Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-313/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(120)-1649/2023 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılsın, iddia tələbinə “cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borcməbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi “FİDAN" MÜƏSSİSƏSİ Azərbaycan Respublikasının Verçfi/ləcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə,_hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan yaranan 588.31 manat borcuna görə 5800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 21,09.2022-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 2i ünvanında yerləşən 5.8 Hektar torpaq əkin sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətivasitəsilə satılması barədə Qərar çıxarılması məqsədi ilə 21,10.2022-ci il tarixli iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət edilmiş, lakin iddia təmin edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. (adi cəlbetmə qaydasında) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilərr. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar çıxarılmalı, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi “cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış (ünvan 1i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsi) əmlakın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunverici bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakın (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.) müəyyən edilmiş ardıcıllıqla siyahıya alına biləcəyini tələb etdiyi halda, vergi orqanının əməkdaşı tərəfindən birbaşa bələdiyyəninəsas gəlir mənbəyini təşkil edən örüş torpaq sahəsi siyahıya alınmışdır. Əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 588.31 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5800 manat məbləğində siyahıya alınmış ünvan 3i ünvanında yerləşən 5.08 hektar torpaq əkin sahəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, gəldiyi nəticə üçün əsas olmuş mövqeyi ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli, qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə ödənilməmiş 588,31 manat borcuna görə 5800 manat məbləğində əmlakı, yəni 5.8 ha torpaq sahəsi siyahıya alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən 5.8 ha torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan xidmət” mərkəzində 4Ə-106 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan xidmət” mərkəzində 4Ə-106 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, 5.8413 ha torpaq sahəsi X1. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6986/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 5.8413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına nəzər salaraq bildirir ki, siyahıya alınmış 5.8413 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan xidmət” mərkəzində 4Ə-106 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında X2 və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 5.8413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü torpaq sahəsi hazırda cavabdehin deyil, başqa şəxsin, yəni məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X6 mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini zəruri edən şərtlər barədə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə məzmun baxımından öz fikrini yalnız qərarın xüsusi əhəmiyyət kəsb edən əsaslandırma hissəsində bildirir. Məhz qərarın nəticə hissəsində əks olunan məlumatlar (gəlinən nəticə) əsaslandırma hissəsində yazılanların xülasəsidir. Başqa sözlə qərarın əsaslandırma hissəsi məhkəmənin qəbul etdiyi qərara (nəticəyə) necə gəldiyinin izah olunmasına xidmət edir və həmin qərarda məhkəmənin istinad etdiyi faktlar, sübutlar və hüquqi aktlar təsvir və izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsi qənaətinə gələrkən iddia predmeti olan torpaq sahəsinin bələdiyyənin əsas gəlir mənbəyini təşkil edən örüş torpaq sahəsi olması, əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahələri alqı-satqının perdmeti olmaması və vergi orqanı tərərfindən siyahıya alınarkən vergi qanunvericiliyinə müəyyən edilmiş ardıcıllıqla siyahıya alınmaması halı ilə əsaslandırmışdır. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, məhkəmənin gəldiyi nəticə üçün irəli sürdüyü əsaslar faktiki olaraq mövcud olmamışdır. Yəni, yuxarıda qeyd edilən işin hallarından görünür ki, sözügedən torpaq sahəsi siyahıya alınarkən bələdiyyənin deyil, cavabdehin mülkiyyətində olmuşdur, həmin torpaq sahəsi sonradan özgəninkiləşdirilmişdir və hazırda cavabdehin mülkiyyətində deyildir. Məhz həmin əsaslara görə iddia təmin edilməməlidir. Eyni zamanda, vergi orqanı tərərfindən siyahıya alınarkən vergi qanunvericiliyinə müəyyən edilmiş ardıcıllıqla siyahıya alınmaması halıda müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılmalı, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(120)-456/2024 saylı qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-313/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-313/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver