Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-318/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdsi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(120)-273/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 14 fevral 2024-cü il tarixli, 2- 1(120)-273/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2021-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Zopun” adına kolxozda fəhlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə kolxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin kolxoz tərəfindən müəyyən dövr üçün kolxoza məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) tam qaydada arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 20 avqust 1956-cı il tarixdə anadan olmuşdur, əmək fəaliyyətinə 17 may 1977-ci il tarixdə M.S.Ordubadi adına sovxozda fəhlə işləməklə başlamışdır və 14 mart 1991-ci il tarixə qədər orada işləmişdir. Bundan başqa 1991-ci ilin yanvar ayından 1997-ci ilin yanvar ayın qədər Cəlilabad rayonu Zopun adına sovxozda fəhlə işləmişdir. İşlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. Bundan başqa 04 may 1975-ci ildən 16 may 1977-c il tarixə qədər hərbi xidmətdə olmuşdur. O, yaşa görə əmək pensiyasına çıxarkən onun sosial sığorta stajı tam hesablanmamışdır. O, bu barədə məlumat aldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondundan ona işlədiyi dövrlərdə əmək haqqı hesablanmaması bəhanə gətirilərək pensiyanın hesablanmasından əsassız olaraq imtina edilnişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 19 il 4 aytəşkil edir ki, bu da qanunla tələb olunan müddətdən (25 il) azdır. Buna görə də onun müraciətininin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “M.S.Ordubadi adına sovxoz”da, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Zopun adına kolxoz”da işlədiyi qeyd olunmuşdur. Lakin Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 07 saylı arxiv arayışına əsasən Cəlilabad rayonu “M.S.Ordubadi” adına kolxozun xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrü üçün iddiaçının adına əmək haqqı hesablanmamışdır. İnzibati icraat zamanı Cəlilabad rayon Dövlət Arxivində yoxlama keçirilmiş, 10 fevral 2022-ci il tarixli akt tərtib olunmuşdur. Akta əsasən “Zopun” kolxozunun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrü üçün şəxsi hesab kitablarında fəhlə və qulluqçuların tələb olunan əmək günləri qeyd olunmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Bundan başqa, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Zopun” adına kolxozda xx.xx.1997-ci il tarixdə işdən çıxma qeydi kiril qrafikalı əlifba ilə yazılmış, məsul şəxsin imzası ilə təsdiq edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, 1991-1997-ci illərdə Cəlilabad rayon “Zopun” adına kolxozda traktorçu işləmişdir, həmin dövrdə iddiaçı da kolxozda sürücü işləmişdir və 1991-ci ildə bir neçe ay istisna olmaqla onlara hər ay əmək haqqı ödənilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. -НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04 may 1975-ci il tarixdən 16 may 1977-ci il tarixdək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçalarının surətindən görünür ki, xx.xx.1971-xx.xx.1997-ci illərdə M.S.Ordubadi adına sovxozda və “Zopun” kolxozunda əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. -şahid qismində dindirilmiş X4 məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Zopun” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 260 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1977-1990-cıillərdə Cəlilabad rayon “M.S.Ordubadi” adına sovxozda işləmiş və əmək haqqı almışdır. Həmin arayışda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.1991-ci il tarixli, 27 nömrəli əmrlə həmin sovxozdan işdən azad edilərək, “Zopun” kolxozuna keçirilmişdir. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 07 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-1996-cı illərdə Cəlilabad rayon “Zopun” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Arayışda əlavə olaraq bildirilmişdir ki, “Zopun” kolxozunun protokol kitabları, 1991-ci ilin şəxsi hesab kitabları arxivə təhvil verilməmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 14 saylı sərəncamına əsasən “Zopun” kolxozunun Aqrar İslahatla əlaqədar olaraq fəaliyyətinə xitam verilərək ləğv edilmişdir. -Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-12-RA/1-223 nömrəli arxiv arayışında bildirilir ki, Cəlilabad rayon X1 ''Cəlilabad rayon Zopun" kolxozunun şəxsi hesab kitablarında 1992-1997-ci illər üzrə minimum adam və əmək günləri barədə məlumat yoxdur. -Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-10RA/2-171-2023 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar rayon ərazisində 1992-1997-ci illərdə fəaliyyət göstərən kolxozlarda kişilər üzrə smen norma 250 gün nəzərdə tutulub. 250 gün normanı dolduran hər bir vətəndaş il ərzində bir il işləmiş hesab olunur. İşlədiyi işə əsasən aldığı əmək haqqları fərqli şəkildə olmuşdur. Hər bir vətəndaş 250-dən artıq normaya görə 1992-ci ilə 5818 manat, 1993-cü ilə 46172 manat, 1994-cü ilə ******* manat, 1995-ci ilə 75911 manat, 1996-cı ilə 163050 manat, 1997-ci ilə 40000 manat arasında əmək haqqı almışdır və həmçinin əlavə il başı hesablanmaqla il ərzində 500 kq buğda ilə də təmin olunmuşdur. -xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktında göstərilmişdir ki, İddiaçı 1992- 1996-cı illərdə “Zopun” kolxozunda işləməsi faktı yerində araşdırılmışdır. Yoxlama Cəlilabad rayon Dövlət Arxivinin 56 saylı 10 noyabr 2022-ci il tarixli arxiv arayışına əsasən aparılmışdır. Arayışda göstərilən illərin əmək haqqının əmək haqqı kitabları ilə üzləşdirilmiş, üzləşmə zamanı əmək haqqında heç bir kənarlaşma aşkar edilməmişdir. “Zopun” kolxozunun 1991-1997-ci illərin əmək haqqı kitabları dövlət arxivinə təhvil verilmədiyi üçün həmin illərin əmək haqqının yoxlamaq mümkün olmamışdır. “Zopun” kolxozunun kitabları arxivə təhvil verilməmişdir. “Zopun” kolxozunda hesablamalar adam günü və əmək günü ilə yox, əmək haqqı formasında aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixdə pensiya hüququ yaranmışdır. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin şahid ifadəsi ilə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi hərbi biletinə və əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrlər üzrə əmək haqqı almasını təsdiq edən sənədin olmaması, “Zopun” adına kolxozun xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üçün şəxsi hesab kitablarında fəhlə və qulluqçuların tələb olunan əmək günlərinin qeyd olunmamasını, həmçinin əmək kitabçasının doldurulma qaydasının pozulmasını (kiril qrafikası ilə yazılması) əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, arxiv sənədlərindən görünüdüyü kimi iddiaçı xx.xx.1991-ci il tarixli əmrlə “M.S.Ordubadi” adına sovxozdan işdən azad edilərək “Zopun” kolxozuna keçirilmişdir. Həmin kolxozun 1991-ci ilə dair əmək haqqı sənədlərinin arxivə təhvil verilməməsi, şəxsi hesab kitablarında əmək günlərinin qeyd edilməməsi, habelə işdən çıxma əmrinin kiril qrafikası ilə yazılması halı isə iddiaçının həmin kolxozda işləməməsi və əmək haqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə kollegiyasının bu qənaəti həm də ondan qaynaqlanır ki, iddiaçı ilə eyni kolxozda əmək fəaliyyəti olmuş şəxslər onun həmin kolxozda işləməsini təsdiq etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(120)-273/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-318/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-318/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver