Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-317/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(120)-150/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 08 may 2023-cü il tarixli, 2- 1(120)-150/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə əmək fəaliyyətinə başlamış, bundan sonra hərbi xidmət də daxil olmaqla fasiləsiz olaraq 03 oktyabr 1996-cı ilə kimi müxtəlif iş yerlərində işləmiş və 23 iş 3 ay sığorta stajı əldə etmişdir. Bundan başqa 2019-cu ildən başlayaraq 2 il 1 ay müddətində sosial sığorta ödənişi etmiş və cəmi 25 il 4 ay iş stajı əldə etmişdir. Qanunvericiliyə əsasən 2006-cı ilə qədər qeyd olunan sığorta stajı əmək kitabçası və arxiv arayışlarına əsasən təyin olunur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı hazırkı qanunvericiliyin tələblərinə cavab verdiyi halda yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranır. İş materiallarında iddiaçıya məxsus olan əmək kitabçasının surətinə əsasən İddiaçı sığorta stajı xx.xx.1973-xx.xx.1974-cü il üzrə 1 il 4 ay 21 gün, xx.xx.1976-xx.xx.1979-cu il üzrə 2 il 8 ay, 3 gün, xx.xx.1979-xx.xx.1986-cı il üzrə 6 il 11 ay, 16 gün, xx.xx.1986-xx.xx.1996-cı il üzrə 10 il 1 ay, 12 gün, cəmi isə 21 il 1 ay, 22 gündür. Astara rayon Dövlət Arxivinin müdiri X2 iştirakı ilə xx.xx.2021-ci il tarixdə arxivdə yerində yoxlama keçirilmiş və akt tərtib olunmuşdur. Akta əsasən iddiaçının xx.xx.1973xx.xx.1974-cü illər üzrə əməkhaqqı cədvəlləri aşkar olunmadığından; xx.xx.1976xx.xx.1979-cu illər üzrə 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1978-ci ildə 1 ay əməkhaqqı almadığından; xx.xx.1979-xx.xx.1986-cı illər üzrə əmr kitabları rayon arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığından; xx.xx.1986-xx.xx.1996-cı illər üzrə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990-cı ildə 2 ay, 1991-ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 9 ay əməkhaqqı almadığından qeyd olunan dövrlər (15 il 12 gün) mübahisələndirilir. Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 42 nömrəli məktubunda Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1987-ci, 1988-ci, 1992-ci, 1994-cü, 1995-ci və 1996-cı illərin əməkhaqqı kitablarında İddiaçı adının öz əksini tapmadığı, sözügedən müəssisədə işləyən digər işçilərin həmin dövrlərdə əməkhaqqı alıb-almamaları, almışlarsa, bunun səbəbləri barədə sənəd və məlumatların Astara rayon Dövlət Arxivində saxlanılmadığı göstərilmişdir. Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 245/2 nömrəli məktubu ilə iddiaçının 1987-ci, 1988-ci illər üzrə əməkhaqqı cədvəlləri təqdim olunmuşdur. Astara rayon Dövlət Arxivinin hər iki məktubu arasında ziddiyyət mövcud olmasına baxmayaraq qeyd olunan fakt birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1976-xx.xx.1979-cu iş illəri üzrə bəzi aylar əməkhaqqı almamasının səbəbi də araşdırılmamışdır. İddiaçı 2019-2021-ci il tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddət (1 il 10 ay sistemdən çıxarış əlavə olunur) sosial sığorta stajına mübahisəsiz olaraq qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1974 - xx.xx.1976-cı illərdə hərbi xidmət keçdiyi dövr mübahisəsiz sosial sığorta stajına daxil edilmişdir. Belə ki, iddiaçının ümumilikdə mübahisəsiz sığorta stajı 10 il 3 ay 25 gün təşkil edir (xx.xx.1976xx.xx.1979-cu illər əməkhaqqı aldığı 27 ay + xx.xx.1986-xx.xx.1996-cı illər əməkhaqqı aldığı 50 ay + 01 il 11 ay sosial sığorta haqqı ödənilən dövr xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət). Nəticədə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajı kifayət etmir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA0142957 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Astara rayonunda doğulmuş, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş edilmiş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Astara rayon X6 idarəsində, xx.xx.1986cı il tarixdən xx.xx.1996-cı il tarixədək Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində işləmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 469 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə elektron qaydada ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 24 gün sosial sığorta stajı və xx.xx.2018-ci il tarixdən sonra 1 il 10 ay sosial sığorta stajı olduğu müəyyən edilmişdir. Cəmi 25 il sosial sığorta stajı (cəmi 22 il 11 ay 24 gün) və xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabda pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Bununla yanaşı əgər işləməkdə davam etməklə 25 il sosial sığorta stajı tamamlandığında və ya fərdi hesabın sığorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının Astara rayon qəbul şöbəsinin baş mütəxəssisi və Astara rayon Dövlət Arxivinin müdiri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yoxlama aktının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan SSR 50 illiyi” adına sovxozda və 3 saylı Avtonəqliyyat müəssəsində işləməsi faktı Astara rayon arxivində yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, o, 740 nömrəli əmrlə xx.xx.1973-cü ildə sovxoza işə daxil olmuş, 1377 nömrəli əmrlə xx.xx.1974-cü ildə işdən azad olunmuşdur. Əməkhaqqı cədvəllərinə əsasən 1977-ci ildə 8 ay, 1978-ci ildə 11 ay, 1979-cu ildə 8 ay əməkhaqqı almışdır. İddiaçı 217 nömrəli əmrlə xx.xx.1980-ci ildə 3 nömrəli avtonəqliyyat müəssəsinə sürücü təyin edilmişdir. 140 nömrəli, xx.xx.1996-cı il tarixli əmrlə işdən azad olunmuşdur. Əməkhaqqı cədvəllərinə əsasən 1986-cı ildən 4 ay, 1987-ci ildə 9 ay, 1988-ci ildə 11 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 10 ay, 1991-ci ildə 1 ay, 1992-ci ildə yox,1993-cü ildə 3 ay əməkhaqqı almışdır. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********970400 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan fiziki şəxs İddiaçı (VÖEN: **********) 1-ci rüb 2019-cu ildən – 2-ci rüb 2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 739,02 manat ödəniş etmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiya hüququ yaranmış, xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçı əmək kitabçasındakı əmrlərə əsasən xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 22 gün sığorta stajı, xx.xx.2021-ci il tarixdən sonra fərdi hesabında 1 il 10 ay müddətinə 587,02 manat pensiya kapitalı qeydə alınmışdır (pensiya kapitalı xx.xx.2018-ci il tarixdən sonra olduğu üçün avtomat təyinat mümkün deyildir). Cəmi staj 22 il 11 ay 22 gün təşkil edir və əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. İddiaçı xx.xx.1973-cü il tarixdə sovxoza işə qəbul qəbul olunmuş (əmək kitabçasında xx.xx.1973cü il qeyd olunmuşdur), xx.xx.1974-cü il tarixdə işdən azad edilmişdir. İddiaçı xx.xx.1976-cı ildə sovxoza işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdə işdən azad edilmişdir. Əmək kitabçasında qeyd olunmuş 05.09 1979-cu il tarixdə sovxoza işə qəbul olunması, xx.xx.1986-cı il tarixdə digər işə keçməsi və işdən azad edilməsinin əmr və əmək haqlarının yoxlanması mümkün olmamışdır (X8 rayon filialının məktubuna əsasən kitablar saxlanılmamışdır). İddiaçı xx.xx.1986-cı il tarixdə avtonəqliyyat müəssisəsinə sürücü təyin olunmuş, 03 10.1996-cı il tarixdə işdən azad edilmişdir. Mübahisəli sığorta stajı aşağıdakı illərdir: xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixdək əmrdə olduğuna baxmayaraq əmək haqları olmadığı üçün, xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək sovxozda əmrdə olmasına baxmayaraq 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1978-ci ildə 1 ay əmək haqları olmayan müddət, xx.xx.1979-cu il tarixdə sovxoza işə qəbul olunması və xx.xx.1986-cı il tarixdə digər işə keçməsi və işdən azad edilməsinin əmr və əmək haqlarının yoxlanması mümkün olmadığı üçün, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmrdə olduğu illərdə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990-cı ildə 2 ay, 1991ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 9 ay əmək haqları olmayan müddət. İşdə olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 145/2 nömrəli və xx.xx.2022-ci il tarixli, 19/2 nömrəli arayışlarından görünür ki, İddiaçı Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsinin əmr və əməkhaqqı kitablarına əsasən xx.xx.1986-cı il tarixli, 217 nömrəli əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 1996-cı il oktyabr ayının 03-də 140 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1986-1993-cü illərə dair əməkhaqqı cədvəli göstərilmişdir. İşdə olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışlarında qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan SSR 50 illiyi” adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1973-cü ilin iyun ayının 8-də 740 nömrəli əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü ilin oktyabr ayının 30-da 1377 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. İddiaçı “Azərbaycan SSR 50 illiyi” adına sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1976-cı ilin dekabr ayının 21-də 1673 nömrəli əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1979-cu ilin avqust ayının 24-də 1134 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçı “Azərbaycan SSR 50 illiyi” adına sovxozda 1977-1979-cu illərdə müvafiq əmək haqqı almışdır. Astara rayon sabiq 3 saylı nəqliyyat müəssisəsinin əmr və əməkhaqqı kitablarına əsasən 21 avqust 1986-cı il tarixli əmrlə müəssisəyə sürücü qəbul edilmiş, 1996-cı ilin oktyabr ayının 3-də verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1986-1993-cü illərdə müvafiq əməkhaqqı almışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (1 il 4 ay 21 gün) “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək (2 il 25 gün) həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 8 ay 3 gün) “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək (6 il 11 ay 18 gün) Astara rayon X6 idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (10 il 1 ay 12 gün) Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində işləmişdir. İddiaçının hərbi xidməti və xx.xx.2006-cı ilə qədərki stajı cəmi 23 il 2 ay 19 gün təşkil edir. Bundan başqa 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********970400 nömrəli arayışda 2 il 3 ay, yəni 2019-2020-ci illər tam, 2021-ci ilin 1-ci rübü üzrə (3 ay) məcburi dövlət sosial sığortası üzrə hesablamalar və ödənişlər görünsə də, cavabdeh həmin dövrün sosial sığorta stajını 1 il 10 ay qəbul edir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyini və əmək haqqı aldığı 27 ay, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi və əmək haqqı aldığı 50 ay, sosial sığorta haqqı ödədiyi 01 il 11 ay və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən əməkhaqqı cədvəlləri aşkar edilmədiyi dövrlər üzrə meydana çıxmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasına əsasən sözügedən müəssisədə işlədiyi müvafiq illərə dair müəyyən dövrlərlə bağlı əməkhaqqı cədvəllərini təqdim etməməsini əsas gətirərək onun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinin şübhə doğurduğunu qeyd etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrin müvafiq dövrə aid əmr və əməkhaqqı kitablarının qorunub saxlanılmamasına, həmçinin həmin kitabların tam işlənilməməsinə, eləcə də həmin kitabların dövlət arxiv idarələrinə təhvil verilməməsinə görə həmin müəssisələrin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 may 2023-ci il tarixli, 2-1(120)-150/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-317/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-317/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver