Məhkəmə qərarları › İş №2-1(106)-294/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-294/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-294/2023 30.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı X3 nümayəndəsi X1, İddiaçı X3 vəkili Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(120)-915/2023 nömrəli qərardadından İddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı X3 cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 124 nömrəli qərarının İddiaçı X3 mülkiyyətində olan 19,5 hektar torpaq sahəsinin bir hissəsinin müəyyən şəxslərə pay torpağı olaraq verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 19 aprel 2023-cü il tarixli, 2- 1(120)-915/2023 nömrəli qərardadı ilə İddiaçı X3 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Prosessual məsələlər İddiaçı X3 nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, X2 onun oğludur. X2 İddiaçı X3 başçısı olsa da, faktiki fermer təsərrüfatını o özü yaradıb. Həmçinin birinci instansiya məhkəməsi ona bu istiqamətdə hüquqi yardım etməmişdir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və baxılması üçün inzibati işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 124 nömrəli qərarını mübahisələndirməsi üçün iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ərizəsi İddiaçı X3 adından qaldırılmış, iddia ərizəsini X6 imzalamışdır. Birinci instansiya məhkəməsi X1 İddiaçı X8 adından tərtib edilmiş iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmamasını aydınlaşdırmamışdır. İşdə olan 00719 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X2 İddiaçı X3 başçısıdır. X6 İddiaçı X8 adından tərtib edilmiş iddia ərizəsini imzalamaq səlahiyyətinin olması ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. X6 qeyd edir ki, X2 onun oğludur. X2 İddiaçı X3 başçısı olsa da, faktiki fermer təsərrüfatını o özü yaradıb. Həmçinin birinci instansiya məhkəməsi ona bu istiqamətdə hüquqi yardım etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təkrar işə baxarkən ilk növbədə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması məsələsini aydınlaşdırmalı və bu istiqamətdə hüquqi yardım göstərməlidir. Hazırkı iş üzrə iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalandığı təqdirdə işin bütün faktiki halları aydınlaşdırılmalıdır. Sübutların, ən əsası mübahisələndirilən inzibati aktın, həmin inzibati aktın qəbul edilməsinə səbəb olan və həmin inzibati aktın icrası ilə əlaqədar sənədlərin əldə edilməsi üçün sorğular verilməlidir. İnzibati aktın mübahisələndirilməsi ilə əlaqədar iddia müddətinə qiymət verilməmişdən əvvəl iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasına qiymət verilməlidir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərardad qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(120)-915/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(120)-915/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar