Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-310/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(120)-3011/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 18 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3011/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2016-cı ilin aprel döyüşləri xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi baş vermiş, iddiaçının düşmənlə təmas xəttində müdafiə tapşırığını yerinə yetirməsi, həmin tarixdə hərbi hissə tərəfindən döyüş əməliyyatları aparılmadığı üçün və iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyi və döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-2017-ci illərdə 2-ci Ordu korpusunda N nömrəli Hərbi Hissədə bölük komandiri vəzifəsində qulluq etmişdir. 2017-2019-cu illərdə 2ci Ordu korpusunda N nömrəli hərbi hissədə bölük komandirinin müavini vəzifəsində qulluq etmişdir. 2019-2020-ci illərdə 2-ci Ordu korpusunda 181 nömrəli Hərbi Hissədə bölük komandirinin müavini vəzifəsində qulluq etmişdir. 2020-ci ildən hal-hazıra kimi 335 nömrəli Hərbi Hissədə bölük komandirinin müavini vəzifəsində qulluq etmişdir. 2016-cı ildə N nömrəli hərbi hissənin tərkibində 4-cü tabor 11-ci bölük komandiri 3-cü tağım komandiri olaraq aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 95 nömrəli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin müdafiə rayonlarında düşmən tərəfindən işğal olunmuş strateji yüksəkliklərin azad olunması üçün xx.xx.2016-cı il tarixdən döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə N nömrəli hərbi hissəyə ezam edilmişdir. Həmçinin N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 1386 nömrəli məktubundan, habelə iddiaçının adına tərtib edilmiş arayış-məlumatın surətindən görünür ki, İddiaçı döyüş əməliyyatları zamanı yaralanması (travma alması) barədə məlumat aşkar edilməmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin tərkibində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, döyüş əməliyyatı zamanı travma almasına dair iddiaçı tərəfindən Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinin tələblərinə əsasən öz tələblərini sübut etmək üçün hər hansı bir tibbi sənəd (travma haqqında arayış, travmaların qeydiyyatı kitabından çıxarış və s.) təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, qanunverici veteran statusunun verilməsini bilavasitə döyüş əməliyyatlarında iştirak edən xəsarət (yaralanma, travma, kontuziya) alması ilə şərtləndirib. Belə vəziyyət qeyri-müəyyənlik yaradır. Yeganə xəsarətin (yaralanma, travma, kontuziya) sübut kimi qəbul etməsi MPM-in 76-cı və İPM-in 58-ci maddəsinə ziddir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin:- -1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atəşkəs dövründən, yəni 12 may 1994cü il tarixdən sonra (2020-ci il sentyabrın 27-dək) “müharibə veteranı” adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1386 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları zamanı yaralanması (travma alması) barədə heç bir məlumat aşkar olunmamışdır. -N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1744 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1986-cı ildə anadan olmuş İddiaçı 2016-cı ilin aprel ayında gedən döyüş əməliyyatlarında iştirakı ilə bağlı hərbi hissədə heç bir qeydiyyat aşkar olunmamışdır. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, iddiaçının hərbi xidmət dövrü atəşkəs dövründən sonrakı müddətə (aprel 2016-cı il tarixə) təsadüf edir və o, N nömrəli hərbi hissənin tərkibində 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Belə ki, iddiaçının atəşkəs dövründən sonra qeyd olunan döyüşlərdə iştirak etməsi işin mübahisəsiz halıdır. Buna baxmayaraq mövcud qanunvericiliyin tələbinə əsasən ona müharibə veteranı statusunun verilməsi üçün onun döyüşlərdə iştirak etməsi ilə yanaşı döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da müəyyən olunmalıdır. Göründüyü kimi iddiaçının yaralanması barədə məlumat (müvafiq tibbi sənəd) olmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(120)-3011/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-310/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-310/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver