Məhkəmə qərarları › İş №2-1(106)-313/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-313/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-313/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-635/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Agentliyinin Tibbi-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarın ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 17 dekabr 2024-cü il tarixli, 2- 1(120)-635/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şirvan İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli məktubu ilə hüquqi yardım göstərilərək ona cavabdeh tərəfindən qəbul edilmiş 12 yanvar 2024-cü il tarixli qərar onun hüquqi marağına zidd olduğu izah olunmuşdur. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı ərziə təqdim etməmişdir. Hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçta, xx.xx.2023-cü il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə prosessual müddətin axımını (həmin qərardan məlumatlı olduğu vaxtı) xx.xx.2022-ci il tarixindən hesablasaq İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 5 aydan artıq vaxt keçdikdən sonra müraciət etmiş olur. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, uzun müddət araşdırma aparıldıqdan sonra əsassız olaraq iddia mümkünsüz sayılmışdır. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsində ona müddətin bərpası barədə vəsatət vermək hüququ izah edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı əlillik təyinatından cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və rəy əldə edilmiş, həmçinin həmin məhkəmənin müvafiq qərardadı ilə cavabdehin üzərinə 1 ay müddətində inzibati aktın qəbul edilməsi vəzifəsi qoyulmuş, həmin qərardadın icrası istiqamətində cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə əlillik təyinatından yenidən imtina edilmişdir. İşin birinci instansiya məhkəməsində araşdırılması dövründə iddiaçıya məktub (yardım) göndərilərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirməli olması və iddianı dəqiqləşdirilmək hüququ izah edilmiş, bundan sonra növbəti məktubla (yardım) xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirməli olması və iddianı dəqiqləşdirilmək hüququ izah edilmişdir. Hər iki məktubda məhkəmə tərəfindən iddiaçıya müddəin bərpası barədə vəsatət (ərizə) vermək hüququ izah edilməmiş, yalnız qanunvericiliyin müvafiq maddələri sadalanmışdır. Qeyd edilməlidir ki, iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında işə baxan hakim tərəfindən əyani şəkildə də bu məsələ iddiaçının diqqətinə çatdırılmamışdır. Məhkəmə kollegiyası ayrıca qeyd edilməsini zəruri hesab edir ki, müvafiq qanunvericiliyin normaları inzibati məhkəmələrdən onu tələb edir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ilk növbədə qiymət verilməli olan məsələ iddianın mümkünlük şərtlərinin yoxlanılmasıdır. Buna baxmayaraq, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduqdan sonra uzun müddət (1 il 9 ay) ərzində mahiyyəti üzrə araşdırma aparıldıqdan sonra iddia müddətin ötürülməsi səbəbindən mümkünsüz sayılmışdır. Bu vəziyyət prosessual qənaət prinsipinə zidd olmaqla, tərəfin haqlı narazılığına səbəb olan haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-635/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar