Məhkəmə qərarları › İş №2-1(106)-31/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-31/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-31/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X24 Firdusi oğlunun sədrliyi, hakimlər Həsənov Müşfiq Kamil oğlu və X8 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı «şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 şəhidlik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X11 08 may 1995-ci ildə Biləsuvar RHK tərəfindən hərbi xidmətə çağırılmış, Qazax rayonunda N saylı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi hərbi hissə rəhbərliyinin bildirdiyinə görə 14 aprel 1997-ci ildə şəhid olmuşdur. Ona görə də, dəfn mərasimi rayon ictimaiyyətinin və rəhbərliyinin iştirakı ilə şəhid statusuna uyğun keçirilmişdir. 17 iyul 1997- ci il tarixdə ona və həyat yoldaşı X5 Biləsüvar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi olaraq vəsiqələr verilmişdir. 23 ildən sonra şəhid ailələri üçün sığorta vəsaiti ödənilərkən müvafiq arayış üçün müraciət etmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin 10 dekabr 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sizin oğlunuz X2 rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdeh övladlarının şəhidlik statusunun bərpa edilməməsini Qazax rayon prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna əsaslanmışdır. Həmin məktubda göstərilir ki, X11 xx.xx.1997-ci il tarıxdə N saylı hərbi hissədə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. Cavabdehin Qazax Hərbi prokurluğunun ziddiyətli və anlaşılmaz məktubuna istinad etməsi tamamilə əsassızdır. Belə ki, hərbi prokurorluğun məktubunda gostərilir ki, istintaq zamanı X4 özünü öldürməsi hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata xx.xx.1997-ci il tarixdə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən (cinayət hadisəsı müəyyən edilmədiyinə görə) xitam verilmişdir. xx.xx.2015-ci ildə həmin cinayət işi saxlama müddəti başa çatdığına görə müvafiq akt əsasında məhv edilmişdir. Başdan-başa ziddiyətli olan məktub əsasında şəhidlik statusu ləğv oluna bilməz. “Şəhid adının əbədiləşməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə şəhdilik statusu müvafiq hərbi hissənin arayışı əsasında verilir. N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli Biləsuvar hərbi komissarlığına göndərdiyi bildirşdə də göstərilir ki, X11 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Hərbi hissənin bildirişi də övladının şəhid olduğunu təsdiq edir. Dəfələrlə cavabdehə muraciət edərək şəhidlik statusunun bərpa edilməsini xahiş etmiş, cavabdeh bütün hallarda Qazax rayon prokurorluğunun məktubuna istinad etməklə onun xahişini rədd etmişdir. Sonuncu dəfə təkrar müraciətinə cavabdeh xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləngüzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Nefçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1980-ci ildə Leninakanda qəzaya uğurayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respubilkasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respubilkasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər,dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xususi Rabitə və X3 Xidmətində, X7 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Əlavə olaraq bildirirlər ki, Qazax Hərbi Prokrorluğundan daxil olmuş 05 avqust 2010-cu il tarixli 3180 nömrəli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X6 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100cü maddəsinin 1-ci hissəsilə cinayət işi başlanılmış, iş üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır“Şəhid adının ki, əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994- cü il 15 yanvar tarixli 10 saylı qərarının 1.1-ci bəndinə əsasən, şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin qərarın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X9 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. N nömrəli hərbi hissənin xx.xx.1997-ci il tarixli 377 saylı bildirişində bildirilir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu siravi baş sürücü X11 xx.xx.1997-ci il tarixdə xidməti yerində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. X1 hansı şəraitdə həlak olması barədə keçmiş Biləsuvar RHK tərəfindən xx.xx.2010-ci il tarixli 4/586 saylı məktubla Qazax Hərbi Prokurorluğuna sorğu edilmişdir. Qazax Hərbi Prokurorluğunun xx.xx.2010-ci il tarixli 12/HP- 3180 nömrəli məktubuna əsasən Qazax Hərbi Prokurorluğunda N №-li h/hissənin hərbi qulluqçusu əsgər X4 xx.xx.1997 tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə xx.xx.1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinin 1-ci hissəsi ilə cinayət başlanmış, iş üzrə icraata xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Qeyd olunanlardan məlum olur ki, mərhum Ramin Abdullayev xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və ya döyüş tapşırığının (döyüş təminatı ilə bağlı tapşırıqların) yerinə yetirilməsilə əlaqədar yox, intihar etməsi nəticəsində vəfat etmişdir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəyə baxış və qəbul edilmiş məhkəmə aktı: İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X19 iddia tələbinin dəyişdirilməsi barədə iddiaçının təqdim etdiyi ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusuverilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

1. Şəhid anlayışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.1. Aşağıdakılar şəhid hesab edilirlər: 1.1.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.1.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.1.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.1.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuşvə itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarıilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesabolunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, işin hallarına görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən хаhiş еtmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, N saylı hərbi hissənin xx.xx.1997-ci il tarixli, 377 nömrəli arayışına və 17 aprel 1997-ci il tarixli, İV-JQ 458800 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən hərbi qulluqçu X4 xx.xx.1997-ci il tarixdə cəbhə bölgəsində xidməti yerində xidməti borcunu yerinə yetirərkən döş qəfəsindən aldığı güllə yarası səbəbindən həlak olması mötəbər sübutlarla təsdiq olunur və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın “Şəhid və şəhid ailəsi statusunun verilməsi” barədə 4-cü bəndinin 4.1-ci yarımbəndinin (hərbi hissənin arayışı) və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2-ci yarımbəndinin (atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması) təsir və əhatə dairəsinə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olundu ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş X11 şəhid statusunu, anası İddiaçı və atası X10 şəhid ailəsi statusunu qanuni əsaslarla müvafiq olaraq qazanmış və əldə etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib, işin mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı 17 noyabr 2023-cü il tarixli, 2159 nömrəli məktubundan görünür ki, X11 xx.xx.1995-ci il tarixdə Biləsuvar RHK çağırılmış, 1977-ci il təvəllüdlü X11 N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 186 nömrəli əmrinə əsasən xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına salınaraq bütün növ təminatlara qoşulmuş, “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Şəmkir Hərbi Prokurorluğunun Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1997-ci il üzrə “cinayət işlərinin qeydiyyat kitabına” əsasən Şəmkir (Qazax) hərbi prokurorluğunda N №li hərbi hissənin hərbi qulluqçusu, əsgər X4 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X4 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Cinayət işlərinin saxlanma müddəti Azərbaycan Respublikası prokurorluğu orqanlarının sənədlərinin siyahısının 42-ci sırasına əsasən qərarın qəbul edildiyi vaxtdan 10 (on il müəyyən edilmiş, həmin cinayət işinə xx.xx.1997-ci il tarixdə yəni xitam verildiyi vaxtdan 17 il keçməsini nəzərə alaraq Şəmkir (Qazax) hərbi prokurorluğunda xx.xx.2015-ci il tarixdə təşkil edilmiş ekspert komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Mərkəzi Ekspert Komissiyasının sədri tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş akta uyğun olaraq Şəmkir (Qazax) hərbi prokurorluğunda xx.xx.2005-ci il tarixdə məhv edilmişdir. İş materiallarına əsasən iddiaçı şəhid ailələri üçün sığorta vəsaitinin ödənilməsi ilə əlaqədar arayış verilməsinə dair ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, lakin həmin təşkilatın ona ünvanladığı 10 dekabr 2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Qazax rayon hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli məktubuna əsasən onun oğlu X11 N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüşdür. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən görünür ki, xx.xx.1997-ci il tarixdən hərbi hissənin N MAT-un 1-ci MAB-un əsgəri X11 xidməti yerində özü-özünə qəsd edərək öldürdüyü üçün bütün təminat növlərindən və şəxsi heyətindən silinməsi, hərbi qeydiyyat sənədlərinin çağırıldığı hərbi komissarlığa göndərilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumata əsasən X12 xx.xx.2001-ci il tarixdən, onun həyat yoldaşı X5 isə xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xidməti araşdırma ilə əlaqədar onların pensiya sənədlərinə baxış keçirilərkən onların mərhum övladları X4 vəfat etməsi ilə bağlı şəhid və ya şəhid ailəsi statusu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış aşkar olunmayıb. Bu səbəbdəndə onların əmək pensiyalarının sığorta hissəsinin üzərinə şəhid ailə üzvü kimi hesablanan əlavə ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılıb. İş materiallarında olan Azərbaycan Respublikasının SHÇDX Biləsuvar rayon şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən X1 ailəsinə şəhidlik statusu barədə arayış verilməmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 114 nömrəli məktubunun məzmunundan müəyyən olunur ki, iddiaçı X4 şəhid statusunun bərpa edilməsi barədə ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə müraciət etmiş, cavabdeh təşkilat isə Qazax rayon hərbi Prokurorluğunun xx.xx.2010-cu il tarixli, 3180 nömrəli məktubuna istinad edərək onun oğlu X11 N saylı hərbi hissədə xidmət keçərkən xx.xx.1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürdüyünü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın onun oğluna şamil olunmadığını, bu səbəbdən X4 şəhid statusunun bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, 1977-ci il təvəllüdlü mərhum X11 xx.xx.1995-ci il tarixdə Biləsuvar RHK çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 186 nömrəli əmrinə əsasən xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin ümumi siyahısına salınaraq bütün növ təminatlara qoşulmuş və ona “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. X11 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürmüş və bu fakta görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X4 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə X11 xidməti yerində özü-özünə qəsd edərək öldürdüyü üçün xx.xx.1997-ci il tarixdən bütün təminat növlərindən və şəxsi heyətindən silinmiş və hərbi qeydiyyat sənədləri çağırıldığı hərbi komissarlığa göndərilmişdir. Həmçinin, işin müəyyən olunmuş hallarından görünür ki, hazırki günə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən X1 ailəsinə şəhidlik statusu barədə arayış verilməmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan şəhidlik statusu barədə arayışın verilməsindən imtina edərkən yuxarıda şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, şəhidlik statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq verilir. Belə ki, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid dedikdə “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs” başa düşülür. Başqa sözlə, qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yuxarıda qeyd edilən Konstitusiya MəhkəməsiPlenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Baqşa sözlə, şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında Şəmkir Hərbi Prokurorluğunun ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1997-ci il üzrə “cinayət işlərinin qeydiyyat kitabına” əsasən Şəmkir (Qazax) hərbi prokurorluğunda N №-li hərbi hissənin hərbi qulluqçusu, əsgər X4 14 aprel 1997-ci il tarixdə odlu silahdan atəş açaraq özünü öldürməsi faktına görə 28 aprel 1997-ci il tarixdə həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə 19/18168 nömrəli cinayət işi başlanmış, istintaq zamanı əsgər X4 özünü öldürməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraata 28 iyul 1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. İşin qeyd edilən halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia ərizəsinin əsas dəlili ondan ibarətdir ki, oğlu xidməti borcunu yerinə yetrirəkənhəlak olmuşdur və hüquqi əsas kimi N saylı hərbi hissənin Biləsuvar hərbi komissarlığına göndərdiyi xx.xx.1997-ci il tarixli bildirişə istinad edir. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə hesab edir ki, mərhum X11 xidməti vəzifəsinin icrası zamanı vəfat etsə də, bu hal onun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Nəzərə alınmalıdır ki, mərhum hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmətvəzifələrinin icrası” göstərilmişdir. Lakin, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin faktiki hallarına diqqət yetirdikdə isə X4 ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması halı arasında səbəbli əlaqə mövcud olmamışdır. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmamışdır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərar verdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-381/2023 saylı qərarı ləğv olunsun. İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar