xəstəlik-gözdən əlil, “X1: XXİ Sinif-sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; diaqnozun mətni: odlu silah, mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü sol bud nayihəsinin qəlpə ilə yaralanması; meyar: 2.2. ikinci dərəcə əlillik, digəri: odlu silah, mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü, sol bud nayihəsinin qəlpə yaralanması səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 Saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik. X1: XXİ Sinif-sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; diaqnozun mətni: odlu silah, mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü, sol bud nayihəsinin qəlpə ilə yaralanması; meyar: 2.2. ikinci dərəcə əlillik, digəri: odlu silah, mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü sol bud nayihəsində qəlpə yaralanması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 Saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: ümumi xəstəlik; X1: XXİ Sinif-sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; diaqnozun mətni: odlu silah mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü, sol bud nayihəsinin qəlpə ilə yaralanması; meyar: 2.2. ikinci dərəcə əlillik, odlu silah mərmi patlayışından sonra sağ əlin İİ barmağınln güdümü sol bud nayihəsində qəlpə yaralanması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 Saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik; X1: XXİ Sinif-sağlamlıq odlu silah mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü, sol bud nayihəsinin qəlpə ilə yaralanması; meyar: 2.2. İkinci dərəcə əlillik, digəri odlu silah, mərmi patlayışından sonra sağ əlin İİ barmağının güdümü sol bud nayihəsinin qəlpə yaralanması səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli göndəriş əsasında ona müddətsiz ikinci qrup əlillik təyin olunduğunu qeyd etmişdir, lakin alt sistemdə olan məlumatlarda İddiaçı xx.xx.2014-cü il tarixli göndərişlə 1 il müddətinə ikinci qrup əlillik təyin olunduğu qeyd edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-cı il tarixli, 2-1(120)-1426/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunaraq, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində xx.xx.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq, cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, əlillik altsistemində İddiaçı sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra isə iddiaçının heç bir müraciəti daxil olmamışdır. Buna baxmayaraq Şirvan İnzibati Məhkəməsi iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etmək əvəzinə, heç bir əsas olmadan iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlərə görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəsisslərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”ndə daxil edilir və şəxsə bu barədə yazılı və elektron qaydada məlumat verilir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1426/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinə etiraz İddiaçının apellyasiya şikayətinə etirazın dəlilləri iddia tələbinə olan yazılı münasibəti ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassız və qanunsuzdur, apellyasiya şikayəti formal xarakterlidir. Belə ki, ona cavabdeh orqan tərəfindən növbəti dəfə 2014-cü ildə müayinə edilərək 2-ci qrup əlillik təyin edilmişdir və 2019-cu ilə kimi pensiya ilə təmin edilmişdir. Hal-hazırda cavabdeh 2014-cü ildə ona verdiyi müddətsiz əlilliyi inkar edir, bu kimi hallar çoxdur. Cavabdeh onun kimi bir çox müharibə əlillərinin haqqını tapdalayaraq hüquqlarını pozmuşdur. Qeyd etdiyi səbəblərdən də cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və Şirvan İnzibati Məhkəməsinin qərarı qanuna müvafiq olduğu üçün qüvvədə saxlanılmalıdır. Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli, xx.xx.2022-ci il tarixli analoji qərarına müvafiq olaraq hesab edir ki, iddia tələbi haqlıdır və təmin olunması qanuna müvafiqdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1426/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı qüvvədə saxlayıb, cavabdehin formal xarakterli, əsassız və qanunsuz olan apellyasiya şikayətinin rədd edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə arayış, məhkəmə qərarları və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: 1.4. Tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə - zona tibbi-sosial ekspert komissiyaları; ali pillə - Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. 3.1. İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspert komissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya 2008-2014-cü illərdə müxtəlif zona tibbisosial ekspert komissiyaları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə aparılmış müayinənin nəticəsi olaraq 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Eyni zamanda, iddiaçı təyin edilmiş əlillik əsasında 2020-ci ilin ortasınadək müvafiq sosial ödənişlər almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zona tibbi-sosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. İddiaçıya 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təyin edilmiş əlillik müddətsiz olduğu halda, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlillik müddətli göstərilmişdir. Qeyd edilməlidir ki, 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına əsasən zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəddir, yəni inzibati aktdır. Əlillik alt sisteminə isə məlumatlar məhz həmin sənəd əsasında daxil edilməlidir, başqa sözlə, əlillik alt sistemindəki məlumatlar zona tibbi-sosial ekspert komissiyalarının əlillik ilə bağlı verdiyi sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçıya 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ qrup əlillik təyin edildiyi halda, əlillik alt sistemindəki məlumatlarda əlilliyin müddəti xx.xx.2015-ci ilədək göstərilmiş, bununla da, elektron sistemdəki məlumatın səhv daxil edildiyi müəyyən edilmiş, cavabdeh həmin məlumatın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçıya 2020-ci ilin ortasınadək əlilliyə görə sosial ödənişlər ödənilmişdir. Başqa sözlə, xx.xx.2015-ci ildən sonra da cavabdeh onun əlilliyini dayandırmamış, iddiaçıya münasibətdə müddətsiz əlil kimi davranmış və ondan irəli gələn müvafiq hərəkətlər etmişdir. Beləliklə, iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq əlilliyinin dayandırıldığı anda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlilliyi dayandırmış, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası iddianın mümkünsüzlüyü ilə apellyasiya şikayətinin dəlilləri ilə əlaqadar qeyd edir ki, iş materiallarınada olan İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən (iş vərəqi 34) görünür ki, o, hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir (iş vərəqi 35). Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı iş üzrə tələbi qanuni qüvvədə olan inzibati aktdan irəli gələn cavabdehin öhdəliklərinin icra edilməsi ilə bağlı olub (əlilliklə bağlı məlumatların elektron sistemə düzgün daxil edilməsi), mübahisələndirmə haqqında iddialara aid deyildir. Bu halda, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir, həmin iddialar üzrə isə mümkünlük şərti kimi iddia qaldırılarkən hansısa müddətə riayət edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(120)- 1426/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar