Məhkəmə qərarları › İş №2-1(106)-315/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-315/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-315/2024 31.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsinə qarşı qərara dəyişiklik edilməsi və əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) 16 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. xx.xx.2012-ci il tarixdə “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2016-cı il tarixdə də eyni diaqnozla ümumi səbəbdən 2-ci qrup əlillik təyin olunmuşdur. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməklə xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya həm ilkin əlillik verilən zaman, həm xx.xx.2016-cı il tarixdə, həm də sonradan iddiaçı barəsində Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının diaqnozları eyni diaqnoz və xəstəlik olmuşdur. Odur ki, iddiaçının məhz xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil hesab edilməsi, onun bu əlilliyinin həmin tarixdən yaranması anlamına gəlmir. Yəni iddiaçı 1994cü ildə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə travma almış, hərbi travma olduğu sübuta yetirilmiş və təsdiqlənmişdir. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə döyüş şəraitində xidmət etmişdir. Xidmət dövrü 1997-ci ilin avqustun 15-ə kimi davam etmişdir. 1994-cü ilin fevral ayında Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində “Qrad” mərmisinin partlayışı nəticəsində xəsarət almış, üzərində aprılan əməliyyatlarla bədənindən çoxlu sayda mərmi qəlpələri çıxarılmış, bəzi qəlpələrin çıxarılması isə həyatı üçün təhlükəli olduğundan bədənində saxlanılmışdır. Həmin vaxtdan o, əsəb xəstəsidir və xidmət etdiyi dövrdə əsəbləri ilə bağlı dərmanlar qəbul etmişdir. 10 yanvar 2012-ci ildən başlayaraq ümumi əsaslarla 2-ci qrup əlil kimi, 13 noyabr 2019-cu ildən isə 2-ci qrup müharibə əlili kimi pensiya alır. Hazırda aldığı pensiyanın məbləğindən fərqli olaraq 13 noyabr 2019-cu il tarixdən əvvəlki dövr üzrə ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya aldığından həmin pensiya nisbətən aşağı məbləğdə olmuşdur. Halbuki, 13 noyabr 2019-cu il tarixə kimi üzərində aparılmış müayinələr üzrə təsdiqedici sənədlər əsasında sübut olunur ki, o, 1994-cü ilin fevral ayında düşmən erməni qüvvələri ilə döyüş şəraitində yaralanmış və aldığı xəsarətlər hərbi travma hesab olunur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.0 - Şəxsiyyətin...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozğunluğu və emosianl iradı dəyişiliklər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.8 - Şəxsiyyətin...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi , nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntuları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Psixiatriya Xəstəxanasının xx.xx.2015-ci il tarixli 3716003AAALİ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya dısfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi, nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntulari; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi, nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntuları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0226003AAGAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Xəstəliklərin Beynəlxalq Təsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müayinəyə cəlb edilmiş, 158 nömrəli aktda hərbi travma alması göstərilmişdir. Bununla əlaqədar iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün həmin tarixdən sonra iddiaçının əlillik səbəbi dəyişdirilmişdir. Həmin tarixə qədər hər hansısa sübut təqdim edilmədiyindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab olunmadığından onun tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd edilmiş dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarının surətindən görünür ki, Astara RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət edərkən 1994cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır şərhində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)” (Azərbaycan Respublikası SHXÇDX)-nin Astara rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 886 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli, 211 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli, 158 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, A/K-352/11 nömrəli TSEK-ə göndərişdən görünür ki, İddiaçı əsas xəstəlik diaqnozu və xəstəliyinin adı “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “ümumi xəstəlik” əlillik göstərilməklə İddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz kimi “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozuntuları” qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, TQS 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı əsas diaqnozu “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının birinci instansiya məhkəməsinə ünvanladığı məktubda bildirilir ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2016-cı il tarixli qərarda səbəb “ümumi xəstəlik” kimi saxlanılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə İddiaçı xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar” qeyd olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli, 954 saylı rəydə göstərilir ki, C.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbsosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlarla əlaqədar” Əsasnamənin Meyarlarının 2.2 maddəsinin 2.2.9. bəndinə uyğun müddətsiz, ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin xəstəliklərin onun 1994-cü ildə döyüşlərdə yaralanması ilə əlaqəli olub-olmaması TSEK-də hərbi həkim komissiyasının müayinəsi zamanı həll oluna bilər. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışa əsasən İddiaçı əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq göstərilmiş, bu hal Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində iddiaçı haqqında tərtib olunmuş “canlı şəxsin məhkəmə-tibbi müayinəsi”nin nəticəsinə dair xx.xx.2019-cu il tarixli, 158 nömrəli akt, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmiş, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarı ilə iddiaçının əlilliyi ilə əlaqədar “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” nəticəsinə gəlinmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Birinci instansiya məhkəməsi öz qərarında haqlı olaraq qeyd etmişdir ki, “iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Ona ilkin olaraq “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış pozğunluğu və emosianal-iradi dəyişikliklər” xəstəliyi ilə xx.xx.2012-ci il tarixdə ümumi səbəbindən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan iddiaçıya eyni diaqnozla əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməklə xx.xx.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməli olduğunu tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. İddiaçı xx.xx.2012-ci il tarixdə “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2016-cı il tarixdə də eyni diaqnozla, yəni “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış pozuntuları” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik təyin olunmuşdur. İddiaçıya əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin qərarda diaqnoz kimi “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya həm ilkin əlillik verilən zaman, həm xx.xx.2016-cı il tarixdə, həm də sonradan iddiaçı barəsində Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının diaqnozları eyni diaqnoz və xəstəlik olmuşdur. İddiaçıya əvvəlki əlillik təyinatı zamanı da o, faktiki olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. Ona görə də, iddiaçının məhz xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil hesab edilməsi, onun bu əlilliyinin həmin tarixdən yaranması anlamına gəlmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar