Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-29/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə qarşı (“Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 üçüncü şəxs qismində cəlb edilməklə) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə “Masallı rayon Mərkəzi Xəstəxanası” X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərardad ilə iddia tələbi dəqiqləşdirilərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 10 maıt 1977-ci ildə Masallı rayonu, Kolatan kəndində anadan olmuşdur. 2016-ci ildə infarkt keçirtmiş və müalicə olunmağa başlamışdır. Həqiqətən səhhətində ciddi narahatçılıqlar olduğuna görə iş fəaliyyəti ilə məşğul ola bilməmişdir. Sonradan da, yəni 2020-ci ildə yenidən infarkt keçirtmiş və ürək əməliyyatına məruz qalmışdır. Həkimlər tərəfindən ona ömürlük dərmanlar yazılıb. O, həmin dərmanlardan, yəni (dərmanların adları rosvaks, karvent, aspirin kordion və təziqlə bağlı dərmanlar) istifadə etməsə özünü çox pis hiss edir. Dərmansız yaşaya bilmir. Həkimlər də ona bildirmişlər ki, dərmanları dayandırma. Onlardan həmişə istifadə et. 2017-ci ildə onun xəstəliyi ilə bağlı ona pensiya ilə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Halbuki, həmin vaxtlar infarkt və digər xəstəlikləri olsa da, ürəyində stend yox imiş. İkinci dəfə isə təkrar ona əlillik dərəcəsi təyin edilməmişdir. Halbuki, onun vəziyyəti 2017-ci ilə baxanda sonradan ağırlaşmışdır və ağırlaşma hazırda da davam edir. O, işə qəbulla bağlı müvafiq təşkilatlara sənədlər versə də, ona deyirlər ki, səhhətində problemlər var, yalnız mülki sahədə işləyə bilər. Ona əlilliyin təyini ilə bağlı cavabdeh təşkilat tərəfindən verimiş qərarda qeyd olunur ki, onun əlavə müalicəyə ehtiyacı vardır. O onsuzda hər gün həkim tərəfindən yazılmış dərmanlar qəbul edir və həmin dərmanları saxlamaq qeyri-mümkündür. O, müalicəni ixtisaslaşdırılmış xəstəxanalarda davam etsə də, yenə də o dərmnlarından istifadə etməlidir. Onsuz da o hər gün müalicə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair qərarın 2.2.1 -ci maddəsinə əsasən ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığına əsasən şəxsə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilir. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarı (A.Hüseynova) ilə iddia təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 1977-ci ildə Masallı rayonunun Kolatan kəndində anadan olmuşam. İki dəfə ayrı-ayrı vaxtlarda ürək infarktı keçirmişəm. Ürəyimdə hazırda ağırlaşmalar davam edir. Hər gün 4 ədəd dərman qəbul edirəm. Səhhətim get-gedə pisləşir. Ürəyimdə stentlər vardır. Həkimlər tərəfindən mənə ömürlük dərmanlar yazılmışdır. Mən əvvəllər 5 il müddətinə əmək pensiyası almışam. Hazırda isə heç bir əsası olmadan pensiyamın dayandırılması barədə qərar qəbul olunmuşdur. Mən bununla bağlı Şirvan İnzibati məhkəməsinə müraciət etdim. Şirvan İnzibati Məhkəməsində səhhətimlə bağlı ekspertiza təyin olundu və ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Hüquqi Şəxsinə tapşırıldı. Və ekspertizanın keçirilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspertlərinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Lakin işə baxan hakim qərar qəbul edərkən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh təşkilatın üzərinə əlillik vəziyyətimin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoymuşdur. Məhkəmənin yekun qərarı ilə ekspertiza təyin edilməsi ilə bağlı qərardadla ziddiyyət xarakter daşıyır. Məhkəmə iddianı qismən təmin etməklə ziyanıma qərar çıxarmış, sübutları tam və hərtərfli formada araşdırmamışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “ona İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri araşdırmanın aparılması cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünə qiymət verilməsindən ötrü apellyasiya və kassasiya şikayəti vermək hüququna dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mərkəzi normaları qismində çıxış edən 81.2-ci və 90.2-ci maddələrinin müddəalarına nəzər yetirməyi hesab edir: Belə ki, həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların əlaqəli təfsiri baxımından, icraatın bütün iştirakçıları kimi iddiaçıya münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə iddiaçının tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları iddiaçılara münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın 17 fevral 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Hazırkı işdə birinci instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı “ümumi xəstəlik” səbəbindən xx.xx.2017-ci il tarixdə aparılmış ilkin müayinə nəticəsində 5 il müddətinə ikinci dərəcəli əlilliyin təyin olunması, xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehtiyacın olması-səbəb: 2017-ci ildən sonra stasionar müalicəsi yoxdur. Hal-hazırki vəziyyətini qiymətləndirmək üçün ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olunması məsləhət görülür” səbəbi, xx.xx.2022-ci il tarixdə “əlavə müalicəyə ehiyacın olması-səbəb: ixtisaslaşmış stasionar müalicə məsləhət görülür” səbəbi ilə, xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina olunması göstərir ki, iddiaçının əlilliyin qiymətləndirilməsi ilə bağlı ziddiyyətlər mövcuddur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçının apellyasiya şikayətinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatınından görünür ki, o birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, kifayət qədər araşdırma aparıldıqdan və cavabdehin mövqeyi bəlli olduqdan sonra bu məzmunda qərarın qəbul edilməsi onun maraqlarına ziddir. Hesab edir ki, onda olan xəstəliklər (diaqnoz) əlilliyin təyin edilməsi üçün kifayət edir və hər hansı ziddiyyətli hallar mövcud deyildir. Bu baxımdan tələbinin tam təmin olunmasını yəni, ona İİ (ikinci) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materialarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin olunmuş və həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X13 tərəfindən xx.xx.2023-cü il tarixli, T412/2023 saylı rəy təqdim edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, barəsində şikayət verilən məhkəmə aktından iddiaçının “məzmunca ziyan çəkməsi” halı müəyyən olunduğundan, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilir. Odur ki, məhkəmə kollegiyası iddiaçının tələbinin təmin edilməyən hissəsi üzrə araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, bu həm də prosessual qənaət prinsipi baxımdan da əhəmiyyətlidir. Lakin, qeyd edilməlidir ki, apellyasiya şikayəyəti üzrə aparılacaq araşdırma tələbin təmin edilən hissəsi üzrə deyil, təmin olunmayan hissəsi üzrə aparılmalıdır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd). İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixndə TSEK tərəfindən iddiaçıya əlilliyin təyin edilməsi barədə qərar qəbul olunarkən buna əsas olmuş Masallı rayon Mərkəzi Xəstəxanasının 0286003AAMM5 nömrəli xx.xx.2017-ci il tarixli göndərişində iddiaçının diaqnozu “Hipertoniya xəstəliyi 3-cü dərəcə” olmuşdur (bax 1-ci cild, iş vərəqi 62). Məhkəmə kollegiyası iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsindən ötrü cavabdehin nümayəndəsinin iştirakı olmadan, ixtisaslaşmış tibb müəssisəsinin – “Akademik C.M.Abdullayev adına X2”nun mütəxəssis həkimi cəlb edilməklə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə ekspertizanın təyin edilməsi qərara alınmış və həmin qərardadlar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X13 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli T410/2024 nömrəli və xx.xx.2024-cü il tarixli T635/2024 nörməli ekspert rəyləri daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X13nin xx.xx.2024-cü il tarixli T410/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı Akademik C.Abdullayev adına X1 göndərilmiş və xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinələrdən sonra ona “İ20.0-ÜİX, gərginlik stenokardiyası (f.s. İİ-iki); İİ 1.1-infarktdan sonrakı kardioskleroz; 125.2- angioplastika (x) sonrakı vəziyyət-xx.xx.2020; Z95.5-xroniki ürək çatışmazlığı İ (biı* f.s). İ50-hipertoniya xəstəliyi İİ mərhələ“ diaqnozu qoyulmuş, belə ki, o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Masallı rayon mərkəzi xəstəxanası” Phş-də tərtib edilmiş M00034026NPB saylı göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “İ20.8-stenokardiyamn digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası İİ fs” diaqnozu xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onlarm səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Vətəndaş İddiaçı X3nda xx.xx.2024-cü il tarixdə aparılmış müayinələrinin nəticələri əsasında müəyyən edilmiş “İ20.0-ÜİX, gərginlik stenokardiyası (f.s. İİ-iki); İİ 1.1-infarktdan sonrakı kardioskleroz; İ25.2-angioplastika (x) sonrakı vəziyyət-xx.xx.2020; Z95.5-xroniki ürək çatmamazlığı İ (bir f.s). İ50-hipertoniya xəstəliyi İİ mərhələ” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndinə aid etməyə əsas vermədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X13nin xx.xx.2024-cü il tarixli T635/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən “X3”na göndərilmiş və aparılmış müayinələrdən sonra ona T25.2-ÜİX, gərginlik, stenokardiyadan sonrakı kardioskleroz, Z95.5-stendləşmə əməliyyatından sonrakı vəziyyət, İl 1.0-arterial hipertoniya xəstəliyi İİ mərhələ, İ50.0-xroniki ürək çatışmazlığı İ f.s, AF-53%” diaqnozu, xx.xx.2024-cü il tarixdə isə “Respublika Klinik Xəstəxanası”nda “İ 10” diaqnozu müəyyən edilmiş, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Masallı rayon mərkəzi xəstəxanası” phş-də tərtib edilmiş M00034026NPB saylı göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Stenokardiyanm digər formaları, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası İİ fs, İ25.2-əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, İll.O-(durğunluq), ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, arterial hipertenziya İİİ dərəcə, İ50.0 durğunluq ürək çatmamazlığı, xroniki ürək çatmamazlığı İİ (iki) f.s, Z95.5- koronar angioplastik implantatın olması, koronar angioplastika əməliyyatından sonrakı vəziyyət” diaqnozu xəstənin anamnestik, kliniki, laborator, instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Göründüyü kimi, Masallı rayon Mərkəzi Xəstəxanasının 0286003AAMM5 nömrəli xx.xx.2017-ci il tarixli göndərişində idiaçının diaqnozu hipertoniya xəstəliyi 3-cü dərəcə qeyd edilsədə və həmin diaqnoza görə ilkin əlillik təyin edilsə də, hazırda həmin diaqnoz hipertoniya xəstəliyi 2-ci mərhələ kimi müəyyən edilmişdir. Yəni, ixtisaslaşmış tibb müəssisəsinin – “Akademik C.M.Abdullayev adına X2”nun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X13nin xx.xx.2024-cü il tarixli T410/2024 nömrəli və xx.xx.2024-cü il tarixli T635/2024 nörməli ekspert rəyləri əsasında xx.xx.2017-ci il tarixdə iddiaçıya ilkin əlilliyin təyin edilməsinə əsas olan diaqnozun hazırda mövcudluğu müəyyən edilmir. Təsadüfi deyildir ki, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunun 48-ci bəndinə görə “bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2-ci (Ürəyin işemik xəstəliyi) bəndinin aşağıdakı yarımbəndlərinə əsasən əlilliyin təyin edilməsi mümkündür: 2.2.1-ci yarımbəndinə əsasən ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.2-ci yarımbəndinə əsasən ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.3-ci yarımbəndinə əsasən ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1ci (Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər) bəndinin aşağıdakı yarımbəndlərinə əsasən əlilliyin təyin edilməsi mümkündür: 2.1.1-ci yarımbəndinə əsasən arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə müşahidə olunduqda; 2.1.2-ci yarımbəndinə əsasən arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə müşahidə olunduqda; 2.1.3-ci yarımbəndinə əsasən arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə müşahidə olunduqda. Yuxarıda qeyd edilən hüquq normaları tələb edir ki, hazırki halda iddiaçıya əlilliyin təyin edilməsi üçün onun “Ürəyin işemik xəstəliyi” bəndi üzrə xəstəlikləri (diaqnozu) “XÜÇ İİİ mərhələdə olmalı”, “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” bəndi üzrə isə hipertenziya İİİ dərəcə olmaqla yanaşı paralel olaraq hipertoniya xəstəliyi də İİİ mərhələdə olmalıdır. Lakin, məhkəmə araşdırması zamanı ixtisaslaşmış tibb müəssisəsində – “Akademik C.M.Abdullayev adına X2”nda xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə aparılmış müayinələrin nəticələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X13nin xx.xx.2024-cü il tarixli T410/2024 nömrəli və xx.xx.2024-cü il tarixli T635/2024 nörməli ekspert rəyləri əsasında iddiaçının diaqnozunun hipertoniya xəstəliyi İİ mərhələ və xroniki ürək çatışmazlığı (XÜÇ) İ mərhələ olduğu müəyyən edilir. Yəni, qeyd edilən tibbi sənədlərlə əlilliyin təyin edilməsinə əsas olan yuxarıdakı diaqnozun hazırda iddiaçıda olmasını müəyyən etmək olmur. Başqa sözlə, iddiaçının xəstəlikləri və ağırlaşmaları nəzərə alınmaqla müəyyən edilmiş hazırki diaqnozla əlilliyin təyin edilməsi mümkün deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ürəyin işemik xəstəliyindən və hipertenziya xəstəliyindən əziyyət çəksə də, həmin xəstəliklər üzrə ona təyin edilmiş diaqnoz ona əlilliyin təyin edilməsinə imkan vermir. Yəni, yuxarıda qeyd edilən hüquq normalarına əsasən ürəyin işemik xəstəliyi və hipertenziya xəstəliyi səbəbindən iddiaçıya əlilliyin təyin edilməsi üçün onun diaqnozu hipertoniya xəstəliyi İİİ mərhələ və xroniki ürək çatışmazlığı (XÜÇ) İİİ mərhələ olmalıdır ki, məhkəmə araşdıması zamanı həmin ağırlaşmalar iddiaçıda aşkar edilməmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edildiyindən, təmin edilən hissədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən və hazırki inzibati işə iddiaçının apellyasiya şikayəti əsasında baxıldığından və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə görə apellyasiya məhkəməsi tələbin təmin olunmayan hissəsi üzrə araşdırma aparmalı olduğundan birinci instansiya məhkəməsinin qərarını (iddianın təmin edilən hissəsini) iddiaçının ziyanına ləğv edilməsi düzgün deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1354/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-29/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-29/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver