Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-316/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4585/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı qərarın etibarsız sayılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, bələdiyyənin xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-4585/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı və cavabdeh Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-2234/2024 nömrəli qərardadı mövcuddur. İddiaçının iş materiallarına əlavə etdiyi müddətin bərpasına dair ərizəsindən görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(120)-2234/2024 nömrəli qərardadı ilə tanış olmuş, həmin qərardaddan apellyasiya şikayəti vermədən yenidən xx.xx.2024-cü il tarixdə iddia ərizəsini poçt vasitəsi ilə təqdim edərək eyni iddia tələb ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı Cəlilabad rayonu Cəlilabad Bələdiyyəsinin “xx.xx.2011-ci il tarixli, 06 saylı qərarını qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirə bilməməsini hüquqi savadının olmaması və həyat yoldaşının cəzaçəkmə müəssəsində olması ilə əsaslandırsada buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia müddətinin bərpa olunmasına dair ərizəsi prosessual müddətin bərpası üçün əsas deyildir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi ona torpaq sahəsi verilməsi barədə Cəlilabad Rayon İcra Hakimiyyətinin 2008-ci il tarixli sərəncamı qüvvədə olduğu halda Bələdiyyənin həmin torpaq sahəsini başqa şəxsə satması xüsusatına hüquqi qiymət verməmiş, həmçinin hazırki iddianı mübahisələndirmə növündə iddia hesab etməklə yanlış nəticəyə gəlmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Cəlilabad Bələdiyyəsinə qarşı xx.xx.2011-ci il tarixli, 06 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2234/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin iş üzrə İddiaçı hüquqi yardım göstərilərək, müddətin bərpası barədə ərizə (vəsatət) vermək hüququ izah edilsə də, iddiaçı bu fürsətdən yararlanmamış, eyni zamanda məhkəmənin həmin qərardadından şikayət verməmiş, bundan təqribən 1 ay sonra eyni hüquqi və faktiki əsaslara söykənərək, bu dəfə həmin qərarın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər-hansı inzibati aktın ləğv edilməsi və ya etibarsız hesab edilməsi İnzibati Prosessual Məcəllənin tələblərinə görə fərqli iddia növləridir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu münasibətlər ayrıca normalarla tənzimlənməklə, fərqli hüquqi nəticələr yaradır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının eyni tələblə təkrar iddia qaldırması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə tam razılaşmır. Lakin, bununla yanaşı kollegiya hesab edir ki, iddiaçı inzibati aktdan şikayət verilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətin tətbiqindən yayınma fürsəti kimi hər iki iş üzrə eyni hüquqi əsaslardan çıxış edərək, eyni inzibati aktın bir halda ləğvini, digər halda isə etibarsız sayılmasını tələb etmişdir. Məhkəmə kollegiyasının bu yanaşması ondan qaynaqlanır ki, iddiaçı hüquqi manevr kimi həmin aktın etibarsız sayılmasını tələb etsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından həmin aktın məhz hansı əsasla etibarsız sayılmalı olmasını şərh etməmiş, yuxarıda qeyd edildiyi kimi inzibati aktın ləğvi ilə bağlı iddia ərizəsində qeyd edilmiş məzmunu təkrarlamaqla kifayətlənmişdir. Aşkar görünən fakt odur ki, hazırki iş üzrə mübahisə predmeti bələdiyyənin torpaq sahəsinin satılması ilə bağlı qəbul etdiyi qərardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü məddəsinə əsasən bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətləri vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi bələdiyyələrin torpaq sahələrinin satılması ilə bağlı hərəkətlərinin və yaxud qərarlarının qanunsuz ola bilməsi ehtimalı olsa da, bu hal yalnız həmin qərarların ləğvi ilə bağlı mübahisəyə əsas yarada bilər. Başqa sözlə, bələdiyyələrin qeyd olunan fəaliyyət növü üzrə səlahiyyəti qanunla tənzimləndiyindən, məhz bu istiqamətdə qəbul etdikləri qərarların etibarsız sayılması üçün hüquqi tənzimləmə bazası da mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4585/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-316/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-316/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver