Məhkəmə qərarları › İş №2-1(106)-292/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-292/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-292/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3476/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 və qeyrilərinin Cavabdehnə qarşı qərarının dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarına dəyişlik edərək torpaq sahəsinin 2.71 ha kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 10 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3476/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Ağcabədi rayon Aqrar İsalahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən onlara JN-124 kod 60807028 seriyalı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin Dövlət Aktında texniki səhv olaraq 1.71 hektar pay torpaq sahəsi göstərilmiş, əslində 2.71 hektar pay torpaq sahəsi kimi qeyd olunmalıdır. Belə ki, hazırda istifadələrində 2.71 hektar torpaq sahəsi vardır və bu torpaq sahəsi mübahisəli deyildir. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi Rayon Şöbəsinin verdiyi cavab məktubundan, eləcə də, Ağcabədi rayon Təzəkənd Bələdiyyəsinin verdiyi arayışdan göründüyü kimi verilən torpaq 1.71 ha deyil, 2.71 ha pay torpaq sahəsi olmalıdır. Lakin həmin Dövlət Aktında texniki səhvə yol verilərək ölçülər düzgün qeyd edilməmişdir. Ona görə də, Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən onlara və ailə üzvlərinə birlikdə JN-124 kod 60807028 seriyalı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında adambaşına düşən torpaq sahəsi düzgün hesablanmamış və onların mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Prosessual məsələlər İddiaçılar məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-124 nömrəli Dövlət aktından görünür ki, Ağcabədi rayon Aqrar İsalahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarına əsasən iddiaçılara 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. -Ağcabədi rayon Aqrar İsalahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarının məzmunundan görünür ki, M.Ə.Sabir adına təsərrüfatda torpaq bölüsünün yenidən aparılması qərara alınmış və bu məsələ ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilmişdir. Həmin qərarda adambaşına bölünməli olan torpaq payının ölçüləri göstərilməmişdir. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şəbəsinin 27 may 2009-cu il tarixli 73 nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı1 4 nəfərlik ailə üzvlərinə norma əsasında 2.71 ha pay torpaq əvəzinə texniki səhv olaraq, Dövlət aktında 1.71 ha yazılmışdır. X3 Komissiyası tərəfindən əskik yazılmış 1.0 ha torpaq sahəsi ölçülərək, İddiaçı1 ailəsinə verilmişdir. Göründüyü kimi, iddiaçılara ilkin bölgü zamanı verilməli olan həcmdə pay torpaq sahəsi verilməsə də, sonradan Komissiya öz qərarı ilə bu halı aradan qaldırmışdır. Buna baxmayaraq, iddiaçılar Ağcabədi rayon Aqrar İsalahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli 10 nömrəli qərarında dəyişiklik edilməsini xahiş etmişlər ki, bu tələb onların nail olmaq istədikləri hüquqi nəticəni yaratmayacadır. Odur ki, iddiaçıların hüquqi maraqlarının təmini həmin torpaq sahəsinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından keçir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Aqrar İslahat Komissiyasının qərarının dəyişdirilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-3476/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar