Məhkəmə qərarları › İş №2-1(106)-305/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-305/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-305/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X3 Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1707/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünəməşğulluq proqramina cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılmışdır. Hər bir keçi üçün ayrılan vəsait göstərilməklə, ümumilikdə nə qədər vəsait ayrılması və ayrılmasına dair sənədlərin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Artıq bu tələblə məhkəməyə 3-cü dəfədirki müraciət edir. Lakin hec bir müraciətimə düzgün cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərini kobut şəkildə pozur. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) xx.xx.2023-cü il tarixli, 2- 1(120)-1707/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-154/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərardadda göstərdiyi dəlillərə işin hallarına uygun olmamışdır. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış, yalnız cavabdehin mülahizələrinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. İş materiallarndan da görünür ki, 22 baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə sorğusuna və məhkəmənin sorğusuna aidiyyəti üzrə cavab verməyərək ümumi məlumat vermişdir. Onun cavabdeh orqana verdiyi sorğu dövlət sirri deyildir. Həmçinin, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda da onun ərizəsinə dəqiq cavab verməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri əsasszı olduğundan apellyasiya şikayətinin təmin olunmadan və qərarın isə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-1707/2023 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iş üzrə icraata xitam vermiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı informasiya sorğusu barədə müraciətinə xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla cavab verilmişdir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin faktiki hallarına görə iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi cavabdeh tərəfindən sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi olmuşdur. Yəni, iddiaçı qeyd edilən məlumatların əldə edilməsi üçün cavabdeh inzibati orqana müraciətlər etmiş və həmin müraciətlərə cavabdeh tərəfindən cavab məktubları göndərilmişdir. Müraciətlərinə verilən cavabla razılşmayan iddiaçı cavabdehə qarşı hazırki tələbi irəli sürmüşüdür. Birinci instansiya məhkəməsi isə həmin məktublara istinad edərək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı qənaətinə gələrək iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edərək qeyd edir ki, yalnız cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edə bilər. Həmçinin həmin norma tələb edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlər ilə iddiaçının tələbi təmin edilmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsaslanaraq icraata xitam verilməsi üçün cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmalı və işin mahiyyəti üzrə mübahisə mövcud olmamalıdır. Lakin, hazırki işin faktiki hallarından görünür ki, iddiaçının tələbi üzrə mübahisə başa çatmamış və iddiaçı iddia tələbinin mahiyyəti üzə baxılmasını məhkəmədən xahiş edir. Nəzərə alınmalıdır ki, əvvəlki müraciətlərinə cavabdeh tərəfindən verilən cavablar iddiaçını qane etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin halları nəzərə almayaraq, məhkəmədə iddia qaldırılana qədər cavabdeh tərəfindən iddiaçıya göndərilmiş həmin cavab məktublarına istinad edərək mübahisənin mövcud olmadığı qənaətinə gəlmişdir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə ziddir. Göründüyü kimi hazırki iş üzrə mübahisənin mövcud olduğu halda birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə prosessual hüquq normasını tələbini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərardad ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1707/2023 saylı qərardadı ləğv edilsin, iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar