Məhkəmə qərarları › İş №2-1(106)-301/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-301/2023

31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-301/2023 31.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Abdullayev Vəli Əsgər оğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərarından iddiaçının vəkili və səlahiyyətli nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İDDİANİN DƏLİLLƏRİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi ilə X4 ona qarşı "mağaza sahəsinə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” barədə iddia tələbi təmin edilmişdir. Mübahisə predmeti olan mağaza 2007-ci ildə ünvan 1 ünvanında yerləşən, ona məxsus torpaq sahəsində inşa edilmişdir. Ağcabədi rayon Notariat kontorunda 7E-8823 reyestr nömrəsi ilə qeydə alınıb təsdiq olunmuş 14 dekabr 2010-cu il tarixdə ona məxsus həyətyanı torpaq sahəsində X5 16 kv.metr ölçüdə mağaza inşa etməsinə icazə verməyə razılıq ərizəsi əsasında Cavabdeh tərəfindən 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncam verilmişdir. Notariat kontorunda sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamış və imza etməmişdir. Ağcabədi Regional "Asan Xidmət” mərkəzində notariat ofisinin 31 may 2022-ci il tarixli, 401 saylı sorğuya cavab məktubunda onun adına "E-Notariat” avtomatlaşdırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Həmin razılıq ərizəsi ona məlum olmayan şəxs tərəfindən saxta tərtib edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən mübahisə predmeti olan mağazanı 2007-ci ildə özü tikdirmiş və müxtəlif vaxtlarda həmin mağazaları kənar şəxslərə, o cümlədən X5 2009-cu ildə hər ay 150 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir. X9 icarə haqqını ödəmədiyinə görə 2022-ci ilin əvvəlində onu mağazadan çıxarmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, 23 yanvar 2016-cı il tarixli çıxarışla mağazanın yerləşdiyi 0,0601 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 109,4 kv.metr olan fərdi yaşayış evinə onun və ailə üzvləri X6, X1, X8, X2 və X7 1/5 pay olmaqla ümumi birgə mülkiyyət hüquqları tanınmış və həmin ünvana yeni-20A ünvanı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 23 yanvar 2016-cı il tarixli çıxarışla mağazanın yerləşdiyi 0,0601 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 109,4 kv.m. sahəsi olan fərdi yaşayış evinə onun və ailə üzvləri X6, X1, X8, X2 və X7 1/5 pay olmaqla ümumi birgə mülkiyyət hüquqları tanınmış və həmin ünvana yeni-20 A ünvanı verilmişdir. Həmin torpaq sahəsi və inşa edilmiş ev 50 ildən artıq onların istifadəsində olmuş və sonradan da mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsində bir neçə mağaza inşa etdirərək müxtəlif şəxslərə, o cümlədən bir mağazanı da X5 icarəyə vermişlər. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən torpaq sahəsində X5 mağaza tikintisi üçün sərəncam verilməsinə İddiaçı 14 dekabr 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini, tikinti işlərinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə Cavabdeh 15 dekabr 2010-cu il tarixli aktını, Cavabdeh 4mx4m=16 kv.m. ölçüdə mağazanın tikintisinə icazə verilməsi barədə 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamını, cavbabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsas götürmüşdür. Onun iş üzrə verdiyi izahatını, təqdim etdiyi sübutları məhkəmə düzgün qiymətləndirməmiş, Ağcabədi rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş HK-1/321 və 322 saylı araşdırma materialları üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 fevral 2022-ci il tarixli qərarla müəyyən olunmuş xüsusatlara hüquqi qiymət verməmişdir. Cavabdeh 16 saylı, 04 fevral 2011-ci il tarixli sərəncamında, bu sərəncamın İddiaçı Ağcabədi Notariat Kontorunda 7E-8823 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 dekabr 2010cu il tarixli razılıq ərizəsi əsasında verildiyi qeyd edilmişdir. Bundan başqa torpaq sahəsi ümumi birgə paylı mülkiyyət olduğundan üzərində sahiblik və ondan istifadə, həmçinin barəsində sərəncam vermək onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Belə olan halda iddiaçının həmin torpaq sahəsi üzərində mağaza tikilməsinə təkbaşına icazə vermək hüququ olmamışdır. Bundan başqa bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notarial qaydada təsdiqlənməlidir. O, ümumiyyətlə notariat kontorunda belə bir razılıq ərizəsi yazmamış və imza etməmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinin 401 saylı, 31 may 2022-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına “E-Notariat” avtomatlandırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Cavabdeh sərəncamının mövcudluğu barədə ona Ağcabədi Rayon Məhkəməsində qarşı tərəfin ona qarşı qaldırdığı iddia üzrə çıxarılan məhkəmə qətnaməsində məlum olub. Bundan əvvəl Rizvanla aralarında mübahisə ilə bağlı Ağcabədi rayon Polis şöbəsində Rizvan izahatında qeyd edib ki, guya mağazanı 26000 manata almış, digər tərəfdən də qeyd edir ki, mağazanın tikintisini guya özü aparıb. Hər iki ifadə bir-biri ilə ziddiyyətli olmaqla yanaşı yalandır. Məhkəmə zamanı belə bir saxta inzibati aktın mövcud olmasını biləndən sonra xx.xx.2023-cü il tarixində inzibati aktın ona təqdim edilməsi barədə rəsmi sorğu göndərilmişdir. İnzibati akt 10 iyun 2023-cü il tarixində poçt vasitəsilə ona göndərilmişdir. Hesab edir ki, məhkəmənin iddia müddətini tətbiq etməsi qanunsuzdur. Bu xüsusat Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin 17 iyun 2022-ci il tarixli məktubu ilə bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin 17 iyun 2022-ci il tarixli, **********482000 nömrəli məktubundan görünür ki, fərdi sahibkar X9 (VÖEN **********) vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən mağazada xx.xx.2007-ci il tarixdən vergi orqanlarında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2- 1(120)-638/2023 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad ççıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)- 638/2023 saylı qərardadının ləğv edilərək, iddianın mümkünlük məsələsinin yenidən araşdırılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üşüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilmədən, Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Cavabdehnə qarşı “04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir, bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, ev 20 A yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X6, X1, X8, X2 və X7 adına daşınmaz əmlakın dövlət reyestrdə 26 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh başçısına ünvanlanmış Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı evdə yaşayan İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 6i X5 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh başçısına ünvanlanmış Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı evdə yaşayan İddiaçı xx.xx.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin Ağcabədi rayonunun Avşar kəndində yaşayan X5 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir (ərizə notariat qaydasında təsdiq edilmişdir). İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2011 -ci il tarixli, 16 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi rayon Avşar kənd sakini X4 əldə etdiyi torpaq sahəsində 4mx4m=16 kv.metr ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 211 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Ağcabədi şəhər sakini İddiaçı şəhərin H.Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20mx4m=80 kv.metr ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Ağcabədi Regional "Asan Xidmət” mərkəzində notariat ofisinin 31 may 2022-ci il tarixli, 491 saylı məktubundan görünür ki, "E-Notariat” avtomatlaşdırılmış informasiya sistemindən İddiaçı adına xx.xx.2010-cu il tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)- 492/2022 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 ünvanında X5 məxsus, sahəsi 16 kv.metr olan mağazadan istifadəyə yönəlmiş maneələr aradan qaldırılması və mağazanın girişçıxış qapısının açılması, mağazaya müdaxilənin cavabdeh İddiaçı qadağan edilməsi, cavabdeh İddiaçı dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin 1706.2022-ci il tarixli, **********482000 nömrəli məktubundan görünür ki, fərdi sahibkar X9 (VÖEN **********) vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi Ağcabədi şəhəri Hüsü Hacıyev 20A ünvanda (əvvəlki Hüsü Hacıyev 24) yerləşən mağazada xx.xx.2007-ci il tarixdən vergi orqanlarında qeydiyyata alınmışdır. Fəaliyyət göstərdiyi dövrdə, qeyd edilən ünvanda 8 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli **********2635 saylı qərara əsasən xx.xx.2010-cu il tarixdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş və 400 manat, xx.xx.2011-ci il tarixli **********8766 saylı qərara əsasən xx.xx.2011-ci il tarixində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş və 400 manat, xx.xx.2011-ci il tarixli **********3168 saylı qərara əsasən xx.xx.2011-ci il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 30 manat, xx.xx.2013-cü il tarixli **********1445 saylı qərara əsasən xx.xx.2013-cü il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 30 manat, xx.xx.2014-cü il tarixli **********9711 saylı qərara əsasən xx.xx.2014-cü il tarixində Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktı aşkar edilmiş və 31.20 manat, xx.xx.2015-ci il tarixli **********7877 saylı qərara əsasən xx.xx.2015-ci il tarixində Xüsusi razılıq(lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərməsinə görə 50 manat, xx.xx.2017-ci il tarixli **********8623 saylı qərara əsasən xx.xx.2017-ci il tarixində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması hallarının pozulmasına görə 1700 manat maliyyə sanksiyaları və inzibati cərimələr yazılmışdır. Baza məlumatlarına əsasən X4 xx.xx.2022-ci il tarixə fəaliyyəti aktivdir. Hazırkı inzibati işin materiallarından müəyyən edilir ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 16 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 16 kv.metrinin Ağcabədi rayonunun Avşar kəndində yaşayan X5 tikinti aparmaq üçün Cavabdeh başçısı xx.xx.2011-ci il tarixli, 16 nömrəli sərəncam vermişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2010-cu il tarixli ərizəsindən müəyyən edilir ki, sərəncamın verilməsinə iddiaçı özü razılıq vermişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan sərəncam xx.xx.2011-ci il tarixdə qəbul olunmuş, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin iyul ayında (məhkəməyə daxil olduğu vaxt), yəni sərəncamın qəbul olunduğu vaxtdan müvafiq olaraq 11 il 5 ay keçdikdən sonra mübahisələndirmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, Cavabdeh sərəncamının mövcudluğu barədə ona Ağcabədi rayon Məhkəməsində X4 ona qarşı qaldırdığı “mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” tələbinə dair mülki iş üzrə çıxarılan qətnamədə məlum olub. Məhkəmə zamanı belə bir saxta inzibati aktın mövcud olmasını biləndən sonra xx.xx.2023-cü il tarixində inzibati aktın ona ona təqdim edilməsi barədə rəsmi sorğu göndərilmiş və inzibati akt 10 iyun 2023-cü il tarixində poçt vasitəsilə ona göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçı tərəf həmin ərizənin saxta və ya əsassız olduğunu bildirsə də bu halı təsdiqləyən hər hansı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Mübahisələndirilən sərəncamla bağlı tikinti işlərinin aparılması həmin ərazidə yaşayan hazırkı iddiaçıya elə o dövrdə də (2011-ci ildə) məlum olmuşdur. Belə ki, cavabdeh və üçüncü şəxs tərəfindən notarial təsdiqi olan xx.xx.2010-cu il tarixli ərizə məhkəməyə təqdim edilmişdir ki, qeyd edilən ərizə də İddiaçı tərəfindən Ağcabədi şəhəri, H.Hacıyev küçəsi 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən 16 kv.metrinin ünvan 6i X5 tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq verilmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********482000 nömrəli məktubundan görünür ki, fərdi sahibkar X9 (VÖEN **********) vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi Ağcabədi şəhəri (Hüsü Hacıyev 24 əvvəlki) indiki Hüsü Hacıyev 20A ünvanda yerləşən mağazada xx.xx.2007-ci il tarixdən vergi orqanlarında qeydiyyata alınmış, 2010-2017-ci illər arası fəaliyyətində pozuntular aşkar edilərək cərimələr yazılmışdır. Baza məlumatlarına əsasən X4 xx.xx.2022-ci il tarixə fəaliyyəti aktiv olmuşdur. 2011-ci il tarixli sərəncamdan sonraki dövrlər arasında X4 fəaliyyəti mübahisələndirilməyən haldı və qeyd edilən dövrlərdə iddiaçı tərəfindən Rizvan Rüstəmovun hərəkətləri mübahisələndirilməmişdir. İddiaçının qeyd edilən tikilini X5 2009cu ildə 150 manata icarəyə verdiyi hissəsində məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən halı təsdiqləyən icarə müqaviləsi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, inzibati aktlar onlara "elan” olunmuş sayılmalı və bu səbəbdən də iddia müddətləri buraxılmış kimi qiymətləndirilməlidir. Hətta iddiaçı müvafiq tikililərlə əlaqədar mülki məhkəmə icraatında baxılan ayrıca işdə proses iştirakçısı kimi çıxış etmişdir. İddiaçı tərəfindən sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Cavabdeh başçısının 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamından 2011-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh Başçısının 04 fevral 2011-ci il tarixli, 16 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 11 (on bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürdüyündən birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsasların müəyyən edilməməsini nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsini rəhbər tutaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar