Məhkəmə qərarları › İş №2-1(106)-296/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-296/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-296/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Abdullayev Vəli Əsgər оğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İmranov Orxan Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi (direktor) X3 və Cavabdeh nümayənsədi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmiş islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı MMC-yə ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamının etibarsız hesab edilməsi” bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərardadı ilə iddia tələbinə “Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamının ləğv edilməsi” kimi baxılması, Sabirabad rayon Muğan Gəncəli bələdiyyəsinin və Sabirabad rayon Güdəcühür bələdiyyəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İDDİANİN DƏLİLLƏRİ İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin Muğan Gəncəli və Güdəcühur Kənd İcra Nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılacaq «Muğan» adlanan ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün onun istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.1999-cu il tarixli, 73 nömrəli müraciətinin nəzərə alınması və 1555 hektar torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh başçısının 09 dekabr 1999-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edilərək, Cavabdeh başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamı ilə rayonun Muğan Gəncəli və Güdəcühur Kənd İcra Nümayəndəliyinin bələdiyyə mülkiyyətində saxlanılan ərazilərindən 1555 hektar torpaq sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi bildirilmiş və həmin torpaq sahəsinə dair İddiaçı MMC-yə «Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə»nin verilməsi xahiş olunmuşdur. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı MMC-nin adına JN: 0367, kod 90918018 nömrəli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrində həmin dövrdən əkinçiliklə məşğul olunmuşdur. Lakin, Cavabdeh başçısının 08 nömrəli, 24 yanvar 2022-ci il tarixli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühur və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı MMC-nin müraciəti əsasında ümumilikdə 1555 hektar torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 15 oktyabr 1999-cu il tarixli, 112 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Cavabdeh başçısının 08 nömrəli, 24 yanvar 2022-ci il tarixli sərəncamı qanunsuzdur. Buna görə də həmin sərəncam ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarı ilə (hakim Samir Həsənov) İddiaçı MMC-nin iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(106)-264/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(102)-675/2023 saylı qərarı ilə cavabdehin və 3-cü şəxslərin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(106)-264/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarından verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncamı ilə Sabirabad rayonunun Güdəcühür və Muğan Gəncəli inzibati ərazisində aparılmış islahat nəticəsində bələdiyyənin fondunda saxlanılacaq ərazidən İddiaçı MMC-nin müraciəti əsasında ümumilikdə 1555 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.1999cu il tarixli, 112 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı əsasında İddiaçı MMC-nin istifadəsinə verilən 1555 ha torpaq sahəsi gələcəkdə yaradılması nəzərdə tutulan bələdiyyə mülkiyyətinə aid torpaqlar idi. Bələdiyyələr fəaliyyətə başlayandan sonra 1555 ha torpaq sahəsinin 623 ha hissəsi Sabirabad rayonu, Güdəcühür bələdiyyəsinə, 932 ha hissəsi isə Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaqlar ehtiyat fonduna daxil olan örüş təyinatlı torpaqlardır. İddiaçı MMC tərəfindən hal-hazıra kimi Torpaq icarəsi haqqında Qanunun 15-ci maddəsinə əsasən, bələdiyyələrlə heç bir icarə müqaviləsi bağlanmamışdır. Torpaq icarəsi haqqında Qanunun 15-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüquqlarının başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsinə əsas ola bilməz. Bələdiyyə yaranandan sonra bələdiyyə ilə eyni şərtlərlə müqavilə bağlanması tələb olunurdu. Lakin müqavilə bağlanılmamış və 22 ildir ki, heç bir icarə haqqı ödənilməmişdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. İddiaçı MMC-nin qeyd olunan bələdiyyələrin torpaqlarından istifadəsi qanunsuzdur. İcarə müqavilələri yoxdur, icarə haqqı ödənilməmişdir. Bələdiyyələr tərəfindən həmin torpaqlar müxtəlif icarəçilərə örüş məqsədi ilə icarəyə verilmiş, hərrac və müsabiqə yolu ilə icarə müqavilələri bağlanaraq dövlət qeydiyyatına alınmış və şahədətnamələr verilmişdir. Həmin torpaqlar hazırda da qanuni icarəçilərin istifadəsindədir. İddiaçı MMC-nin bu torpaqların kimə icarəyə verilib, kimin istifadə etməsi və.s. barədə heç bir məlumatı yoxdur. Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı formal xarakter daşıyırdı. Güdəcühür və Muğan Gəncəli bələdiyyəsinin müraciəti əsasında Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 08 nömrəli sərəncam qəbul edilmiş və formal xarakter daşıyan xx.xx.1999-cu il tarixli, 112 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədə olan Torpaq Məcəlləsi, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunda və digər qanunlarda bələdiyyə torpaqlarının istifadəyə verilməsi anlayışı yoxdur. Bələdiyyə torpaqları özgəninkiləşdirilə bilər və ya icarəyə verilə bilər. Göstərilənlərə əsasən, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarının ləğv edilərıək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)- 1096/2022 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi (direktor) X3 apellyasiya şikayətini qəbul etməyərək Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı zamanı işə baxan hakim Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri baxımından tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Ancaq işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozulmuşdur. Belə ki, örüş torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri Torpaq Məcəlləsinin 16-cı maddəsində ifadə olunmuşdur. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə 16-cı maddənin 3-cü bəndində "biçənək sahələri isə" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri əlavə edilmiş, həmin maddənin 4-cü bəndinin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir. 24 fevral 2023-cü il tarixli 826- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 15 aprel 2023-cü il, № 78) ilə 16-cı maddənin mətni yeni redaksiyada verilmişdir (bax hazırkı qərarın 50-ci paraqrafına). Mübahisəli hüquq münasibətinin xx.xx.2023-cü il tarixli dəyişikliyədək yarandığını nəzərə alaraq, İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 217.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətni tətbiq edilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə Torpaq Məcəlləsinin qüvvədə olmuş 16-cı maddəsinin tələblərindən aydın olduğu kimi örüş sahələrinin daimi istifadəyə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu sahələr yalnız ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bilərdi. Belə olan halda, cavabdehin xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamının qüvvədə olma müddətinin xx.xx.2014-cü il tarixdə başa çatdığı, bununla da həmin vaxtdan sərəncamın faktiki qüvvədən düşüb-düşməməsi məsələsinə hüquqi qiymət verilməmiş, 2014-cü ildən sonrakı dövrdə sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaqayırma məsələsinə yenidən baxılması üçün iddiaçının müraciət edib-etmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.1999-cu il tarixli, 112 saylı sərəncamının hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün iddiaçının müraciət etmədiyi müəyyən ediləcəyi halda mübahisələndirilən sərəncamla iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusunun nədə ifadə olunması, iddianın əsaslandırılmadığı halda mübahisələndirmə haqqında iddianın İPM-in 35.1-ci maddəsinə əsasən mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün iddiaçının müraciət etdiyi müəyyən ediləcəyi halda isə məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, ilk növbədə, mübahisələndirilən inzibati aktla (xx.xx.2022-ci il tarixli 08 saylı sərəncam) müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) iddiaçının istifadə edib-etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə edibetmədiyini aydınlaşdırmalı, istifadə etmədiyi müəyyən ediləcəyi təqdirdə İnzibati icraat haqqında Qanunun 68.2.2-ci maddəsinin tələbi baxımından mübahisəyə hüquqi münasibət bildirməlidir. İşin əsas diqqət edilməli halı örüşün daimi istifadəyə ayrılmasına qanunla yol verilməməsi, ən çoxu 15 ilədək icarəyə verilməsidir. Örüşün icarəyə verilməsi üçün isə icarəyə götürənin həm mülkiyyətində, həm də istifadəsində mal-qaranın olması vacib şərt kimi qeyd edilmişdir. Mal-qaranın sayının iki dəfədən çox azalması, yaxud heyvanların tamamilə ləğv edilməsi və ya onların mülkiyyətçisinin dəyişməsi icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılmasının əsasını təşkil edir. Beləliklə, xüsusi diqqət edilməli məsələlərdən biri örüş sahələrinin istifadəçilərinin və icarəçilərinin həm mülkiyyətində, həm də istifadəsində mal-qaranın olub-olmaması, olduğu halda sonradan mal-qara sayının iki dəfədən çox azalıb-azalmamasının, yaxud heyvanların tamamilə ləğv edilib-edilməməsinin diqqətdə saxlanması ilə əlaqədardır. Belə ki, mal-qaranın mövcudluğu torpaqayırma məsələsinə baxılması üçün əsas olduğu halda, sonradan sayının iki dəfədən çox azalması və ya heyvanların tamamilə ləğv edilməsi torpaqayırma qərarına yenidən baxılması üçün əsas kimi müəyyən edilmişdir. Hazırkı işdə iddiaçı tələbinin əsası kimi örüş sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olduğuna istinad etsə də, mülkiyyətində və istifadəsində mal-qaranın olmasına dair hər hansı mövqe ifadə etməmişdir. İddiaçının pozulması ehtimal olunan hüququnun məhz heyvandarlıqla məşğul olmasına maneədə ifadə oluna biləcəyini nəzərə alaraq, məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmaması məhkəmə kollegiyasına İPM-in 12-ci maddəsi ilə xidməti vəzifəsinə uyğun araşdırma aparmadığı qənaətinə gəlməyə əsas verir. Odur ki, 1999-2022-ci illər ərzində iddiaçının mülkiyyətində və istifadəsində mal-qara olub-olmaması, olduğu halda sayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının” 19-cu bəndindəki hesablama ilə torpağın ölçüsünə uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Baytarlıq İdarəsinə, vergi orqanına, habelə mal-qaranın ərazi üzrə qeydiyyata alındığı digər dövlət orqanına, sığortalandığı halda sığorta təşkilatına məhkəmə sorğular ünvanlamalı və iddiaçının il ərzində neçə heyvana xidmət edilməsi üçün baytarlıqla müqavilə bağladığı, neçə heyvana xidmət edildiyi, xidmət haqqının köçürmə yolu ilə köçürülüb-küçürülmədiyi araşdırılmalı idi. İşin diqqət edilməli digər halı Torpaq Məcəlləsinin 16-cı maddəsinin 5-ci hissəsinin tələbinə uyğunluğunun yoxlanılması ilə əlaqədardır. Sabirabad ərazisinin Aran ərazisi olmaqla qış otlağı olmasını, iddiaçıya ayrılan torpağın ölçüsünün 1555 ha olduğunu, tələbat hesablanarkən hər hektara 1-4 baş davar nəzərdə tutulduğunu nəzərə alaraq, iddiaçının 1999-cu ildə ən azı 1555, ən çoxu 6220 baş davarının olması tələb olunurdu. Məhkəmə iddiaçının 1999-cu ildə torpaq ayrılan vaxt və ondan sonrakı illərdə hər il üçün ayrı-ayrılıqda mal qarasının sayının nə qədər olmasını araşdırmalı idi. Bu araşdırma 15 oktyabr 1999-cu il tarixli 112 saylı sərəncamla iddiaçıya verilmiş imtiyazlardan qanunla nəzərdə tutulmuş qaydada istifadə edibetmədiyini müəyyən etmək zəruridir. Sorğuların cavabları ilə iddiaçının məhz həm mülkiyyətində, həm də istifadəsində mal-qara olması araşdırılmalı, mülkiyyətində olsa da, istifadəsində olmadığı və ya əksinə istifadəsində olsa da, mülkiyyətində olmadığı müəyyən edilərsə, işin hallarından asılı olaraq, hüquq və mənafelərin pozuntusunun nədə ifadə olunduğunun əsaslandırılıb-əsaslandırılmaması nəzərindən iddianın mümkünlük şərtlərinə, subyektiv hüququn mövcud olub-olmaması, yaxud mübahisələndirilən inzibati aktın İnzibati icraat haqqında Qanunun 67.6.1-ci və ya 68.2.2-ci maddələrinin tələbləri baxımından mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Hüquqi və fiziki şəxslər örüş sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və malqara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməli olduqlarını nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın qəbul edilməsi ilə torpağa iddia olunan qulluğa görə çəkilmiş xərclərə münasibətdə iddiaçıya ziyan vurulması barədə dəlillə əlaqədar iddiaçının hansı işlər görməsi, həmin işlərin iddiaçının qanunla üzərinə düşən vəzifələrin əhatə dairəsinə aid olub-olmaması müəyyən edilməlidir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə görə iddiaçı sübut etməli idi ki, torpaq ayrılması zamanı mal-qarasının sayı qanunla tələb olunan sayda olmuş və hazırda həmin say iki dəfədən çox azalmayıb, yaxud heyvanlar tamamilə ləğv edilməyib və ya onların mülkiyyətçisi dəyişməyib. Əks halda istifadə haqqında qərara yenidən baxılması qanuni sayılacaq. Belə ki, İnzibati icraat haqqında Qanunun 67.12-ci maddəsinin tələbləri baxımından qanunsuz inzibati akt aldadılma yolu ilə qəbul edilmişdirsə 1 illik müddət tətbiq edilmədən ləğv edilə bilər. xx.xx.1999-cu il tarixli sərəncam qanuni əlverişli inzibati akt kimi qəbul ediləcəyi halda, adı çəkilən Qanunun 68.2.2-ci maddəsinə əsasən həmin aktla iddiaçıya verilmiş hüquqlardan qanunamüvafiq qaydada istifadə edilib-edilmədiyinə diqqət edilməlidir. Beləliklə, iddiaçıdan torpaqayırma sərəncamının verilməsinə əsas olmuş müraciətindəki göstərilən halları, habelə torpaqdan qanunamüvafiq qaydada istifadə etməsini təsdiq edən sübutlar tələb edilməli, bununla əlaqədar məhkəmə xidməti vəzifəsinə uyğun olaraq İPM-in 12-ci maddəsinə əsasən araşdırma aparmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxacaq birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verib-verməməsinə də hüquqi qiymət verməlidir. Qeyd etmək lazımdır ki, hazırkı iddia tələbi yalnız o zaman mümkün sayıla bilər ki, iddiaçı iddia ərizəsində inzibati aktların qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktların qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə kollegiyası qeyd edir ki, əkinçiliklə məşğul olmaq qanunsuzluq olmasa da, örüşün verilməsi məqsədinə uyğun olmadığından əkinçiliklə məşğul olma halı iddianın təmini üçün, yəni iddiaçının hüquqlarının pozulmasına əsas kimi nəzərə alına bilməz. Bu halda məhkəmə iddianın mümkünlüyünə hüquqi qiymət verməlidir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, “ ...1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğunluğunu yoxlamalıdırlar”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” . Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Aidiyyəti səlahiyyətli qurum (cavabdeh) tərəfindən müvafiq sərəncamın qüvvədən düşmüş hesab edilməsi barədə qərar (sərəncam) qəbul olunduğundan, torpağın təyinatının əkinçilik məqsədilə deyil, heyvandarlıqla məşğul olunması üçün ayrılmış olması, hazırkı halda isə iddiaçının heyvandarlıqla məşğul olmasını təsdiq edən sübutların olub-olmamasının araşdırılmaması cavabdeh tərəfindən qəbul olunmuş sərəncamla iddiaçının hansı hüquqlarının pozulduğu müəyyən edilmir. Beləliklə, yoxlanılan məhkəmə qərarından aydın olur ki, birinci instansiya məhkəməsi örüş torpaq sahəsinin qanunla ən çoxu 15 il müddətinə icarəyə verilməsinin yol verilən olduğunu, bununla da xx.xx.1999-cu il tarixli 112 saylı sərəncamın xx.xx.2014cü ildən qüvvədən düşmüş hesab edildiyini nəzərə almayaraq, torpaq münasibətlərinin davam etdirilməsi ilə əlaqədar iddiaçının cavabdeh inzibati orqana həmin vaxtdan sonra müvafiq müraciətinin olub-olmadığını, olduğu halda xx.xx.2014-cü il tarixdən sonrakı dövr üzrə iddiaçının örüşdən qanunamüvafiq qaydada istifadə edib-etmədiyini müəyyən etməməklə, işin hallarını xidməti vəzifəsinə uyğun hərtərəfli araşdırmamış, yəni torpağın təyinatına uyğun istifadə edilib-edilməməsinin, örüş torpaq sahəsi ayrılması barədə sərəncamın təyinatının heyvandarlıqla məşğul olma olduğu halda iddiaçının hansı əsasla örüş sahəsində əkinçiliklə məşğul olmasını araşdırmamış, 1999-2022-ci illərdə iddiaçının təsərrüfatının olub-olmamasını, olduğu halda heyvanların olub-olmadığını, olduğu halda sayını, sonradan iki dəfədən çox azalıb-azalmamasını və ya tamamilə ləğv edilibedilməməsini, iddiaçının torpağa nə kimi qulluq etdiyini, xərc çəkilib-çəkilmədiyi, işlərin görüldüyü müəyyən edildiyi halda həmin işlərin torpağa qulluqdan irəli gələn vəzifələrlə bağlı olub-olmadığını müəyyən etməmiş və nəticədə həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxarkən birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi hallarla əlaqədar xidməti vəzifəsinə uyğun olaraq hərtərəfli araşdırma aparmalı, sorğular verməli, barəsində əlverişli inzibati akt qəbul edilmiş iddiaçının həmin inzibati aktla ona verilmiş hüquqlardan (imtiyazlardan) məhz heyvandarlıq məqsədilə (torpaqdan məqsədli təyinatına görə) istifadə edib-etmədiyi istiqamətində sübutların məhkəməyə təqdim edilməsi tələb edilməli, iddianın mümkünlüyü, subyektiv hüquq və iddianın hüquqi əsaslarına diqqət edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı inzibati mübahisə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasını tələb etdiyindən inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 83, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(120)-1096/2022 saylı qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar