Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-309/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Abdullayeva Aydan Səbuhi qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(120)-515/2024 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********0 saylı qərarın ləğv edilməsi və müharibə veteranı kimi təyin edilmiş müavinət-təqaüddən artıq tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2024cü il tarixli qərardadı ilə iddia tələbinə “xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 25 yanvar 2024-cü il tarixli, 2- 1(120)-515/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Birinci insatnsiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi veteranıdır. Ona müharibə veteranı kimi müavinət və sonra Prezident təqaüdü təyin edilmişdir. Hər ay 80 manat təqaüd almışdır. Həmin təqaüd 2022-ci ilin aprel ayından dayandırılmışdır. xx.xx.2022-ci il tarixdən təqaüd ödənişi bərpa edilmişdir. Təqaüd alan zaman ondan pul tutulmasını bilmiş və cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona göndərilmiş xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubunda göstərilir ki, müharibə veteranı vəsiqəsi olmadığına görə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Prezident təqaüdü üzrə ödənilmiş məbləğ artıq ödənilmiş məbləğ hesab edilmiş və həmin müddət ərzində ödənilmiş təqaüd məbləği onun aylıq təqaüdündən tutulmaqla DSMF-nin hesabına bərpa edilməlidir. Həmin qərardan narazıdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Bu barədə rəsmi sənədləri var. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 530 saylı arayışı ilə də təsdiq olunur ki, xx.xx.1993-xx.xx.1997-ci illərdə hərbi xidmət keçmişdir. xx.xx.1993-xx.xx.1994-cü illərdə N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. Ona həmin vaxtdan Vətən müharibəsi veteranı vəsiqəsi verilmişdir. Sonrakı illərdə veteran vəsiqəsinin verilməsi nazirlik nəzdindəki komissiyaya həvalə edilmiş və bunu bilən kimi komissiyadan da veteran vəsiqəsi almışdır. Həmin ad ona 1993-1994-cü illərdəki Vətən uğrunda gedən döyüşlərdə iştirakına görə verilmişdir və 30 ilə yaxındır ki, müharibə veteranıdır. Ona görə müharibə veteranı vəsiqəsi formasının dəyişməsi dövründə təqaüdün dayandırılması düzgün sayıla bilməz. Qanunvericiliyin tələbinə görə birincisi, inzibati orqan öz əməkdaşlarının təqsiri üzündən artıq verilmiş məbləği təqaüd alan şəxsdən tutmağa haqlı deyildir. İkincisi, inzibati orqanın təqaüd alan şəxsin razılığı olmadan və məhkəməyə müraciət etmədən bilavasitə təqaüddən birbaşa tutmalar aparması düzgün deyildir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu ıi tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu i! tarixindən sözügedən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. İddiaçının hüququ olmadığı halda (“Veteran vəsiqəsi" olmadan) ona xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdünün təyin edildiyi aşkar edilmiş və xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilmiş məbləğ artıq ödənilmiş məbləğ hesab edilmişdir. “Veteranlar haqqında’’ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu və dəlilləri iddiaya qarşı etirazın və mübahisələndirilən qərarın məzmunu ilə eynilik təşkil etmiş, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla təqaüd dayandırılarkən iddiaçı hələ veteran vəsiqəsinə malik olmamışdır. Ona görə də həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Prosessual məsələlər Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Şikarlı Rüstəm Allahşükür oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi, əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilmiş qərar mübahisə predmeti ola bilməz. Belə ki, iddiaçının pensiyasından tutulmalar həmin qərara əsasən aparılsa da, həmin qərarla yalnız iddiaçıya ödənilmiş təqaüdün dayandırılması qərara alınmışdır. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi Abdullayeva Aydan Səbuhi qızı şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qərarda tutulmaların aparılması barədə göstəriş yoxdur, lakin iddiaçının pensiyasından tutulmalar həmin qərara əsasən aparılmışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, onun oxumaq və yazmaq bacarığı (savadı) olmadığına görə birinci instansiya məhkəməsində iddianının dəqiqləşdirilməsi barədə ərizəni onunla məhkəmə prosesinə gəlmiş tanışı yazmışdır. Əsas hüquqi marağı pensiyasından tutulmuş pul vəsaitinin ona geri qaytarılmasıdır. Bundan başqa, onun savadı olmadığına görə cavabdeh orqanın tələb etdiyi sənədləri təqdim etmiş və hər-hansı sənədin təqaüd təyinatı üçün əsas verib-vermədiyini bilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki,surətləri iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 530 nömrəli arayışında bildirilir ki, 1975-ci il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir.xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. Əsas: AO-0047937 nömrəli hərbi bilet və m/v 090053 nömrəli müharibə veteranı vəsiqəsi. -01 noyabr 2022-ci il tarixli, M/V № 090053 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı vəsiqəsi verilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-/2-47916/2023 nömrəli məktubda bildirilir ki, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Araşdırma zamanı Prezident təqaüdünün vətəndaşın hüququnun olmadığı halda (“Veteran vəsiqəsi” olmadan) təyin edildiyi aşkar edilmiş və Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli 5141/**********1 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Prezident təqaüdü üzrə ödənilmiş məbləğ artıq ödənilmiş məbləğ hesab edilmişdir. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq Veteran vəsiqəsi verildiyi xx.xx.2022-ci il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün artıq ödənilmiş vəsait aşkarlanmışdır. -iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizənin məzmunundan görünür ki, “xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarın ləğv edilməsini və tutulmuş məbləğin geri qaytarılmasını” xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadının və yekun qərarının məzmunundan görünür ki, tələbin “xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarın ləğv edilməsi” hissəsinə baxılmış, iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması məsələsinə hüquqi qiymət verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi qərara alınmış cavabdehin qərarının məzmunundan görünür ki, həmin qərarla iddiaçıya ödənilmiş təqaüdün dayandırılması qərara alınmış, eyni zamanda artıq ödənilmiş vəsaitin məbləği və tutulmanın səbəbinin səhv təyinat olmaası qeyd edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərar qəbul edilərkən iddiaçı veteran statusuna və müvafiq vəsiqəyə malik olmadığından (vəsiqə xx.xx.2022-ci il tarixdə verilib) ona ödənilən təqaüdün dayandırılması əsaslı olmuşdur ki, bu baxımdan qərarın tamamilə ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Bununla yanaşı, iddiaçının pensiyasından aparılmış tutulmalar həmin qərar əsasında aparıldığından qərar həmin hissədə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya sözügedən təqaüdün təyin edilməsi ilə bağlı cavabdeh orqanda saxlanılan və surətləri məhkəməyə təqdim edilmiş sənədlər toplusundan görünür ki, iddiaçıya həqiqətən təqaüd müvafiq vəsiqə olmadan, yəni hüququ yaranmadığı halda (“Azərbaycan Vətən müharibəsi Veteranlar Birliyi” tərəfindən verilmiş vəsiqəyə əsasən) təyin edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrində qeyd olunmuşdur ki:-
1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasinin xx.xx.2006-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçıya ödənilmiş məbləğin qaytarılması üçün hüquqi əsas yoxdur. Başqa sözlə iddiaçı həssas sosial qrupa aid olduğundan, eyni zamanda təqaüdün təyin edilməsi üçün Qanunun 67.6cı maddəsində nəzərdə tutulan hallara şərait yaratmasını güman etmək üçün əsaslar olmadığından sözügedən təyinatla etimad hüququ qanunla qorunmalıdır. İddiaçıya edilmiş ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Mövcud qanunvericilik artıq ödənilmiş sosial müavinəti alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Hazırkı halda isə iddiaçının təqaüdün geri ödənilməsinə dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş vəsaitin geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verildiyindən, eyni zamanda qeyd olunan Fərmanın özündə artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı məsələlər göstərilmədiyindən hazırki mübahisə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları və tələbləri müstəvisində həll edilməlidir. Qeyd olunan Qanun isə artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı mübahisənin şəxsin vəsaiti qaytarmaqdan imtina etdiyi təqdirdə məhkəmə qaydasında həll edilməli olduğunu müəyyən etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(120)-515/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 5141/**********1 nömrəli qərarı tutulmaların aparılması hissəsində ləğv edilsin. İddiaçı pensiyasından artıq ödənilmiş vəsait (Prezident təqaüdü) kimi tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.