Məhkəmə qərarları › İş №2-1(106)-303/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-303/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-303/2025 04.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin 08 aprel 2022-ci il tarixli, 89 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-208/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyətinin 08 aprel 2022-ci il tarixli, 89 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən məhkəmə kollegiyası tərəfindən cavabdehə müvafiq yardım edilmiş, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübut təqdim edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı elektron kabinetə yerləşdiriləndə İmişli Rayon İcra Hakimiyyətində kompüter nasaz vəziyyətdə olmuş, işləməmişdir, ona görə də qərarın yerləşdirilməsindən məlumatlı olmamışlar. Həmçinin cavabdehin digər nümayəndəsi onu da qeyd etmişdir ki, elektron kabinetə məhdud şəxslər daxil ola bilir. Ona görə də səlahiyyətli şəxslərin qərar barədə məlumatı olmamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)- 208/2024 nömrəli qərarından şikayət vermək buraxılmış müddətinin üzrlü sayılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-208/2024 nömrəli qərarı 28 noyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmış və cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Qeyd edilən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti isə 17 fevral 2025-ci il tarixdə elektron qaydada imzalanaraq Şirvan İnzibati Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 17 fevral 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 2 ay 20 gün sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardan apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında göstərdikləri müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(120)-208/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar