Məhkəmə qərarları › İş №2-1(106)-305/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-305/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-305/2024 20.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Firdusi oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Fikrət Cilingir oğlu, Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(120)-2689/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instasiya məhkəmələrində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş materialları Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərardadına əsasən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə müraciət etmişdir ki, Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə əsasən N nömrəli hərbi hissə döyüş şəraitində yerləşməsi və döyüş əməliyyatı aparması barədə müraciətinə yazılı məlumat verilsin, lakin onun müraciətinə cavab verməyərək Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə zidd olan qaydada Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə cavab məktubu yazaraq qeyd etmişdir ki, guya N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bəs onda Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmri səhvdir, ancaq Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əmrə istinad etmədən yazdığı məktub düzdür? Belə olan halda önəmli inanılacaq əmrlər Müdafiə Nazirliyinin deyil, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin məktubları olmalıdır? və əlavə olaraq onun mənəvi zərərə görə iddiası təmin edilməmişdir. Bu barədə Şirvan İnzibati Məhkəməsi işi tam araşdırmadan aidiyyat barədə qərardad qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının: 15.1-ci və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun: 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə- Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5-ci maddəsinə əsasən məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dəymiş 50.000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi inzibati iş materiallarını baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərmiş və qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Belə olan halda inzibati iş materialları baxılması üçün aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-562/2024 nömrəli məktubundan görünür ki, məktubda adı çəkilən İddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində kirayə evdə məskunlaşmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı X1 Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01-13/42 nömrəli məktubundan və ona əlavə edilmiş arayışdan görünür ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektorunun 18 aprel 2023-cü il tarixli, 572 saylı arayışına əsasən bildirilir ki, Laçın rayonundan məcburi köçkün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15, mənzil 48 ünvanında müvəqqəti qeydiyyatdadır və hal-hazırda sözügedən ünvanda məskunlaşmışdır. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-1291/2024 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15, mənzil 48 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, həmin ünvanda faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Suraxanı rayonu üzrə bölməsinin xx.xx.2024-cü il tarixli, N-Ş/014 nömrəli məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkün İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15, mənzil 48 ünvanında məskunlaşmışdır və məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd edilən hüquq normalarından göründüyü kimi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara və həmin inzibati orqanların faktiki xarakterli hərəkətlərinə qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin məhkəməsi tərəfindən, əks halda, iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır İşin faktiki hallarından göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, o, Laçın rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi faktiki olaraq iddiaçının daimi yaşayış yeri ünvan 2 ünvanda yaşayır. Bakı şəhəri isə inzibati ərazi vahidi kimi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazidir. Eyni zamanda hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı yaşayış yeri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektorunun 18 aprel 2023-cü il tarixli, 572 saylı arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15, mənzil 48 ünvanı olduğundan, Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi olduğundan və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar