Məhkəmə qərarları › İş №2-1(106)-311/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-311/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-311/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-418/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 11 dekabr 2024-cü il tarixli, 2- 1(120)-418/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızı xx.xx.1994-cü il tarixdə anadan olmuş, onun 18 yaşı tamam olduqdan 26 (iyirmi altı) gün sonra əlillik vəziyyəti xx.xx.2012-ci il tarixdə qiymətləndirilmiş və Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Buna görə də Cəfərzadə Aytac Fərasət qızının 26 (iyirmi altı) gün ərzində xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində İ dərəcəli əlil olması ağlabatan deyildir. İddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək əmələ gəlməsi, tibbi sənədlərlə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 aprel 2012-ci il tarixli qərarının əlilliyin səbəbini göstərən hissədə uşaqlıqdan yazıldığı müəyyən edilir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun əlil övladına qulluq etdiyi illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtina və etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün övladı Cəfərzadə Aytac Fərasət qızının sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasında iddiaçının övladının birinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçının övladına ilkin olaraq 16 aprel 2012-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçının övladı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçı tərəfindən təqdim edilən X12 İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 0570-34/2-174/2023 nömrəli arayış qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, həmin arayış şahid ifadələrinə yaxud qonşu ifadələrinə əsaslanmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -X8 Filialının xx.xx.2020-ci il tarixli, 320 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə Salyan rayon Qaraçala 1 nömrəli Pambıqçılıq sovxozunda işləmişdir. -X5 Filialının xx.xx.2020-ci il tarixli, 71 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1986, 1987, 1988, 1996, 1997-ci illərdə Sabirabad rayon “Bakı” kolxozunda işləmişdir. -Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən çıxarışdan görünür ki, Cəfərzadə Aytac Fərasət qızına xx.xx.2012-ci il tarixdə “hər iki gözdə anadangəlmə korluq” diaqnozu ilə qrupu “birinci dərəcəli əlillik” təyin edilmişdir. -Azərbaycan Respublikası Sabirabad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 10 iyun 1999-cu il tarixli qərarından görünür ki, İddiaçı xəstə uşaq – ailə üzvünə görə (X4) xx.xx.1999-cu il tarixdən xx.xx.2010-cu il tarixədək pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sağlamlıq İmkanları Məhdud 18 yaşınadək Uşağın TSEK-də X3 görünür ki, xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X2 rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə korluq” diaqnozu ilə dispanser qeydiyyatdadır. A.Cəfərovanın adına tərtib edilmiş forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-70/2- 1187/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Osmanlı kənd sakini xx.xx.1994-ci il təvəllüdlü Cəfərzadə X2 rayon Mərkəzi Xəstəxanasında xx.xx.2010-cı il tarixdən “Hər iki gözdə anadgəlmə korluq” diaqnozu ilə dispanser qeydiyyatdadır. A.Cəfərovanın adına tərtib edilmiş forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2012-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. -ƏƏSMN tabeliyində DSMF PHŞ Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixli aktından görünür ki, İddiaçı İ dərəcə əlil övladı Cəfərzadə Aytac Fərasət qızına xx.xx.1999-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur(maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının himayəsində olan Cəfərzadə Aytac Fərasət qızının əlilliyinin 18 yaşınadək müəyyən edilməsi yuxarıda qeyd olunan sənədlərdə öz təsdiqini tapır. Belə ki, iddiaçının övladı Cəfərzadə Aytac Fərasət qızı xx.xx.1994-cü il tarixdə doğulmuş, xx.xx.1999-cu il tarixdə ona pensiya təyin edilmiş, həmin sənədlərdə uşağın hər iki gözünün anadangəlmə kor olması qeyd edilmişdir (həmin zaman iddiaçının övladı 5 yaşında olmuşdur). Buna görə də A.Cəfərzadəyə təyin edilmiş əlillik barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya altsistemində məlumatın olmaması iddiaçının ziyanına şərh edilə bilməz və bu əsasla iddiaçıya pensiya təyin edilməsindən imtina edilə bilməz. Bundan əlavə apellyasiya şikayətinin iddiaçının qüsurlu övladına qulluq etməsi ilə bağlı aktın tərtibatı ilə bağlı dəlilinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndi qüvvədən düşmüşdür. Həmçinin qeyd edilməlidir ki, 1990-2012-ci illər üzrə Cəfərzadə Aytac Fərasət qızına pensiya ödənişi üzrə sənədlər toplusunda uşağın qəyyumu kimi anası İddiaçı yazılması uşağa məhz həmin şəxs tərəfindən qulluq edildiyi qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməlı düzgün nəticəyə gəlsə də, pensiya məbləğinin birdəfəyə ödənilməsi ilə bağlı yanlış hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və digər aidiyyəti normativ hüquqi aktlarda pensiya məbləğinin birdəfəyə ödənilməsi ilə bağlı tələb nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2- 1(120)-1851/2024 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-418/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar