Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-314/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(120)-2622/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmuş pul vəsaitinin geri ödənilməsi və pensiyadan tutulmaların aparılmasının cavabdehə qadağan edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasından tutulan 1112,49 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması və əmək pensiyasından tutulmalı olan 10587,60 manat məbləğində tutulmanın aparılmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 13 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2622/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Ödənilmiş əmək pensiyasnın müəyyən hissəsinin geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən lazımi inzibati icraat aparılmamış, bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilməmiş, həmin tələblərə uyğun olaraq iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qərar ləğv edilməmişdir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Prokurorluqda 25 il xidmət etdiyinə görə xx.xx.2011-ci il tarixdən pensiya almış və pensiya aldığı müddətdə əmək fəaliyyətini davam etdirmiş, 60 yaşı tamam olduğundan həmin Qanunun 32.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə işləməyən pensiyaçı kateqoriyasına keçmiş və xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən 2017-2019-cu illərin son 24 ayı nəzərə alınmaqla ona Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 2684,68 manat pensiya təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında 2017-2019-cu illərin son 24 ayı nəzərə alınmaqla 2019-cu ildə ona təyin olunmuş 2684,68 manat pensiya təyinatı yenidən hesablanmış, ona 14 avqust 2011-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin olunduğu, sonrakı artımlar nəzərə alınmaqla pensiyanın sığorta hissəsi 440,91 manat, qulluq stajına görə əlavə 2243,77 manat olduğu, pensiyanın yenidən hesablanaraq «Əmək pensiyaları haqqında» Qanun 37.3.1-ci maddəsinə görə sığorta hissəsi 1092,22 manat, qulluq stajına görə əlavə 1592,47 manat, cəmi 2684,6 manat olması, sonradan xx.xx.2022-ci il tarixdən 10% artım 268,46 manat üzərinə gəlinərək onun pensiya məbləği 2953,14 manat təşkil etməsi müəyyən olunmuşdur. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının xx.xx.2023-cü il tarixli 3- 17-1/2-Ə- 47379/2/2023-saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artımı ilə əlaqədar «Əmək pensiyaları haqqında» Qanun 39.1-ci maddəsinin tələbinə uyğun onun pensiyası yenidən hesablanmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövrdə ona 10587,60 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən olunmuş, ona görə də 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında ona ümumilikdə ödənilməli olan 828,43 manat pul vəsaiti tutularaq büdcəyə bərpa olunmuş, qalan 9759,17 manat vəsatin büdcəyə bərpa edilməsi üçün yazılı razılığının Mərkəzi Filala təqdim olunması xahiş olunur. Pensiyasından qanunsuz olaraq 2023-cü ilin fevral ayında 284 manat, 2023-cü ilin mart ayında isə 828,43 manat (284+828,43) ümumilikdə 1012,43 manat pul vəsaiti qanunsuz olaraq tutulmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Qanun 39.1-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçıdan son üç il üçün tutulur. Artıq ödənilmiş məbləğ pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda Məhkəmə qaydasında tutulur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, F.X4 rayon şöbəsi tərəfindən 14 avqust 2011-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmışdır. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixdə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 948,76 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 426,94 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr isə 1482,52 manat olmaqla orta aylıq əmək haqqı 2988,22 manat təşkil etmişdir. Əmək pensiyaları haqqında” Qanunun 20.8.2ci maddəsinə əsasən iddiaçının əmək pensiyası 26 il 3 ay 6 gün qulluq illərinə uyğun olaraq onun orta aylıq əmək haqqının (2988,22 manat) 80 faizi-2390,58 manat məbləğində hesablanmalı olduğu halda, 2684,68 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə İddiaçı 10587,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Nəticədə, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə iddiaçıya ümumilikdə ödənilməli olan 828,43 manat pul vəsaiti hesablanaraq, həmin vəsait ona artıq ödənilmiş 10587,60 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-ci tarixli 20/87 nömrəli arayışına əsasən hesablanacağı təqdirdə İddiaçı qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı - 1660,00 manat, rütbə maaşına görə əlavə - 286,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavə - 875,70 manat və digər növ əlavələr - 151,00 manat olmaqla orta aylıq əmək haqqı - 2972,70 manat təşkil edir. Belə olduğu halda əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanmaqla orta aylıq əmək haqqının (2972,70 manat) 80 faizi - 2378,16 manat məbləğində təşkil edir. Ərizədə qeyd edilən dövr əsas götürülməklə əmək pensiyasının hesablanacağı təqdirdə pensiya 2684,68 manatdan 2378,16 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyasının Baş Prokurorluğun xx.xx.2021-ci tarixli 20/87 nömrəli arayışında qeyd olunanlar əsas götürülməklə yenidən hesablanması təxirə salınmışdır. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-47379/2/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Fondun Masallı rayon şöbəsi tərəfindən 14 avqust 2011-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 948,76 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 426,94 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 1482,52 manat olmaqla orta aylıq əmək haqqı 2988,22 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 26 il 3 ay 6 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqının (2988,22 manat) 80 faizi- 2390,58 manat məbləğində hesablanmalı olduğu halda, 2684,68 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 10587,60 manat artıq pul vəsaiti ödənilib. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: -37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; -37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; -37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. -39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş sosial pensiyanı alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici pensiyanın geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu pensiya alan şəxsin razılığı ilə şərtləndirir. Hazırki halda isə iş materialları ilə iddiaçının pensiyadan tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 10587,60 manat pulun geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir. Bundan başqa, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, şəxsin ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(120)-2622/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-314/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-314/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver