Məhkəmə qərarları › İş №2-1(106)-31/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-31/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-31/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-466/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-466/2022 nömrəli qərarı ilə iddia ərizəsinin təmin edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan İddiaçı Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində 2 nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etməsinə dair xx.xx.2021-ci il tarixli, seriya DVX 002264 nömrəli əsassız akt tərtib etmiş və həmin akt əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərar qəbul edərək İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, sözügedən aktda göstərilən iki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “Möcüzə Palace” şadlıq evində işlərə və xidmətlərə cəlb edilməsi istiqamətində heç bir sübut yoxdur, bu istiqamətdə hər hansı formada izahatlar və ifadələr alınmamışdır. Bu isə, xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın qanunsuzluğuna və əsassızlığına kifayət qədər dəlalət edir. Həmçinin iddiaçı şadlıq evində işlərə və xidmətlərə heç kimi cəlb etmir. Çünki buna zərurət olmur. Oradakı qaydalar belədir ki, toyu keçiriləcək şəxslər və ya həmin şəxslərin gətirdiyi işçi qüvvəsi (aşpaz, ofisiant və digər xidmət personalı) bu məsələləri həll edir və toyda xidmətin təşkilini özləri aparırlar. Məhz bu baxımdan, şadlıq evində xidmət göstərilməsinə iddiaçı tərəfindən kiminsə cəlb edilməsi məntiqsizdir. Əgər belə bir hal varsa, qanunvericiyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. Həmin akt iddiaçıya göndərilmiş, iş materiallarına baxılması üçün iddiaçı xx.xx.2021-ci il tarixə saat 11:00-a Baş İdarəyə dəvət olunmuş, lakin iddiaçı gəlməmiş və ya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahisə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaradır. xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli məsuliyyət qərarı ilə iddiaçı barəsində 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, İddiaçı Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evini işlətməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçı həmin şadlıq evini toy şənliyinin keçirilməsi üçün bu barədə müraciət edən şəxslərə yazılı müqavilə əsasında icarəyə verir. Həmin müqavilədə toy şənliyində iştirak edəcək qonaqların sayı, tərəflərin daşıdıqları məsuliyyət, toy şənliyinin keçirilməsinə görə icarə qiyməti razılaşdırılır. “Covid-19” pandemiyasına qədər toy şənliyinin keçirilməsi üçün müraciət edən şəxslərin istəyindən asılı olaraq icarəyə verilən şadlıq evində müəyyən toy xidmətləri (aşpaz, ofisiant və sair) göstərilmişdir. Lakin pandemiyanın ilk dövrlərində toylara icazə verilmədiyindən, daha sonra isə müəyyən məhdudiyyətlər olduğundan müvafiq qaydalara uyğun şadlıq evi ancaq qonaq sayı 150 nəfərdən artıq olmamaq şərtilə toy şənliyinin keçirilməsi üçün icarəyə verilmişdir. Pandemiya dövründə şadlıq evində keçirilən toy şənliklərində bir qayda olaraq lazım olan işçi qüvvəsini və ərzaqı toy şənliyini keçirəcək olan şəxslər gətirirdi. xx.xx.2021-ci il tarixdə, yəni pandemiya dövründə “Möcüzə Palace” şadlıq evində iddiaçı ilə bağlanmış müvafiq müqaviləyə əsasən Şahid2 öz oğlunun toyunu təşkil etmişdir. İddiaçının özü həmin tarixdə xəstə olduğundan toy məclisində iştirak etməmişdir. Cavabdeh inzibati orqanın iddiaçının əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi şəxslər kimi göstərdiyi X10 və Şahid1 iddiaçının işçiləri deyil, həmin toy şənliyində qonaq qismində iştirak edən şəxslər olmuşdurlar. Həmin şəxslər məhkəmə iclaslarında şahid qismində verdikləri ifadələrdə bu halı təsdiq etmişdirlər. Vergi orqanının əməkdaşları isə həmin şəxslərin izahatlarını almadan, qanuna uyğun araşdırma aparmadan, onların iddiaçının işçiləri olduğunu sübuta yetirmədən birtərəfli qaydada akt tərtib etmiş və həmin akt əsasında da iddiaçı barəsində mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarı qəbul etmişdirlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus olan Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, seriya DVX 002264 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli qərarına əsasən aparılmış operativ vergi nəzarəti zamanı İddiaçı özünə məxsus Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində 2 nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin özü və səlahiyyətli nümayəndəsi obyektdə olmadığı üçün aktın bir nüsxəsinin təhvil verilməsi və imza etdirilməsi mümkün olmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta əlavədə göstərilən İddiaçı məxsus “Möcüzə Palace” şadlıq evində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında Masallı rayon Çaxırlı kənd sakinləri X4 və Şahid1 adları qeyd edilmişdir. Akta əlavədə həmçinin qeyd edilmişdir ki, vergi ödəyicisinin özü və səlahiyyətli nümayəndəsi obyektdə olmadığı üçün imza etdirmək və aktın bir nüsxəsinin təhvil vermək mümkün olmamışdır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri dövlət vergi müfəttişləri X6 və X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən Masallı rayon Çaxırlı kəndi ərazisində yerləşən “Möcüzə Palace” şadlıq evində yoxlama zamanı vergi ödəyicisi İddiaçı obyektdə olmadığı üçün özlərini vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən X10 və vergi ödəyicisinin oğlu polis əməkdaşı X2 təqdim edilmiş qərar və tələbnamələrlə tanış olmaqdan və imza etməkdən, izahat verməkdən imtina etdilər. Vergi ödəyicisi İddiaçı obyektə gəlməsini tələb etdikdə onun xəstə olduğundan gələ bilməyəcəyini bildirdilər. Beləliklə, M.Dadaşov və polis leytenantı N.Quliyev özlərini qeyrisəmimi apararaq tərtib olunmuş aktla tanış olmaqdan, akta imza etməkdən və onun surətini almaqdan imtina etdilər. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********193900 nömrəli məktubda qeyd edilmişdir ki, Baş İdarənin xx.xx.2021-ci il tarixli **********0663 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə saat 17:30-da vergi ödəyicisi İddiaçı fəaliyyət göstərdiyi “Möcüzə Palace” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə 2 nəfər işçi cəlb olunması əməkdaşları tərəfindən aşkar edilmiş və bu halla bağlı seriya DVX 002264 nömrəli akt tərtib olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin oğlu Masallı rayon Polis şöbəsinin polis leytenantı vəzifəsində işləyən X2 yoxlama prosesində iştirak etmiş, vergi ödəyicisi olan anası İddiaçı obyektə gəlməsinə və obyektə əmək müqaviləsi olmadan işə cəlb olunan 2 nəfərin (Masallı rayon Çaxırlı kənd sakinləri X10 (AZE13720954, FİN: 4AS3U5F) və Şahid1 (AZE: ********, FİN: xxxxxxx)) izahat verməsinə maneçilik yaradaraq yoxlama zamanı tərtib olunmuş akta imza etməsinə şərait yaratmamış, “Siz aktı yazın, mən onsuz da onu məhkəmədə ləğv etdirəcəm” kimi ifadələr işlətmişdir. Həmin obyektin faktiki sahibi Masallı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 121 nömrəli sərəncamı və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (seriya RX 0175636) əsasən X1r və anası İddiaçı icarə əsasında vermişdir. xx.xx.2021-ci il tarixdə **********118000 nömrəli bildiriş əlavələr ilə birlikdə vergi ödəyicisinə göndərilmiş və poçtdan geri qayıtmamışdır. Həmçinin vergi ödəyicisi İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinə baxılması üçün xx.xx.2021-ci il tarixə saat 11:00-a Baş İdarəyə dəvət olunmasına baxmayaraq gəlməmiş və ya hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 26.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borclu olduğu halda Çaxırlı kənd ərazi nümayəndəliyi həmin işçilərin iş yeri barədə arayışı müxtəlif bəhanələr gətirərək verməmişdir. Eyni zamanda, vergi ödəyicisi İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti həyata keçirdiyi “Möcüzə Palace” şadlıq evində tədbir zamanı qeyd olunan işçilərlə və ya digər işçilər ilə rəsmi əmək müqaviləsi bağlamamışdır. İşdə olan İddiaçı ilə toy sahibi Şahid2 arasında bağlanmış müqavilədən görünür ki, toy şənliyinin xx.xx.2021-ci il tarixə Masallı rayonun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evinə təyin edilməsi, qiymətinin 370 manat olması, toy sahibinin qonaqlarının sayının 150 nəfərdən artıq olmaması, toy sahibinin toyda lazım olan bütün işçi qüvvəsini və bütün ərzaqı özünün gətirməsi və onun üzərində məsuliyyət daşıması barədə tərəflər razılığa gəlmişdirlər. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində Şahid2 övladının toyu idi. O da, qonaq kimi həmin toya dəvət olunmuşdur. O, özü Masallı rayonunun Çaxırlı kəndində mal-qaranı kökəldib satmaqla məşğul olur. Şahid2 da mal-qara alqı-satqısıyla məşğul olur. Şahid2 ilə də elə iş prosesində tanış olmuşdurlar. Toy zamanı Nəsir ona tapşırmışdır ki, anbara nəzarət etmək məqsədilə müvəqqəti olaraq anbarın qarşısında dayansın. O, anbarın qarşısında ikən vergi əməkdaşları ona yaxınlaşmış, şəxsiyyət vəsiqəsini ondan alaraq ona baxış keçirib ona qaytarmışdırlar. Vergi əməkdaşları onun izahatını almamışdırlar. Şəxsiyyət vəsiqəsinin hansı səbəbə alınıb baxılması ona izah olunmamışdır. Vergi orqanının nəyi yoxladığı ona məlum deyildir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində Şahid2 övladının toyu idi. O da, qonaq kimi həmin toya dəvət olunmuşdu. Onun özü Masallı rayonunun Çaxırlı kəndində kənd təsərrüfatı ilə məşğul olur. Şahid2 həmkəndlisi kimi tanıyır. O, İddiaçı üzdən tanımır, sadəcə adını eşidib. O, toyda ikən tanımadığı, lakin pandemiya qaydaları ilə əlaqədar yoxlama aparan dövlət orqanının əməkdaşı olduğunu hesab etdiyi şəxs ona yaxınlaşmış, onun şəxsiyyət vəsiqəsini istəmiş, o da, şəxsiyyət vəsiqəsinin həmin vaxt üzərində olmadığını bildirmişdi. Həmin şəxs ona başqa heç nə deməmiş, onun izahatını almamışdı. Həmin şəxsin vergi orqanı işçisi olduğunu bilməmiş, nəyi yoxladığı da ona məlum olmamışdı. O, İddiaçı işçisi olmamışdır. O, X7 da tanımır. Şahid2 toy zamanı ona hansısa işi tapşırmamışdı, o, sadəcə qonaq qismində həmin toyda iştirak etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.1-ci və 50.1.7-ci maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********0663 nömrəli qərarla İddiaçı məxsus olan Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən qeyd edilən qərara əsasən aparılmış operativ vergi nəzarəti zamanı İddiaçı özünə məxsus Masallı rayonunun Çaxırlı kəndində yerləşən “Möcüzə Palace” şadlıq evində 2 nəfər fiziki şəxsi – X7 və Şahid1 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etdiyinin müəyyən edilməsinə dair xx.xx.2021-ci il tarixli, seriya DVX 002264 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyətə cəlb edilmişdir. İddiaçı da sözügedən xx.xx.2021-ci il tarixli, **********9408 nömrəli qərarın qanunsuz və əsassız olduğunu, şadlıq evində işlərə və xidmətlərə heç kimi cəlb etmədiyini, toyda xidməti toyu keçiriləcək şəxslərin və ya həmin şəxslərin gətirdiyi işçi qüvvəsinin təşkil etdiyini əsas gətirərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən İddiaçı, həmçinin aktda adı olan 2 nəfərdən izahat alınması və akta onların imza etmələri təmin edilməmiş, habelə həmin şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli, 002264 nömrəli akta nəzər yetirildikdə yalnız vergi orqanının əməkdaşları tərəfindən imza edildiyi, X4 akta imza etməkdən imtina etməsi və Şahid1 barəsində isə, ümumiyyətlə, heç bir məlumat əks etdirilməməsi müəyyən edilmişdir. X10 məhkəmə iclasında ifadə verərək şadlıq sarayının işçisi olmadığını, həmin gün toyda iştirak etdiyini, toy sahibinin tapşırığı ilə şadlıq evinə məxsus anbarın qabağında olduğunu, anbara nəzərat etdiyini təsdiq etmişdir, vergi orqanı əməkdaşları tərəfindən ondan izahat alınmadığını bildirmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması apararkən maddi hüquq normalarında nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən göstərilən şəxslərin izahatlarını ala bilərdi. Lakin cavabdeh inzibati orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişdirlər. Cavabdeh inzibati orqan iddiaçının əmək müqaviləsi olmadan X7 və Şahid1 işə cəlb etməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından ümumi şəkildə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməli olduğunu qeyd etmiş, lakin məhkəməyə apellyasiya şikayətinin dəlilləri ilə bağlı, o cümlədən iddiaçının əmək müqaviləsi bağlamadan X7 və Şahid1 işə cəlb etdiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və Şahid1 da ifadələrində iddiaçının işçiləri olmadıqlarını, həmin gün toya qonaq qismində dəvət edildiklərini, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən onların izahatlarının alınmadığını bildirmişdirlər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-466/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar