Məhkəmə qərarları › İş №2-1(106)-298/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-298/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-298/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-1967/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 05 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1967/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 22 avqust 1957-ci il tarixdə doğulmuşdur və 22 avqust 2022-ci ildə 65 yaşı tamam olmuşdur. Buna görə də iddiaçıya əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilməlidir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (1974-cü ildən xx.xx.2008-ci illər) fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. 1974-1976, 1978-1983, 1985xx.xx.1992-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən dövrlərin əmək kitabçasının doldurma qaydalarına riayət edilmədən doldurulması işçinin təqsiri yox, işə götürənin təqsiri ucbatından yaranmışdır. Həmçinin iddiaçı 1998-ci ilin iyun ayından 2007-ci ilin iyul ayınadək, (o cümlədən xx.xx.2006-xx.xx.2007-ci illərdə) işləmiş və əmək haqqı almış, əmək haqqlarının məbləği cədvəldə qeyd edilmişdir. Cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı qeyd edilir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərə, o cümlədən hərbi bilet və təhsil haqqında arayışa əsasən, sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ) 15 il 4 ay 12 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14 il 8 ay 12 gün sığorta stajına uyğun olaraq 11953,01 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 421,81 manat olmaqla, ümumilikdə 12374,82 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Əlavə olaraq, 2018-ci il üzrə İddiaçı hesablanmış məcburi dövlət sosial sığorta haqqı fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixdən sonra qeydə alındığı üçün Qanunun 22-1.1-ci maddəsini tətbiq etməklə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlər “Mollahəsənli- Xoşçobanlı” X8 Təsərrüfatının əsas sərəncam komissiyasının aktı (N°2 xx.xx.1992-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının və Masallı rayon Dövlət Arxivinin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sabiq H.Aslanov adına sovxozun əmr kitabları və əməkhaqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün qeyd olunan dövrlərin araşdırılması mümkün olmamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 194 saylı sərəncamı ilə H.Aslanov adına sovxoz ləğv edilərək, onun bazasında yeni Təklə, Ləngan, X2 Fermer Təsərrüfatları yaradılmışdır. Eyni zamanda "xxxx" ASC-nin N° 138000/6786 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən "xxxx" ASC-də xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1999-cu il tarixdə 1 ay, 2006-cı il tarixdə 6 ay adına əmək haqqı hesablanmadığı üçün əməkhaqqı hesablanmayan aylar sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh imtina və etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi əsassız olaraq, iddiaçının əmək haqqı almadığı 1999-cu və 2000-ci ilin bir neçə ayını, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda həmin tarixdən sonrakı və 2007-ci il sosial sığorta stajı kimi nəzərə almışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 1974-1992-ci illərdə H.Aslanov adına sovxozda işləmişdir, 1991-ci ildə sovxoz ləğv edilmiş və yerində X2 Fermer Təsərrüfatları yaradılmışdır. 1990-cı ildə sovxozun inzibati binasında yanğın zamanı onun və 300-400 nəfər işçinin əmək kitabçaları yandığına görə müvafiq komissiya tərəfindən işçilərin əmək stajları müəyyən edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 1974-cü ildən əmək fəaliyyətinə başlaması, xx.xx.2008-ci il tarixdə işdən azad edilməsi barədə qeydlər vardır. -Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 274/1 nömrəli, 374 nömrəli arayışından və ona əlavə olunmuş əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 12 saylı əmrlə “Xoşçobanlı” X8 Təsərrüfatına qəbul olunmuş, xx.xx.1996-cı il tarixli, 26 saylı əmrlə işdən azad edilmişdir. Həmçinin 1993-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş, X2 Fermer Təsərrüfatında staj komissiyası tərəfindən “əmək stajları müəyyən edilmiş fəhlə və qulluqçuların Siahisı”nda iddiaçının adı 105-ci sırada qeyd edilmiş və adının qarşısında 17 il 9 ay qeyd edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 138000/6786 nömrəli arayışında İddiaçı 1998-ci ilin iyun ayından 2007-ci ilin iyul ayınadək işləməsi və əmək haqqı alması cədvəl şəklində edilmişdir. Cədvəldən görünür ki, 1999-cu il tarixdə 1 ay, 2006-cı il tarixdə 6 ay adına əmək haqqı hesablanmamışdır. Apellyasiya şikayətinin dəlilindən biri iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək fəaliyyəti üzrə əmək kitabçasında olan qeydlərin sərəncam komissiyasının aktı əsasında aparıldığından həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən: -İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. -Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. -Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qanunvericilik əmək pensiyasının təyini zamanı “əmək xidmət siyahıları”nın nəzərə alınması imkanını yaratmışdır ki, iddiaçının 17 il 9 ay iş stajı yuxarıda qeyd olunan müvafiq siyahı ilə təsdiq edilmişdir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin dəlillərindən biri kimi iddiaçının "xxxx" ASC-də xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan əmək fəaliyyəti zamanı 1999-cu ildə 1 ay, 2000-ci ildə 6 ay adına əmək haqqı hesablanmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması, buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 198 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesanlanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti keçirilməyən şəxslərin (qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Normanın tələbləri baxımından məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlili ilə razılaşsa da, qeyd etmək lazımdır ki, həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmadığı halda belə, iddiaçının digər dövrlər hesabına pensiya təyinatına əsas verən sığorta stajının mövcud olması bu dəlilin birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas verməməsi qənaətinə gəlir. Belə ki, iddiaçının cavabdeh tətərindən mübahisələndirilməyən 15 il 4 ay 12 gün, həmçinin Mollahəsənli-Xoşçobanlı X1 17 il 9 ay sığorta stajı ona pensiya təyin edilməsinə əsas verir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda istinad olunan müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-1967/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar