Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-290/2023 17.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 86 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2- 1(120)-574/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı Sərancamının və 05 noyabr 2014-cü il tarixli, 69 saylı İcarə müqaviləsinin ləğv edilməsinə dair İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 86 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı Sərəncamı ilə 6,0 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün "xxxx" MMC-nə icarəyə verilmişdir. Sərəncama uyğun olaraq İmişli Rayon İcra Hakimiyyəti başçısı ilə 05 noyabr 2014-cü il tarixli, 69 saylı Torpağın icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Sərəncama əsasən torpaq sahəsinin sərhəddi yerdə (naturada) işarə qoymaqla müəyyən edilmiş və istifadə hüququna dair şəhadətnamə verilmişdir. AKT əsasında torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Həmin tarixdən torpaq sahəsi təyinatı üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olmuşdur. Eyni zamanda, İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 86 saylı Sərəncamı ilə adı çəkilən torpaq sahəsinin qumçınqıl materiallarının çıxarılması üçün icarəyə verilməsinə dair 05 noyabr 2014-cü il tarixli, 239 saylı Sərəncamı və 05 noyabr 2014-cü il tarixli, 69 saylı İcarə müqaviləsi ləğv edilərək torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. Hesab edirlər ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının adı çəkilən sərəncamı əsassızdır. O səbəbdən də ləğv edilməlidir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı Sərəncamına əsasən bağlanılmış 05 noyabr 2014-cü il tarixli, 69 saylı İcarə müqaviləsinin öhdəlikləri tərəflərindən pozulmamış, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmuş, bütün ödənişlər vaxtında ödənilmiş və torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda, İmişli rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən sərəncam ilə istifadəsində olan torpaq sahəsindən istifadə hüququna xitam verilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilmiş və İmişli Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli 86 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və inzibati aktın ləğv edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 86 nömrəli sərəncamın qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətində qeyd olunmuşdur ki, “... Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 nömrəli qərarının nəticə hissəsinə qeyd edilənləri qəbul etmirik. Bildiririk ki, iş materiallarında təqdim edilmiş sübutlar Şirvan İnzibati Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti sayılan bir sıra halları axıra qədər aydınlaşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 10 noyabr 2021-ci il və 6 dekabr 2021-ci il tarixli məktublarında Araz çayının yatağında fəaliyyət göstərən karxanalar və o cümlədən "xxxx" MMC-nin fəaliyyəti nəticəsində ətraf ərazilərdə yeraltı suyun səviyyəsinin kəskin aşağı düşməsi və bununla bağlı İmişli rayonunda olan karxanaların nümayəndələri ilə görüşüb vəziyyətin kritik olmasını onların diqqətinə çatdırmış və İcra Hakimiyyətindən torpaq sənədlərinin ləğv edlməsini xahiş etmiş, lakin bir müddət keçməsinə baxmayaraq, bununla bağlı heç bir tədbir görülməmişdir. Bütün bunlar məhkəməyə etiraz məktubu şəklində prosesin gedişində İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən sübut kmi təqdim edilsə də, məhkəmə iş materiallarında həmin faktları müzakirə etməmiş və bu faktlara hüquqi qiymət verməmişdir. Məhkəmənin müəyyən etdiyi hal tam əsassızdır. Çünki, İmişi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-c il tarixli, 239 saylı sərəncamına İmişli RİH başçısı tərəfindən Azərbaycan Respublikası “İnzibati İcraat haqqında Qanun”un 68.1 və 8.2.3-cü maddələrinin tələblərinə uyğun əsaslı olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 X1 mütəxəssisləri İmişi rayonu ərazisində mövcud olan qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı monitorinq apararaq müəyyən etmişdir ki, "xxxx" MMC qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsi və mühafizəsinə dair qanunların tələblərini pozmuş və bununla da dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmuşdur. Nəticədə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 ehtiyatlarından X3 Heyətinin qərarı ilə "xxxx" MMC-yə 24 iyul 2018-ci il tarixdə verilmiş 01043 saylı dağ-mədən ayırması 29 aprel 2021-ci ildə ləğv edilmiş və buna görə də "xxxx" MMC-nin həmin dövrdən sonra fəaliyyət göstərməsi hüquqi baxımdan qanunsuz olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respulikası Nazirlər Kabinetindən İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş 10 dekabr 2021-ci il tarixli, 40276/26477 saylı məktubunda İmişli rayonu ərazisində Araz çayının yatağında fəaliyyət göstərən qum-çınqıl karxanalarının və o cümlədən, "xxxx" MMC-nin qum-çınqıl materiallarının çıxarılması ilə bağlı fəaliyyəti nətcəsində Araz çayının məcrasının hidrogeomorfoloji (dərinləşməsi və genişlənməsi), ətraf ərazilərin hidrogeokoloji (yeraltı suların səviyyəsinin kəskin aşağı düşməsi və şorlaşması) şəraitinin neqativ yöndə dəyiməsinə səbəb olduğu göstərilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Şahin Mustafayevin 10 dekabr 2021-ci il tarixli dərkənarı ilə daxil olmuş Aərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06 dekabr 2021-ci il tarixli, 3NK/3430-01-19 saylı məktubuna qum-çınqıl çıxarılması ilə məşğul olan karxanaların fəaliyyətinin dayandırılması və bu məqsədlə ayrılmış torpaq sahələrinin torpaqayırma sənədlərinin yerli icra hakimiyyətləri tərəfindən ləğv edilməsi barədə məktubunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanun”un 68.2.3-cü maddəsi ilə İmişli RİH başçısı xx.xx.2022-ci il tarixində "xxxx" MMCnin qum-çınqıl çıxarılmasına icazə verilməsi barədə xx.xx.2014-cü il tarixli, 29 saylı sərəncamın ləğv edilməsi barədə yeni sərəncam (inzibati akt) qəbul etmişdir. Həmin sərəncam iddiaçı tərəfə təqdim edilmişdir. Məlum edirik ki, Şirvan İnzibati Məhkəməsinin işin halları ilə bağlı gəldiyi qənaət Azərbaycan Respublikası “İnzibati İcraat haqqında Qanun”un tələblərinə ziddir. Belə ki, İmişli RİH tərəfindən qəbul olunmuş inzibati akt həmin Qanunun 68.1 və 68.2.3-cü maddələrinin normalarına uyğun qəbul edilmişdir. Bu da sübut edir ki, inzibati aktın ləğv edilməsi ilə bağlı qəbul edilmiş sərəncam tam qanunauyğundur. Birinci məhkəmə instansiyasına qum-çınqıl karxanasına göndərilmiş 04 oktyabr 2021-ci il tarixli fəaliyyətinin dayandırılma və torpaq sahəsinin rekultivasiya olunub əvvəlki vəziyyətinə gətirilməsi barədə məktub təqdim edilməmişdir. Bütün bu qeyd edilənləri və Azərbycan Respubikası MPM-nin 88, 216 və 217-i maddələrini rəhbər tutaraq, Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 nömrəli qərarının ləğv edilməsi və inzibati aktın ləğv edilməsi ilə bağlı İmişli RİH tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il aixli, 86 nömrəli sərəncamın qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edirik”. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırda mübahisələndirilən yekun məhkəmə aktı xx.xx.2023-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə daxil olmuş, həmin qərardan apellyasiya şikayəti hazırlayıb elektron məhkəmə vasitəsilə elektron kabinetə yerləşdirmək istəsələr də, elektron məhkəmədə yaranmış nasazlıqlar səbəbindən bu mümkün olmamışdır. Bu səbəbdən bir müddət gözləsələr də, nasazlıq aradan qalxmadığı üçün həmin apellyasiya şikayətini rəsmi poçt vasitəsilə təqdim etmişlər. Cavabdehin nümayəndəsi hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir. Odur ki, apellyasiya şikayətinin mümkün hesab edilərək baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan poçt göndərişinin verilməsi barədə xəbərnamədən müəyyən edilir ki, Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilməklə qəbul edilmişdir (iş vərəqi 93). İş materiallarından müəyyən edilir ki, Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti 24 may 2023-cü il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir (iş vərəqi 116). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya 20 aprel 2023-cü il tarixdə təqdim edildiyindən İPM-in 22.1-ci maddəsinə əsasən müddət axımı həmin gündən başlamalı və apellyasiya şikayətinin verilməsi üçün son gün 19 may 2023-cü il (iş günü sayılan cümə günü) hesab edilməlidir. Göründüyü kimi, apellyasiya şikayəti prosessual qanunvercilikdə nəzərdə tutulmuş müddətdən (30 gündən) 5 (beş) gün keçdikdən sonra verilmişdir. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, eyni zamanda cavabdeh tərəfindən müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2-1(120)-574/2023 saylı qərarından cavabdeh İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-290/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-290/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver