Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-302/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Atakişiyeva Nuranə Fadil qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-3848/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********932800 nömrəli qərarının ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 17 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3848/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. İşin faktiki hallarına əsasən vergi orqanı iddiaçını xx.xx.2023-cü il tarixdə əvvəlki - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almış və iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə (2022-ci ilin mart-sentyabr ayları ərzində) ƏDV tətbiq etmədən satdığı mallara görə 18% dərəcə ilə ƏDV hesablamışdır. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 10 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. İddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi vergi orqanına xx.xx.2023-cü il tarixdən əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmuşdur. Buna baxmayaraq, vergi orqanı iddiaçını məhz satış əməliyyatları tam baş tutduqdan sonra məcburi qaydada ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Halbuki, vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olardı. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********209500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə barəsində 2023-cü ilin mart ayı üzrə 46498,45 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: "2022-ci ilin 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 307855.91 manat dəyərində mal qalığının olduğu, xx.xx.2023-cü il tarixədək 32811.91 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə Operativ vergi nəzarəti şöbəsinin keçirtdiyi vergi nəzarəti çərçivəsində 35844.66 manat dəyərində faktiki mal qalığının olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir”. Qeyd olunanlar əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. İşin mahiyyəti ilə bağlı bildirir ki, cavabdehin operativ vergi nəzarəti keçirdiyi tarixədək iddiaçının mükəlləfiyyəti sadələşdirilmiş vergi olmuş və vergilərin hesablanmasına əsas verən mallar iddiaçı tərəfindən elektron qaimə-faktura əsasında ədv ödənilməklə əldə olunmuşdur. Göründüyü kimi əldə olunan mallar iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə olunduğundan, həmçinin malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə olunduğundan və iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ödəmiş olduğu ƏDVni əvəzləşdirmək hüququ olmadığından Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən iddiaçının həmin malları təqdim etməsinə ƏDV üzrə vergi tutulan əməliyyat kimi baxılmamalıdır. Həmçinin, əgər vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək (büdcədən geri qaytarmaq) hüququna malik olmamışdırsa, bu halda həmin malların satışı təkrar ƏDV-yə cəlb edilmir. Belə ki, şəxs malı alarkən 18% dərəcə ilə hesablanmış ƏDV məbləğini ödədiyindən və büdcədən geri qaytarmadığından, qanunverici onu ikinci dəfə 18% dərəcə ilə ƏDV ödəmək öhdəliyindən azad edir (maddə 159.7). İşin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VM-nin 175.1 -ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir. ƏDV ödəyicisnin qeydiyyata alınma bildirişindən göründüyü kimi cavabdeh xx.xx.2023- cü il tarixli bildirişlə iddiaçını xx.xx.2023-cü il tarixə məcburi ƏDV qeydiyyatını almışdir. İddia ərizəsinə əlavə olunmuş elektron qaimə-fakturalara əsasən də müəyyən olunur ki, iddiaçı həmin malları əldə edərkən ƏDV qeydiyyatında olmamış və buna müvafiq olaraq ƏDV ödəyicisi olmadığı üçün malları əvəzləşdirmək hüququ olmamışdır. Halbuki, iddiaçı daha əvvəlki tarixlərdə xəbərdar edilmiş olsaydı, ƏDV qeydiyyatından keçməklə satdığı malların dəyərinə ƏDV məbləği əlavə edə və həmin ƏDV məbləğlərini büdcəyə ödəməklə vergi yükündən xilas ola bilərdi. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2023-cü il tarixdən dövriyyənin 200000.0 manat artıq olması ilə bağlı vergi orqanı tərəfindən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı”ndan ibarət olduğu və uçot-baza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin 2022-ci ilin 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsinə əsasən 307 855,91 manat dəyərində mal qalığının olduğu, xx.xx.2023-cü il tarixədək 32 811,91 manat dəyərində mal alışının olduğu, xx.xx.2023-cü il tarixdə Operativ vergi nəzarəti şöbəsinin keçirtdiyi vergi nəzarəti çərçivəsində sahibliyində 35 844,66 manat dəyərində faktiki mal qalığının olduğu müəyyən edildiyi, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanmalı olduğu, qeyd olunan maddənin məqsədləri üçün təqdim edilən malların bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməli olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma barədə məktuba cavab olaraq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin mart ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 54 868,17 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********333100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra, vergi orqanı tərəfindən 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə dəqiqləşdirmə aparılaraq hesablanmış vergi məbləği 8369,72 manat azaldılaraq 46 498,45 manat hesablama aparılmış və xx.xx.2023-cü il tarixli **********209500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixə fərdi sahibkarın sahibliyində 307855,91 manat (ƏDV-li) məbləğində mal qalığının olmasına, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 32841,91 (ƏDV-li) manat elektron qaimə-faktura ilə mal əldə edilməsinə baxmayaraq, 9 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2421 nömrəli qərarı əsasında fərdi sahibkarın sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən mağazasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumi alış dəyəri 35 844,66 manat olan malların sənəd əsasında əldə edildiyinin aşkar edildiyi, nəticəsinin xx.xx.2023-cü il tarixli DVX seriyalı 004357 nömrəli aktla rəsmiləşdirildiyi və qeyd olunan aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixə fərdi sahibkarın sahibliyində 307 855,91 manat (ƏDV-li) məbləğində mal qalığının olduğunu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 32 841,91 (ƏDV-li) manat elektron qaimə-faktura ilə mal əldə edildiyini və nəzarət tədbiri zamanı 35 844,66 manat (ƏDV-li) sənədlər əsasında əldə edilmiş mal qalığı müəyyən edildiyini nəzərə aldıqda, fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixədək ümumi alış dəyəri 304 853,16 manat (ƏDVli) olan malın əskik gəldiyi müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkar tərəfindən 2022-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində aylıq 10 000,00 manat dövriyyə məbləği bəyan olunduğu halda, operativ vergi nəzarəti tədbirindən sonra 2023-cü ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləği bəyan edilmədiyi müəyyən edilmişdir ki, qeyd olunan dövriyyə məbləğləri ilə bağlı araşdırmaya heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, fərdi sahibkar tərəfindən nəzarət kassa aparatı vasitəsi ilə 2023-cü ilin yanvar ayı ərzində 518,80 manat, 2023-cü ilin fevral ayı ərzində isə 462,60 manat, 2023-cü ilin mart ayı ərzində isə 159,40 manat satış həyata keçirildiyi, nağdsız həyata keçirilmiş satışlarla bağlı fərdi sahibkarın hesablaşma hesablarına 2023-cü ilin yanvar ayında 15 796,00 manat, 2023-cü ilin fevral ayında isə 14 926,00 manat, 2023-cü ilin mart ayında isə 14 252,90 manat vəsait mədaxil edildiyi müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin mart ayı üzrə 46498,5 manat hesablanmış vergi məbləğinin ləğv edilməsi ilə əlaqədar Dövlət Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********070700 nömrəli “İnzibati şikayətin təmin edilməməsi” qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir. Daha sonra, iddiaçı tərəfindən 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış dövriyyə məbləğini sıfırladığı üçün Vergi orqanı tərəfindən əvvəlki qərar qüvvədən düşdüyü üçün xx.xx.2024-cü il tarixli **********932800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Məlum olduğu kimi, Vergi məcəlləsinin 67.15-ci maddəsində vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Vergi Məcəlləsinin 159.8 maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Buna əsasən vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən və dəyəri 200.000 manatdan yuxarı olan malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməklə ƏDV-yə cəlb olunur və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məblğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi kimi ona təkrar 18 % tətbiq edilməmiş, hesablanmış borc məbləğindən bu miqdar çıxılmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********932800 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -37.2-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. -159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. -159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. -24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan: --əlavə dəyər vergisi ödəyicisinin **********2 qeydiyyat bildirişindən görünür ki, X3 Azərbaycan Respublikasının Əlavə dəyər vergi ödəyicisinin Dövlət reyesterinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-cü il, qeydiyyata alınma tarixi xx.xx.2023-cü ildir. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********932800 nömrəli qərarından görünür ki, iddiaçıya 2023-cü ilin mart ayı üzrə 46.498,45 manat əlavə dəyər vergisi hesablanmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlili onu deməyə əsas verir ki, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək imkanına malik olmuş olardı. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddiaya qarşı etirazın dəlilləri təkrarlanmışdır. Odur ki, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-3848/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-302/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-302/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver