Məhkəmə qərarları › İş №2-1(106)-308/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-308/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-308/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “Müdafiə Nazirinin müavini-X8 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı “Müdafiə Nazirinin müavini-X8 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibаti Məhkəməsinin 06 iyun 2024-cü il tаriхli, 2-1(120)-3189/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmuş, eləcə də iddia tələbinin “4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması” kimi dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdam, Ağdərə və Xocavənd rayonlarınm azad olunmasında komanda tapşırıqlarının icrasını layiqincə yerinə yetirdiyinə görə mükafatlandırılaraq “Ağdamın azad olunması medalı” ilə təltif edilmişdir. Düşmən üzərində tarixi qələbəmizdən sonra həmin hərbi hissədən tərxis olunmuşdur. Bundan sonra hərbi xidmətini davam etdirmək üçün müraciəti əsasında Bakı şəhərində 2 aylıq kursa cəlb olunaraq, 2 illik müqavilə əsasında yenidən hərbi xidmətə götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində, əvvəlcə Füzuli rayonunda, sonra isə Laçın rayonunda xidmətdə olmuşdur. Bundan sonra isə Laçın rayonundan Şəmkir rayonuna kurs keçmək məqsədilə gətirilmişdir. Burada ona və onunla birlikdə gəlmiş hərbi qulluqçulara elan olunmuşdur ki, kurs könüllüdür və kim bu kursda iştirak etmək istəməsə ərizə yazsın, həmin ərizəyə əsasən əvvəlki xidməti yerinə qaytarılacaqdır. Ona görə də o və kursa gətirilən bir neçə hərbi qulluqçu ərizə verərək kurs keçməkdən imtina etmişlər. Daha sonra Şəmkirdə bir həftə qaldıqdan sonra, ona və digər kursdan imtina barədə ərizə yazan hərbi qulluqçulara bildirilmişdir ki, guya hərbi xidmətləri başa çatdığından ehtiyata buraxılmalıdırlar. Bundan sonra onlar başa düşdülər ki, aldadaraq kursdan imtina etməklərinə ərizə yazdırmaqda məqsəd onları hərbidən tərxis etmək olmuşdur. Bu barədə cavabdeh Müdafiə Nazirliyinə və digər dövlət orqanlarına şikayət etmişlər. Şikayətlərinə cavab olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 7136 nömrəli məktubunda yalan və əsassız olaraq bildirilmişdir ki, guya o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 137-ci, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliyin icrasından və “Komando başlanğıc” kursunda iştirak etməkdən imtina edərək kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla, həmçinin intizam qaydalarini tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətin hərbi intizamına mənfi təsir göstərdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən ehtiyata buraxılmışdır. Həmin məktubda o da qeyd edilmişdir ki, guya onun həqiqi hərbi xidmətə qəbul edilməyi barədə komanda üzrə məruzə olunmuş, lakin yuxarıda qeyd olunanlara əsasən müsbət qərar qəbul edilməmişdir. Qeyd edir ki, məktubda onun barəsində yazılanlar tam yalandır. Belə ki, tərəfindən hərbi xidmətlə bir araya sığmayan hər hansı bir hərəkətə yol verilməmişdir. Onu və eləcə də digər hərbi qulluqçuları aldadaraq kurs keçməkdən imtina ərizəsi yazdırmışlar. Necə ola bilər ki, onlar 2-ci Qarabağ müharibəsində düşmənlə savaşanda vətən yolunda canlarını belə əsirgəməməyi qarşılarına məqsəd qoyduqları halda indi lazımsız bir əşya kimi onları aldadaraq ərizə yazdırmaqla ehtiyata buraxırlar. Səbəb də göstərirlər ki, guya kurs rəhbərliyinin əmr və göstərişlərinin icrasından imtina etmişdir. Əgər belə bir hal olsaydı onda bununla bağlı əvvəlcə ona xəbərdarıq olunmalı, təkrar bu hal baş verərdisə barəsində təqdimat hazırlanmalı, ondan izahat alınmalı və bundan sonra toplanmış sənədlər cavabdeh Müdafiə Nazirliyinə göndərilməli idi. Lakin ona heç bir xəbərdarlıq olunmamış, izahat alınmamış, gizli olaraq barəsində saxta və əsassız material toplanmaqla, cavabdeh Müdafiə Nazirliyinə göndərilmiş, sonuncu isə əmrin surətini ona təqdim etməmişdir. Hesab edir ki, cavabdeh onu xx.xx.2020-ci il tarixli əmrlə ehtiyata buraxmaqda haqlı olmamış, barəsində tərtib olunmuş əsassız materiala əsaslanmış, bu da sonda qanunsuz əmrin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, müharibədə iştirak etmiş, ixtisaslı hərbi kadrdır və hazırda ölkəmizin ixtisaslı kadrlara böyük ehtiyacı var. Cavabdehin qanunsuz əmri əsasında o, hərbi xidmətdən kənarda qalmışdır. Dəfələrlə müraciətinə baxmayaraq cavabdeh əmrin surətini ona verməkdən boyun qaçırır. Ona görə də barəsində qəbul edilmiş həmin əmrin surətini iddia ərizəsinə əlavə edə bilməmişdir. Hesab edir ki, iddia ərizəsi icraata qəbul edilərsə məhkəmə tərəfindən həmin əmrin təsdiq edilmiş surəti cavabdehdən tələb edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənəd əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir: İddiaçı, N nömrəli hərbi hissədə “Komando başlanğıc” kursuna cəlb edilmiş, kursda olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 137, 138-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma ilə həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2-ci, 3-cü bəndlərinin tələblərini pozaraq kursda iştirak etməkdən imtina etmiş, bağlaşma ilə hərbi xidmətə daxil olarkən götürdüyü öhdəliklərin icrasından və kursda iştirak, kurs rəhbərliyinin qanuni əmr və göstərişlərinin icrasından yayınmaqla, həmçinin intizam qaydalarını tez-tez pozmaqla kursda iştirak edən digər şəxsi heyətin hərbi intizamına mənfi təsir göstərmişdir. İddiaçı “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandandirinin xx.xx.2022ci il tarixli, 64 nömrəli əmrinin tələbinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sadalananları nəzərə alaraq komandanlıq tərəfindən iddiaçının barəsində “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 40.0.10-cu maddəsinin (bağlaşma ləğv edilərək) və Azərbaycan Respublikası Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmadığına görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair haqlı qərar qəbul edilmişdir. İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə tanış olmaqla N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”nda xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini almış və həmin gün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçının hansı səbəbdən ehtiyata buraxılması ilə bağlı müraciəti N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə cavablandırılmış, lakin, iddiaçı cavabı aldıqdan yalnız 07 (yeddi) ay keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır. Onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsində imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətidir (“inzibati icraat haqqında” Qanunun şərhi). Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülkiprosessual və qüvvədə olan inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və N nömrəli hərbi hissə hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasında qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. İPM-nin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə”... və 73.3.2-ci maddəsi “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə”... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından İddiaçı iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadı ilə (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iş üzrə iddiaçı olaraq mən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- X8 20 fevral 2022-ci il tarixli, 64 nömrəli əmrinin iddiaçı olaraq mənə aid hissədə ləğv edilməsi və hərbi xidmət vəzifəsinə bərpa edilməyim barədə qərar çıxarılmasını xahiş etmişəm. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-3189/2024 saylı qərardadı ilə (X3) iddia tələbi üzrə " buraxılmış prosessual müddətin bərpa edilməsi barədə" ərizənin təmin edilməməsi əsası ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı "4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunma" barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Hesab edirəm ki, iddia tələbim üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2-1(120) - 3189/2024 saylı qərardadı əsassız olduğundan ləğv edilməli və buxarılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəm təmin edilməklə iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. İşin halları ilə bağlı bildirirəm ki, iş üzrə cavabdeh olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldırmışam. Məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusu ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək "4-cü X10 xx.xx.2022-ci il tarixli, 07nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunması" kimi qəbul olunmasını xahiş etmişəm. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)- 2562/2023 nömrəli qərardadı ilə (hakim Fehruz Abbasov) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusuna qarşı "4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi və yenidən hərbi xidmətə bərpa olunma" barədə iddia tələbi üzrə buxarılmış prosessual müddətin bərpa edilməməsi, ərizəsinin təmin edilməməsi və qeyd edilən iddianın mümkün sayılmaması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2562/2023 nömrəli qərardadından narazı olduğumdan apellyasiya şikayəti verilmişəm. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-145/2024 nömrəli qərardadı ilə tərəfimdən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunduğu kimi Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadı ilə (X5) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qeyd etmək istəyirəm ki, müddətin ötürülməsi üzürlü səbəblərlə bağlı olmuşdur. Belə ki, mənə indiyə qədər 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 nömrəli əmri təqdim edilməmişdir. Bu səbəbdən də mənim hansı əsasla ehtiyata buraxılmağım barədə hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə mənə şifahi məlumat verilmişdir. Eyni zamanda, X12 adlı şəxs məni məhkəmə vasitəsilə hərbi xidmətə bərpa ediləcəyimi, mənim hüquqlarımın müdafiəsi ilə əlaqədar vəkil tutacağını bildirərək nənəm X4 6000 manat pul almaqla dələduzluq etmişdir. Bu faktla bağlı xx.xx.2023-cü il tarixdə cinayət işi başlamışdır. Qeyd etdiyim şəxs Elşən Rəsulov aylarla məni aldadaraq vəkillə müqavilə bağladığını, məhkəməyə müraciət etdiyini bildirərək mənim məhkəməyə gec müraciət etməyimə səbəb olmuşdur. Mən məhz qeyd edilən səbəbdən əmri məhkəmə qaydasında gec mübahisələndirmişəm. Digər tərəfdən, 25 dekabr 2020-ci il tarixdə tərxis edildikdən sonra müxtəlif dövlət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Birinci Vitse- Prezidentə müraciətlər edərək qanunsuz tərxis edilməyini bildirərək hərbi xidmətimə bərpa edilməsinə köməklik edilməsini xahiş etmişəm. Uzun müddət müraciətləri araşdırıldıqdan sonra mənə ünvanlanmış məktubda mənə köməklik olunacağı bildirilmişdir. Qeyd etdiyim ünvanlara etdiyim müraciətlərin araşdırılması müddətini gözlədiyim üçün xx.xx.2020-ci il tarixli əmrdən qanunvercilikdə nəzərdə tutulmuş müddətdə əmrin ləğvi ilə bağlı məhkəməyə müraicət etməmişəm. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normalarını səhv təfsir edərək və prosessual hüquq normalarını kobud şəkildə pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılaraq təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflərin heç biri məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq tərəflərin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89.Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəməninİnzibatikollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericilikləmüəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinəşikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkretməhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrinin ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (1 il 1 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrindən çıxarışdan görünür ki, 157-ci Motoatıcı Briqadasının (N nömrəli hərbi hissə) 4-cü X6 X7 Motoatıcı Manqasının Baş Atıcısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”ndan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmri ilə tanış olmaqla xx.xx.2022-ci il tarixdə imza edərək təyinat vərəqəsini almış və və həmin gün N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, SX ******* nömrəli hərbi biletin “hərbi qeydiyyata alınma və çıxarılma haqqında qeydlər” bölməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsində hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının hansı səbəbdən ehtiyata buraxılması ilə bağlı müraciəti N nömrəli hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixdə ətraflı şəkildə cavablandırılmışdır. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edilərək) və Silahlı X2 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin əmr iddiaçıya elan edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı həmin əmr ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin “Ezamiyyət vəsiqəsi, məzuniyyət bileti və təyinat vərəqəsinin uçotu jurnalı”na imza edərək tanış olmuş və təyinat vərəqəsini almışdır. İddiaçı təyinat vərəqəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsində hərbi qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən tərtib edilərək imzalanmış apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçının ehtiyyata buraxılmasının əsasları barədə xx.xx.2022-ci il tarixdə hərbi hissə tərəfindən ona rəsmi məlumat verilmişdir. Həmçinin, iddiaçının buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair birinci instansiya məhkəməsində verdiyi ərizəsindən görünür ki, o, iddia tələbi üzrə iddia müddətini ötürdüyünü təsdiq edir. Yəni, həmin halı mübahisələndirmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin nəzərə alınmalıdır ki, “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Yəni, hazırda qüvvədə olan mövcud qanunvericilik inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın maraqlı şəxslərə (hərbi qulluqçulara) birbaşa elan edilməsi ilə verilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrindən, həmin əmrin ona elan olunduğu xx.xx.2022-ci il tarixdən, ən geci isə xx.xx.2022-ci il tarixdən (N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli məktubu ilə) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçt şöbəsinə, xx.xx.2023-cü ildə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Hazırda mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin qərarın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən qərardan məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Məhkəmə kollegiyası buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, tərxis edildikdən sonra müxtəlif dövlət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına, Birinci Vitse-Prezidentə müraciətlər edərək qanunsuz tərxis edilməyini bildirərək, hərbi xidmətinin bərpa edilməsinə köməklik edilməsini xahiş etdiyini, uzun müddət müraciətləri araşdırıldıqdan sonra ona ünvanlanmış məktubda ona köməklik olunacağı bildirildiyini qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müxtəlif dövlət orqanlarına müraciətlər etməsini əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddəti buraxmasının üzrlü səbəbi kimi göstərdiyi hallar qərar vermə və müvafiq iddianı hazırlamaq qabiliyyətinə təsir edəcək hallar deyildir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmaması ilə bağlı gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü madəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4cü X10 xx.xx.2022-ci il tarixli, 07 əç nömrəli əmrin iddiaçıya elan edildiyi vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra məhkməyə müraciət etdiyinə görə müddətin bərpasına dair ərizəyə baxıla bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(120)-3189/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar