Məhkəmə qərarları › İş №2-1(106)-309/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-309/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-309/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Faiq Şəkixan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli **********665100 nömrəli qərarının ləğv edilməsi tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-566/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənqəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənqəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********024300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərarının ləğv edilməsi” kimi qəbulolunmasını xahiş etmişdir. Məhkəmənin 02 may 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********281200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək 2021ci il üçün təqdim olunan gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə araşdırılması zamanı onun 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində invoys dəyəri 155579,4 manat olan mallar idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində xərc bəndində malların dəyərinin 168306,12 manat göstərildiyi, satış dövriyyəsinin statistik dəyərlə 239007,33 manat olmalı olduğu halda 186813,56 manat göstərilmişdir. Yəni, cavabdehin yanaşmasına görə, güya o, malları gömrük orqanının müəyyən etdiyi 239007,33 manatdan aşağı qiymətə sata bilməzdi və buna görə də (239007,33-155579,4=83427,93) 83427,93 manat mənfəət müəyyən olunaraq 16685,58 manat (83427,93*20%) manat vergi hesablanması nəzərdə tutulmuş, o, özü 3701,49 manat vergini hesabladığı üçün aradakı fərq (12984,1 manat) əlavə olaraq hesablanmışdır. Qeyd olunan hesablama ilə bağlı xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara görə həmin qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir: Belə ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat,yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunu xüsusiolaraq qeyd etmək istəyir ki, vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə ki, idxal mallarına münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Buna baxmayaraq, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən malların statistik dəyəri ilə invoys dəyəri arasındakı fərqi gəlir və ya mənfəət kimi qəbul edərək heç bir əsası olmayan vergi hesablamışdır. İddiaçı malların satışını bazarda pərakəndə-ticarət qaydasında nəzarət kassa aparatı vasitəsi ilə aparmışdır. Satışdan əldə olunmuş gəlirə görə xx.xx.2021-ci ildə 2021-ci il üçün “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********281200 №-li məktubda qeyd olunan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərq anlayışı vergi qanunvericiliyinə tamamilə ziddir. İdxal olunan mallara gömrük orqanları tərəfindən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100% dəyər əlavə edib hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür. Həmçinin, satışı təsdiq edən NKA sənədləri qaydasında olduğu halda məsələyə gömrük orqanlarının gözü ilə yanaşmaq tam ədalətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, onun tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirir ki, vergi orqanlarına dəfələrlə ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda statistik dəyərin yalnız gömrük məqsədləri üçün olduğu qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Həmin Qərar xx.xx.2022-ci il tarixdə elektronkabinet vasitəsilə təqdim edilmişdir və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə görə 3 iş günü müddətində çatdırılmış sayılır. Onu da bildirir ki, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti qərəzli olaraq təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-566/2023 saylı qərarı ilə (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-566/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan inzibati Məhkəməsinin qərarında məhkəmədə araşdırılan materiallar ilə heç bir əlaqəsi olmayan əsaslandırmalar mövcuddur. Hansı ki, Şirvan İnzibati Məhkəməsinin qərarında olan “Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir.” kimi əsaslandırmaların konkret olaraq işin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Əlavə olaraq nəzərə alınması zəruridir ki, malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanmasının hüquqi əsası Vergi Məcəlləsinin 162.1 -ci maddəsidir. Şirvan İnzibati Məhkəməsinin qərarında məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən “Datapay kassa” markalı, 000024P**********0005496 zavod nömrəli nəzarət kassa aparatı vasitəsilə bütün satışları həyata keçirərək ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq ƏDV ödənildiyi, lakin vergi orqanı tərəfindən malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablandığı qeyd edilmişdir və əlavə olaraq qeyd olunan maddi hüquq normalarındanda müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmadığı bildirilmişdir. Nəzərə alınması vacibdir ki, məhkəmə baxışı zamanı inzibati orqan tərəfindən yük- gömrük bəyənnamələri təqdim edilmiş və həmin yük-gömrük bəyənnamələrində gömrük orqanı tərəfindən hesablanan ƏDV məbləğinin idxal olunan malların gömrük dəyərinə tətbiq olunduğu əks olunmuşdur. Əlavə olaraq da Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Hazırda iddiaçı tərəfindən verilmiş iddia ərizəsində mübahisələndirilən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********665100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarı ƏDV hesablanmasını əhatə etmir və bu barədə məhkəmə tərəfindən əsaslandırma verilsə belə bu əsaslandırma Vergi Məcəlləsinin 162.1ci maddəsinə uyğun olmayan formada qeyd edilməklə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlaması nəticəsində səhv qərar qəbul etməsi fikrini formalaşdırmağa xidmət edir və heç bir hüquqi əsası olmamaqla birlikdə Vergi Məcəlləsinin hansı maddəsinə istinad edildiyi qeyd edilmədən ümumi olaraq vergi qanunvericiliyinə ziddir kimi ifadələr işlədilmişdir. Cavabdeh qeyd edir ki, Şirvan inzibati Məhkəməsi qəbul olunan qərarında işi mahiyyəti üzrə araşdırmamış, maddi hüquq normaları düzgün tətbiq etməmiş, tətbiq etdiyi normaları düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-566/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-309/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə baxış iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 139. Əmtəə - material ehtiyatlarının uçotu qaydası 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri: Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 3. Gömrük rüsumları və onların dərəcələrinin müəyyən edilməsi qaydaları 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi ve gömrük dəyəri əsas götürülür. Maddə 4. Gömrük rüsumu dərəcələrinin növləri 4.1. Azərbaycan Respublikasında gömrük rüsumu dərəcələrinin asağıdakı növləri tətbiq edilir: 4.1.1. advalor - malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; 4.1.2. spesifik - mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 4.1.3. kombinə edilmiş - yuxarıda göstərilən hər iki növün birləşdirilməsi yolu ilə hesablanan.

Maddə 12. Gömrük dəyərinin müəyyen edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən mallarin gömrük dəyəri aşagıdakı üsullarla müəyyən edilir: 12.1.1. mallarin sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5.dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:

M a d d ə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. M a d d ə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər..

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənqəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergiödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi, vergi orqanı gətirilmiş malların gömrük dəyərinə əsasən verginin hesablanmasında haqlı olmamışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Hazırki iş üzrə mübahisə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindənİddiaçı barəsəində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarıdır. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən 10-cu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Belə ki, işin faktiki halarına görə iddiaçı Çin Xalq Respublikasından invoys dəyəri 155579.4 manat olan müxtəlif adlı mallar idxal etmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumu və əlavə dəyər vergisi hesablanarkən idxal edilmiş malların invoys dəyəri (yəni alqı-satqı dəyəri) əsas götürülməyərək idxal dəyəri müəyyən edilmişdir. İddiaçı idxal edilmiş mallara ticarət əlavəsi tətbiq edərək təsərrüfat subyektində kassa əməliyyatları vasitəsi ilə satışını həyata keçirmiş və satışdan əldə olunmuş gəlirə görə “Gəlir vergisi” bəyannaməsi təqdim etmişdir. Vergi orqanı tərəfindən iddiaçı barəsində təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmişdir. Vergi orqanı elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək gəlir vergisi hesablamışdır. İddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergiödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən gəlir vergisi hesablamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının 2021-ci il üçün gəlir vergisinin hesablanması yoxlanılarkən idxal əməliyyatları zamanı faktiki qiymətlərlə statistik qiymətlər arasında fərqin yaranması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yəni, cavabdeh idxal zamanı gömrük orqanı tərəfindən müəyən edilmiş malların gömrük dəyərini (239007,33 manatı) gəlir kimi, invoys dəyərini (155579.4 manat) isə xərc kimi nəzərə alaraq 2021-ci il üzrə 12984,10 manat gəlir vergisi hesablamışdır. Başqa sözlə cavabdeh malların statistik dəyəri ilə invoys dəyəri arasındakı fərqi gəlir kimi qəbul edərək vergi hesablamışdır. Məhkəmə kollegiyası hazırki mübahisənin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri üzrə onu qeyd edir ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi orqanı ehtimallarla qərar qəbul etməməlidir. Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlir vergisi vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. İddiaçının gəlirləri onun kassa əməliyyatları ilə müəyyən edilir. Vergi orqanı isə elektron qaydada iddiaçının alqı-satqı sənədlərini, invoysları, həmçinin onlayn kassa əməliyyatlarını gördüyü halda gəlir vergisinin hesablanması üçün real rəqəmləri deyil, statistik rəqəmləri (idxal dəyərini) əsas götürərək 2021-ci il üçün 12984,10 manat gəlir vergisi hesablamışdır. Lakin qanunvericilikdə gəlir vergisinin bu qaydada hesablanması müəyyən edilməmişdir. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya qanunsuz olaraq əlavə vergi hesablamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdə olan gömrük bəyannamələrinin surətlərindən görünür ki, iddiaçı 2021-ci ilin iyul ayında gömrük bəyannamələri təqdimetmiş və malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə hazırki mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Başqa sözlə vergi ödəyicisinin xərclərini təsdiq edən sənədlərin mövcud olmasına rəğmən, gətirilən malların gömrük dəyərinə əsasən verginin hesablanması, yuxarıda istinad olunan normaların ciddi şəkildə pozulması ilə müşayiət olunmuş və iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati aktın qəbul edilməsi ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2-1(120)-566/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar