Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-307/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X5, üçüncü şəxs X5 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4, X8 və X9 Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərarından üçüncü şəxslər X15, X12 və X16 tərəfindən birgə verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “X4, X8 və X9 Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3473/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “X4, X8 və X9 Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddiaçının, iddia tələbinin və cavabdehin olduğu kimi saxlanılması, iddia ərizəsində qeyd olunmuş maraqlı şəxslərin üçüncü şəxslər kimi hesab edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrı ilə (hakim Şahəli Musayev) iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Görünür ki, Salyan rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu məhkəmənin belə nəticəyə gəlməsinə səbəb olmuşdur. Çünki məktubda qeyd edilmişdir ki, adı göstərilən şəxslərin iddiaçı ilə yaxın qohum olduqları barədə məlumat Salyan rayon Qeydiyyat şöbəsində məlumat aşkar edilməmişdir. Halbuki, ad soyadlarından da göründüyü kimi üçüncü şəxslər və iddiaçı qohumdurlar. Günay Bağırova və Ağarza Bağırov iddiaçının mərhum qardaşı Rahilin uşaqlarıdır. Xanım Məmmədova isə faktiki olaraq X6r. Şəxsiyyət vəsiqəsində də Bağırovadır. Nikahdan əvvəl soyadı Məmmədova olmuşdur, Rahil Bağırov ilə nikaha daxil olduqdan etibarən Bağırova soyadını qəbul etmişdir. Məhkəmə qərarında Xanım Məmmədova adlı şəxsin qeydiyyatdan çıxarılması elə özü də Məhkəmənin səthi araşdırma apardığının göstəricisidir. Hətta hazırda Cavabdehndən şifahi olaraq Xanım Bağırovaya bildirilmişdir ki, onun ünvanı Polis şöbəsində ünvan 3 ünvanın ev 46 kimi qeyd edildiyini hazırda bilmir. Lakin, Məhkəmə bu hissədə də lazımi araşdırma aparmamışdır. Xanım Bağırova 1988-ci ildə nikaha daxil olanda Salyan şəh., F.Məlikov küç, 53 ünvanına gəlin köçmüşdür, uşaqlar da həmin evdə doğulublar və həmişə həmin evdə qeydiyyatda olublar. Fərdi yaşayış evi Rahil Bağırovun anası Gülcənnət Bağırovanın mülkiyyətində olmuşdur. İddiaçının mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçmişdir. Lakin, ümumiyyətlə fərdi yaşayış evi ilə bir həyətdə üçüncü şəxslərə məxsus 2 otaqlı fərdi yaşayış evi var. Göründüyü kimi, bütün bu faktlar inzibati məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır. Nəticədə, üçüncü şəxslərin hüquqlarını pozan qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 3619/2023 saylı qərarını ləğv edərək, iş üzrə tam həcmdə məhkəmə araşdırması aparmaqla, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-307/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X5 nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 195 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər X10, X15 və X3 şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yaşamırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılması və öhdəliyin icrası haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və həmin müraciətdən qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşdə olan xx.xx.2005-ci il tarixli, 509 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13- 104/2-B- 11838/11/23 nömrəli məktubundan görünür ki, üçüncü şəxs X10 iddiaçıya məxsus olan Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olumuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, X2 şəhəri, F.Məlikov küçəsi, ev 46 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı mülkiyətində Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evi vardır və iddiaçı həmin ünvandan X5 və digər şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin, işdə olan sənədlərdən görünür ki, üçüncü şəxs X12 iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında qeydiyyatdadır. Belə olduğu halda, X5 Salyan şəhəri, F.Məlikov küçəsi, ev 53 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən ünvan 8 ünvan olubolmamasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün birinci instansiya məhkəməsi polis orqanlarına, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, inzibati ərazi nümayəndəliyinə sorğular verməklə göstərilən məsələni aydınlaşdırmalı idi. Bundan başqa, Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13- 104/2- B-11838/11/23 nömrəli məktubundan görünür ki, cavabdeh Salyan şəhəri, F.Məlikov küçəsi ev 53 ünvanından yalnız X5 qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətindən imtina etmiş, digər şəxslərin yəni, X15 və X9 qeytiyyatdan çıxarılması ilə bağlı münasibət bildirməmişdir. Belə olduğu halda, birinci instansiya məhkəməsi həmin şəxslərə münasibətdə iddiaçının hazırki iddia tələbi ilə bağlı müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və həmin müraciətdən cavabdehin imtinasının olubolmamasını aydınlaşdırmalıdır. Bundan başqa, iş materialları ilə müəyən olunur ki, üçüncü şəxs kimi iddia ərizəsində göstərilən və məhkəmənin qərarının nəticə hissəsində əks olunan X4 əsl soyadı Bağırovadır. Yəni, iddiaçı iddia ərizəsində üçüncü şəxsin soyadını düzgün əks etdirməmiş və birinci instansiya məhkəməsi də üçüncü şəxsin soyadının dəqiqləşdirilməsi və düzgün yazılması istiqamətində iddiaçıya yardım etməmiş, nəticədə işə aid olmayan şəxs barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir” Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məsələlər tam və hərtərəfli araşdırılmamışdır. Hansı ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X15, X12 və X16 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(120)-3473/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-307/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-307/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver